AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin 14-16 noyabr 2019-cu il tarixində Xarkov Milli Radio-Elektronika Universitetində keçirilən «Global Cyber Security Forum 2019» kibertəhlükəsizlik üzrə I beynəlxalq elmi-praktiki forumda iştirakı barədə hesabatı dinlənilib.
Məruzəni təqdim edən R.Şıxəliyev əvvəlcə forumda müzakirə edilən mövzular haqqında məlumat verib. Forumda kibertəhlükəsizliyin müxtəlif istiqamətləri, o cümlədən informasiya mühafizəsinin hüquqi və təşkilatı məsələləri, komputer şəbəkələrində və sistemlərində informasiya mühafizəsi, kiberterrorizm və kibertəhlükəsizlik, informasiya mühafizəsinin kompleks sistemləri, bulud saxlanclarında təhlükəsizlik, informasiya mühafizəsinin kriptoqrafik vasitələri, informasiya mühafizəsinin texniki vasitələri, informasiyanın təhlükəsizliyinin idarə edilməsi məsələləri, İT-sənaye ilə hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqə problemləri, texnoloji proseslərin avtomatik idarə edilməsi sistemlərinə icazəsiz girişlər və təsirləri diqqət mərkəzində olduğunu vurğuladı.
O, qeyd etdi ki, forumun proqramına əsasən tədbirin ilk günü keçirilən dəyirmi masada hüquq-mühafizə orqanlarının və İT şirkətlərinin nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən müəssisələrin informasiya təhlükəsizliyi şöbələrinin rəhbərləri və aparıcı mütəxəssisləri, texniki universitetlərin sahə üzrə professorları, eləcə də informasiya təhlükəsizliyinin tətbiqi aspektləri ilə maraqlanan şəxslər iştirak edirdi.
R.Şıxəliyev diqqətə çatdırdı ki, o, forumun ikinci günündə elmi-praktiki məsələlərə həsr edilmiş ikinci paneldə AMEA-nın vitse prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin, baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifliyi ilə təqdim olunan “Dərin hibrid modelin tətbiqi ilə kiberfiziki sistemlərdə kiberhücumların aşkarlanması üçün bir yanaşma haqqında” adlı məruzəni forum iştirakçılarının diqqətinə çatdırıb.
Məruzəçi onu da vurğuladı ki, üç gün davam edən beynəlxalq tədbir çərçivəsində dünyanın qabaqcıl elm və təhsil müəssisələrini təmsil edən alimlər arasında müxtəlif ikitərəfli və çoxtərəfli görüşlər keçirilib və müzakirələr aparılıb.
Elmi seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra təkliflərini səsləndirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.