Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin şagirdləri AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış şəraitlə tanış oldular. Görüşdə məktəbin fizika müəllimi Gülnaz Zeynalova, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Mədinə Səidova, Gənc alim və mütəxəssislər şurasının sədri Nərmin Adıgözəlova iştirak edirdilər.
Öncə Rəşid Ələkbərov institut haqqında ətraflı məlumat verdi, görüşün əsas məqsədinin şagirdlərdə elmə marağın artırılması olduğunu bildirdi. İnstitutun qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrildiyini vurğulayan direktor müavini institutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi-nəzəri problemlərinin araşdırıldığını söylədi. R.Ələkbərov qurumun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəz, İnternet xidmətləri mərkəzləri və AzScienceCERT kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırdı və hər bir mərkəz haqqında ətraflı məlumat verdi.
Şagirdlər, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi ilə tanış oldular. R.Ələkbərov mərkəz haqqında ətraflı məlumat verdi, AMEA-nın magistrantlarına ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları, eləcə də digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkili, distant kursların, seminar və konfransların təşkilinin həyata keçirildiyini diqqətə çatdırdı.
Şagirdlər institutun Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə yaxından tanış oldular, onlara bu bölmələrin imkanları, görülən işlər haqqında məlumat verildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.