Fərdi məlumatların “qara bazar”ının xüsusiyyətləri və yaratdığı problemlər müzakirə olundu

29 Noyabr 2019 - 16:51 | Konfranslar, İclaslar

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransının plenar iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov “Fərdi məlumatların “qara bazarı”nın xüsusiyyətləri və yaratdığı problemlər” adlı məruzə ilə çıxış etdi. Fərdi məlumatların əhəmiyyətindən danışan məruzəçi bildirdi ki, fərdi məlumatlardan istifadə ilə bağlı hüquqi məsuliyyət normaları, məhdudiyyətlər olduğu üçün onlardan qeyri-leqal biznes və kriminal məqsədlərlə istifadəyə olan tələbat bu sahənin “qara bazarı”nın formalaşmasına rəvac verir.

Onun sözlərinə görə, müasir informasiya təhlükəsizliyi texnologiyaları və vasitələrinin tətbiqi standart kiberhücumlardan mühafizəni təmin edir: “Ona görə də kibercinayətkarlar daim mövcud mühafizə sistemlərini aşıb keçmək üçün yeni imkan və üsullar axtarırlar. Belə üsullardan biri də “qara bazar” vasitəsi ilə müvafiq məlumatların ələ keçirilməsidir”.

Məruzəçi fərdi məlumatların “qara bazar”ının mahiyyəti, xüsusiyyətləri, “qara bazar”da alqı-satqı obyekti olan məlumat və xidmət növləri, texnologiyalar və onların qiymət siyasəti, həmçinin “qara bazar”da əldə edilən fərdi məlumatların hansı məqsədlər üçün istifadə edilməsi, eyni zamanda, bu cür məlumatların qeyri-qanuni əldə edilməsi və satılmasının şəxsi, korporativ və milli maraqlar baxımından yaratdığı problemlər barədə ətarflı məlumat verdi.

R.Mahmudov fərdi məlumatların “qara bazarı”nın əsas xidmətlərindən danışdı. Qeyd etdi ki, fərdi məlumatların “qara bazar”ında real zaman rejimində mobil abonentin yerinin müəyyənləşdirilməsi, real zaman rejimində mobil abonenti əhatə edən şəxslərin müəyyən edilməsi, abonentin mobil telefonla ünsiyyət qurduğu şəxslərin siyahısı, şəxsin hərəkəti zamanı olduğu coğrafi məkan, zaman və trayektoriya, şəxsə aid mülk, bank hesabları, İnternet xidmətlərindən istifadə zamanı provayderlərin serverlərində toplanan fərdi məlumatlar kimi xidmətlər təklif olunur.

Məruzəçi “qara bazar”da qiymət siyasətindən söz açaraq bildirdi ki, “qara bazar”da fərdi məlumatların qiymətləri insanların sosial statusundan və maliyyə imkanlarından asılı olaraq dəyişir.

“Qara bazar”da fərdi məlumatları müxtəlif fəaliyyət istiqamətləri üçün alırlar. Amma əksər hallarda son məqsəd eynidir – gəlir əldə etmək. Sadəcə olaraq, fərdi məlumatlar vasitəsi ilə qeyri-qanuni gəlir əldə etməyin yolları müxtəlifdir”,– deyə bildirən R.Mahmudov qeyd etdi ki, Big Data analitikasına əhəmiyyət verən şirkətlərin artması, marketinq proseslərinin avtomatlaşdırılması üçün proqram təminatlarının hazırlanması “qara bazar”da fərdi məlumatlara olan tələbatı sürətlə artırmaqdadır.

Onun sözlərinə görə, bəzi hallarda fərdi məlumatlar saxta sənədlər düzəldib satmaq, siyasi mübarizə predmeti, xarici kəşfiyyat orqanları üçün siyasi-ideoloji məqsədlər kimi də istifadə olunur.

O, “qara bazar”ın yaratdığı problemlərdən bəhs etdi, fərdi məlumatların “qara bazar”ının formalaşması və inkişafının dövlət, müəssisə və təşkilatlar, vətəndaşlar üçün bir sıra problemlərə yol açdığını vurğuladı.

Sonda şöbə müdiri fərdi məlumatların “qara bazarı” ilə effektli mübarizə aparmaq üçün müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, kibercinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsinin vacib olduğunu, texnoloji səviyyədə fərdi məlumatların mühafizəsinin gücləndirilməsi ilə bağlı müvafiq dövlət siyasətini həyata keçirən qurumların, eləcə də, vətəndaşlara müxtəlif xidmətlər göstərən müəssisə və təşkilatların üzərinə mühüm vəzifə düşdüyünü bildirdi.

Qeyd etdi ki, vətəndaşlar fərdi məlumatlarının qayğısına qalmalı, onlarla düzgün davranmalı, virtual mühitin xüsusiyyətlərini nəzərə almalıdırlar. R.Mahmudov fərdi məlumatların Big Data ehtiyaclarında səmərəli istifadəsi üçün onların şəxssizləşdirilməsi (adsızlaşdırılması) mexanizmlərinin işlənilib həyata keçirilməsinin zəruri olduğunu da vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.