Azərbaycan Respublikası Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarının bir qrup əməkdaşı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova döş nişanına layiq görülənlər sırasındadır.
Qeyd edək ki, R.Mahmudova 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini bitirib və həmin ildən Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində mühəndis kimi əmək fəaliyyətinə başlayıb. O, 1990-2003-cü illərdə mühəndis, proqramçı mühəndis, aparıcı proqramçı, elmi işçi vəzifələrində çalışıb. Həmin illərdə müxtəlif təyinatlı informasiya sistemlərinin layihələndirilməsi və proqram təminatının yaradılması işləri ilə məşğul olub.
2004-cü ildən institutun Tədris-İnnovasiya Mərkəzində çalışır. Təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində – təhsil mühitində informasiya mədəniyyətinin formalaşdırılması, elektron tədris resurslarının yaradılmasının texnoloji əsaslarının işlənməsi, müəllimlərin İKT hazırlığının artırılması məsələləri ilə məşğul olur.
2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı, 2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.
İnstitutun kollektivi Rəsmiyyə Mahmudovanı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması münasibətilə təbrik edir, ona fəaliyyətində yeni nailiyyətlər arzulayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.