“Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı kitab çap olunub

02 Aprel 2019 - 14:18 | Yeni nəşrlər
“Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı kitab çap olunub

İnformasiya cəmiyyətinin formalaşması, biliklərə əsaslanan iqtisadiyyata keçid, informasiya texnologiyalarının (İT) ictimai həyatın bütün sferalarına nüfuz etməsi tibb sahəsinə də öz təsirini göstərmişdir. Hazırda ölkənin səhiyyə və tibb sahəsində gündəlik fəaliyyəti informasiya-kommunikasiya texnologiyalarına (İKT) söykənir. İKT-nin səhiyyəyə inteqrasiyasının labüdlüyü hər kəs tərəfindən qəbul edilən danılmaz fakta çevrilmişdir.

İKT-nin tibbə tətbiqi bu sahənin inkişafı üçün yeni imkanlar açmış, səhiyyə sistemindəki ənənəvi həkim-pasiyent-tibb müəssisəsi münasibətlərinin transformasiyasını, müalicə-diaqnostika və profilaktika metodlarının dəyişməsini, sağlamlığın monitorinqi proseslərinin təkmilləşdirilməsini şərtləndirmişdir.

İKT-nin səhiyyəyə inteqrasiyası vətəndaşların yüksək keyfiyyətli və təhlükəsiz tibbi xidmətlərlə təmin olunması ilə yanaşı, kadrların səmərəli yerləşdirilməsi, statistik verilənlərin yığılması, qorunması, emalı və ötürülməsi prosedurlarını əhatə edən hesabat-uçot və tibbi tədqiqatların aparılması sahələrini də əhatə etməyə başlamışdır.

Səhiyyənin informasiyalaşdırılması sahəsində tərəqqi tibbi biliklərin ictimai sərvətə çevrilməsinə səbəb olmuşdur. Tibbi xidmətlərə artan tələbin təmin olunması probleminin konstruktiv həlli səhiyyədə İT-nin tətbiqindən qaynaqlanır. Məhz bu texnologiyalar səhiyyə sisteminin yaxşılaşdırılmasına və bu sahədəki problemlərin həllinə zəmin yaradır.

Respublikamızda da səhiyyənin informasiyalaşdırılması üzrə işlər həyata keçirilir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında səhiyyədə islahatların aparılması, qanunvericilik bazasının və tibbi idarəetmənin təkmilləşdirilməsi, ölkənin elmi-tibbi potensialının innovativ fəaliyyətinin gücləndirilməsi ölkə səhiyyəsinin əsas inkişaf istiqamətləri kimi müəyyənləşdirilmişdir. İnkişaf konsepsiyasında əhalinin sağlamlığının monitorinqi üzrə müxtəlif tibbi elektron reyestrlər, vətəndaşların elektron sağlamlıq kartı (ESK) sistemi və vahid səhiyyə informasiya sisteminin yaradılması da bəyan edilmişdir.

İKT səhiyyə sisteminə təsir edən digər ictimai tendensiyanı yaratmışdır. Vacib informasiya mənbəyi və məlumatların sürətli, etibarlı və təhlükəsiz ötürülməsi proseslərində baza infrastruktur kimi İnternet tibdə yeni reallıqların yaranmasına səbəb olmuş, nəticədə lazımi zamanda və lazımi məkanda insanın səhhəti haqqında elektron formada mühafizə olunan informasiyanın çatdırılmasını təmin edən kompleks vasitələri təqdim edən elektron-tibb (e-tibb) formalaşmışdır.

Elektron formada tibbi məlumatların yığılması, emalı, istifadə edilməsi, ötürülməsi və saxlanması üzrə iş prinsipi pasiyentlərin şəxsi məlumatları ilə işləməyə, eləcə də, digər tibb müəssisələri ilə bu cür məlumatların mübadiləsini aparmağa imkan verən vahid məlumat resurslarının yaranması ideyasına əsaslanır. E-tibbə keçid tibbi məlumatların lokal və qlobal mühitdə ötürülməsi üçün şəbəkələrin qurulmasını və onun əsasında vahid informasiya fəzasının formalaşmasını nəzərdə tutur. E-tibbin infrastrukturunu həm həkim qərarlarının, həm də idarəetmə qərarlarının qəbul olunmasını dəstəkləyən vasitələr təşkil edir.

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əsas istiqamətlərindən biri də məhz e-tibbin formalaşdırılmasıdır. Bu məqsədə çatmaq üçün bütün tibbi personalın, tibb müəssisələrinin etibarlı, təhlükəsiz genişzolaqlı İnternetə qoşulmasını təmin edən Milli Səhiyyə şəbəkəsinin yaradılması və inkişaf etdirilməsi, ESK sisteminin inkişaf etdirilməsi və bütün yaş qruplarının ESK ilə təmin olunması, tibbi informasiya sistemlərinin tətbiqinin genişləndirilməsi və elektron sağlamlıq sistemi ilə inteqrasiyası, ümumi istifadə üçün elektron tibbi resursların yaradılması, teletibbin inkişaf etdirilməsi, tibb işçilərinin İKT biliklərinin artırılması kimi məsələlərin həlli nəzərdə tutulub.

Bu çağırışlardan irəli gələrək 2014-cü ildən bəri AMEA İnformasiya Texnologiyaları İnstitutunda e-tibbin formalaşdırılması problemlərinin analizi, onların həlli istiqamətləri üzrə tədqiqatlara başlanılmışdır.

Bu yaxınlarda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın müəllifliyi ilə “Elektron-tibb: formalaşması və elmi-nəzəri problemləri” adlı monoqrafiya çap olunmuşdur.

“İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən çap olunan kitab e-tibbin mahiyyəti, imkanları, formalaşması, teletibbin inkişafı problemlərinin analizinə həsr edilmişdir. Monoqrafiyada e-tibbin elmi-nəzəri problemləri ətraflı şərh edilmiş, həkim qərarlarının qəbul olunması üçün tibbi ekspert sistemlərinin işlənilməsi, fərdi tibbi məlumatların informasiya təhlükəsizliyi və tibdə Big Data problemlərinə baxılmışdır. Əşyaların İnterneti və sosial medianın e-tibdə yaratdığı imkanlar, onların fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyasında rolu, tibbi sferada kadr təminatı ilə bağlı tendensiyalar və e-tibbin insan resurslarının formalaşması məsələləri nəzərdən keçirilmişdir.

Monoqrafiyanın elmi məsləhətçisi, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev, elmi redaktorları akademik Telman Əliyev və AMEA-nın müxbir üzvü Nuru Bayramovdur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyanın rəyçiləri institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevadır.

Monoqrafiya informasiya texnologiyaları, tibbi informatika, e-tibb sahələri üzrə mütəxəssislər, tədqiqatçılar, elmi işçilər, müəllimlər və tələbələrin də aid olduğu geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Kitabın elektron variantını buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.