İnstitutun əməkdaşı IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edib

09 Oktyabr 2014 - 14:00 | Mühüm hadisələr
İnstitutun əməkdaşı IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edib

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov “Hilton” otelində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunun “Qloballaşma şəraitində müasir elmin humanitar problemlərinin işıqlandırılmasında medianın yeri və rolu” adlı panelində “Yeni media və İnternetin tənzimlənməsi problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Yeni medianın meydana gəlməsi və inkişafının informasiya texnologiyaları, xüsusilə İnternetin imkanlarına əsaslandığını bildirən R.Mahmudov bu sahənin jurnalistlər, media menecerləri, redaktorlardan informasiya texnologiyalarına dair biliklər tələb etdiyini söyləyib.

İnternetin inkişafı ilə bağlı əsas problemlərdən birinin onun tənzimlənməsi olduğunu vurğulayan məruzəçi hazırda Yeni medianın tənzimlənməsi ilə bağlı bir sıra problemlərin mövcud olduğunu bildirib. Qeyd edib ki, bu imkanlar söz, özünüifadə azadlıqlarının reallaşdırılması baxımından əhəmiyyətli olsa da, bu sahədə məsuliyyət çərçivəsinin müəyyən edilməməsi bir sıra problemlərə yol açır.

R.Mahmudov medianın qloballaşmasının yurisdikasiyanın tətbiqi, rəqəmsallaşmasının intellektual mülkiyyət hüquqlarının qorunması, diversifikasiyasının isə e-kommersiyanın reallaşdırılması ilə bağlı çətinliklər törətdiyini deyib. İnternet mühitində, həmçinin informasiya təhlükəsizliyi, dövlət sirri, fərdi məlumatlar, eləcə də jurnalistlərin əmək hüquqlarının qorunması kimi problemlərin mövcud olduğunu, onların həlli isitqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.