AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Optimal marşrutlama protokollarının seçilməsi və tətbiqi” mövzusuna həsr olunduğunu bildirdi. Məruzəni təqdim edən şöbənin əməkdaşı Tofiq Nəzərov öncə bir şəbəkəni digərinə bağlayan marşrutlayıcı barədə məlumat verdi. Bildirdi ki, təyinat məntəqəsinə ən optimal yolu müəyyən edən və bu yol boyunca növbəti marşrutlayıcıya məlumatları göndərən marşrutlayıcı vasitəsilə şəbəkələr arasında ünsiyyət yaradılır.
Məruzəçi qeyd etdi ki, kompüter şəbəkəsində hər hansı iki qovşaq arasındakı marşrutları seçməyə imkan verən məlumatların yayılmasını müəyyənləşdirən marşrutlama protokolu İnternetdə “trafik idarə olunması” funksiyasını yerinə yetirir.
Onun sözlərinə görə, marşrutlama protokollarının bir çox növü olsa da, daxili şlüz protokollarının 1 və 2-ci növü, eləcə də xarici şlüz protokolları IP şəbəkələrində geniş yayılıb.
T.Nəzərov bildirdi ki, şəbəkə administratoru üçün statik marşrutların konfiqurasiyası və saxlanılması çox zaman tələb etdiyindən dinamik marşrutlama protokollarından istifadə olunur: “Şirkətlərin böyüməsi ilə marşrutlayıcıların sayının çoxalması dinamik marşrutlama protokollarından istifadəni genişləndirir. Dinamik marşrutlama protokolları böyük şəbəkələr arasında ən yaxşı seçimdir”. O, vurğuladı ki, dinamik marşurutlama protokollarının əlavə əmrlər barədə məlumat tələb etməsi, marşrutlama protokolunun müəyyən etdiyi interfeyslər ilə marşrutlama yeniləmələrini göndərməsi onun mənfi cəhəti hesab edilir.
Məruzəçi daha sonra Routing İnformation Protokolu, onun üstün və mənfi cəhətləri barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu protokol kiçik şəbəkələrdə istifadəyə yararlıdır və topologiyanı bütünlüklə yadda saxlamadığına görə marşrutlayıcı daha az resurs istifadə edir.
T.Nəzərov “Cisco” şirkəti tərəfindən yaradılan EIGRP (Enhanced Interior Gateway Routing Protocol), açıq standart protokolu hesab edilən OSPF (Open Short Path First) dinamik marşrutlama protokolları haqqında danışaraq onların üstün və mənfi cəhətlərini diqqətə çatdırdı.
Məruzəçi xarici sərhəd şlüz protokolu BGP (Border Gateway Protocol) barədə məlumat verdi. Bildirdi ki, BGP İnternet üzərindəki avtonom sistemlər arasında geniş məlumat paylaşımı və marşrutlamaya imkan verən bir şəbəkə protokoludur. Onun sözlərinə görə, şəbəkələrin genişlənməsi BGP-nin istifadəsini zəruri edir və hazırda AzScienceNet, Delta Telekom və Geant şəbəkələri arasında BGP əlaqəsindən istifadə olunur.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.