AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi.
Öncə institutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülmüş işləri təqdim etdi.
Daha sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev Bolqarıstan Respublikasının Elmlər Akademiyasına ezamiyyəti, 2020-ci ilin sentyabr ayında Bolqarıstan Respublikasında keçiriləcək informasiya texnologiyaları üzrə “İnfoTech” beynəlxalq konfransı haqqında danışdı. Alim aktual problemlərin aşkar olunması, dərin elmi araşdırmaların aparılması üçün Bolqarıstanla əməkdaşlıq əlaqələrinin yaranmasının zəruriliyini vurğuladı.
23-25 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”nın (AICT 2019) nəticələri barədə məlumat verən alim konfransa institutun texniki dəstək verdiyini xatırlatdı, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevə, eləcə də konfransın təşkilat komitəsinin üzvlərinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, ADA Universitetində keçirilən bölmə iclaslarında institutun əməkdaşları tərəfindən “Yüksək performanslı hesablama və maşın təlimi” “Kommunikasiya, şəbəkə və aparat təminatı” “Kompüter şəbəkələrinin monitorinqinin vizuallaşdırılmasının bir modeli haqqında”, “Şəkillərin vizuallaşdırılması əsasında bulud texnologiyalarında zərərli proqramların aşkarlanması üsulu”, “İnformasiya iqtisadiyyatı inkişafının inklüzivlik səviyyəsinin qiymətləndirilməsi üzrə göstəricilər sisteminin işlənilməsi” mövzularında məruzələr səsləndirilib. Bundan əlavə, konfransda “Elmi tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün təklif olunmuş h-uzantı və A-uzantı indeksləri”, “E-dövlətdə mövzu modelləşdirmə”, “E-dövlətin tətbiqi problemləri: mövcud təcrübələr və yanaşmalar” istiqamətində mövzular da müzakirə edilib, konfransın sonunda isə iştirakçılara sertifikatlar təqdim olunub.
Alim institutda ingilis dilli elmi seminarların təşkil edilməsindən bəhs etdi, bu seminarlarda institutun əməkdaşlarının informasiya cəmiyyəti və informasiya texnologiyalarının aktual problemlərinə həsr olunmuş müxtəlif mövzularda ingilis dilində məruzə ilə çıxış edəcəklərini vurğuladı.
Akademik qeyd etdi ki, institutda fəaliyyət göstərən əməkdaşların, eyni zamanda doktorant və dissertantların ingilis dili biliklərinin artırılması və bu dildə danışıq vərdişlərinin aşılanmasını təmin etmək seminarların əsas məqsədidir.
Sonra institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov 26-29 noyabr 2019-cu il tarixlərində Pereslavl-Zalesskiy şəhərində (Rusiya) keçiriləcək “Milli Superkompüter Forumu”nda institut əməkdaşlarının iştirakı barədə məlumat verdi. Qeyd etdi ki, Rusiya Elmlər Akademiyasının Proqram Sistemləri İnstitutu tərəfindən həyata keçirilən bu forumda institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və 4 saylı şöbənin mühəndis-proqramçısı Səməd Dursunovun həmmüəllifliyi ilə “AzScienceNet məlumat mərkəzinin hesablama imkanları haqqında” məruzə təqdim olunacaq.
İclasda 16 saylı şöbənin baş mütəxəssisi Əfruz Qurbanova çıxış edərək 21 noyabr 2019-cu ildə Belarusiyanın paytaxtı Minsk şəhərində keçiriləcək “İnformasiyalaşdırmanın və elmi-texniki informasiyanın dövlət sisteminin inkişafı” (RINTI-2019) XVIII Beynəlxalq konfransı haqqında danışdı. Qeyd etdi ki, konfrans Belarusiya Milli Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Mərkəzi Elmi Kitabxanası və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə keçiriləcək. “RINTI-2019”da rəqəmsal çevrilmənin elmi, metodiki, informasiya, texnoloji və hüquqi təminatı, elmi və texniki məlumatların avtomatlaşdırılmış sistemləri, innovativ fəaliyyətin informasiya təminatı, kitabxana və informasiya sistemləri texnologiyaları, iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşmasının sosial aspektləri, informasiyalaşdırmada psixoloji aspektlər kimi mövzularda məruzələr dinləniləcək. Ə.Qurbanova vurğuladı ki, konfransda institutu təmsil edən texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın və Əfruz Qurbanovanın həmmüəllifliyi ilə “Milli terminoloji məlumat mühitində qərar dəstəyi sistemi”, Könül Daşdəmirovanın “İnternet sosiologiyasının mövcud vəziyyəti və problemləri”, eləcə də G.Nəbibəyova və Səadət Abdullayevanın həmmüəllifi olduğu “Veb saytların qiymətləndirilməsi” mövzusunda məruzələri təqdim olunacaq.
Çıxışlar ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.