Elmin inkişafı Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlətin sosial-iqtisadi qüdrəti, ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizliyi, cəmiyyətin mədəni-mənəvi tərəqqisi və xalqın rifahı elmin inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Eyni zamanda, ölkəmizin davamlı inkişafı, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasını zərurətə çevirir. Elm sahəsində dövlət siyasətinin əsas prioritetlərindən biri də elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi və ölkənin elm və innovasiya potensialının gücləndirilməsidir.
“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər ölkəmizdə elminin inkişafına böyük təkan vermişdir.
“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əsas hədəflərindən biri də yüksək texnologiyalar üzrə elmi-texniki potensialın yüksəldilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması, o cümlədən kosmik, bio, nano texnologiyalar, kibertəhlükəsizlik, elektronika və yüksək texnologiyaların digər istiqamətləri üzrə elmi tədqiqatların genişləndirilməsi, yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi və ixtisaslı kadrların hazırlanmasıdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının və AMEA Rəyasət Heyətinin qərarlarına əsasən, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına “İnformatika” fənninin tədrisi və doktorluq imtahanının qəbulu mərkəzləşmiş qaydada AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilir.
Mərkəzdə kurslarda iştirak edərək imtahan verən bütün doktorant və dissertantların anket məlumatları – soyadı, adı və atasının adı, iş yeri, vəzifəsi, doğum tarixi, cinsi, doktorantı və ya dissertantı olduğu elmi müəssisənin adı, ixtisası, dissertasiya mövzusu, elmi rəhbəri və s. institutun Tədris-İnnovasiya Mərkəzinin korporativ informasiya sistemində toplanılır.
Elmi kadr hazırlığının səmərəliliyinin yüksəldilməsi bir sıra mühüm amillərlə yanaşı, bu sahədə mövcud vəziyyətin analiz edilməsini, müxtəlif elmi monitorinqlərin aparılmasını tələb edir.
Bu zərurəti nəzərə alaraq, müvafiq dövlət siyasətinə dəstək məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə 2003-2018-ci illər ərzində Tədris-İnnovasiya Mərkəzində toplanmış məlumatları emal edərək və müəyyən statistik göstəricilər üzrə sistemləşdirərək məcmuə şəklində elmi ictimaiyyətə çatdırılması tövsiyə olunmuşdur.
Həmin qərara uyğun olaraq, Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlar haqqında toplanmış məlumatlar müxtəlif parametrlər üzrə (yaş, cins, elmi istiqamətlər, elmi müəssisələr, vətəndaşlıq və s.) analiz olunmuşdur. Bunun əsasında “Tədqiqatçıların informatika üzrə hazırlığı. Statistik icmal” adlı kitab nəşr olunmuşdur. Kitabda müvafiq analizin nəticələri vizuallaşdırılaraq cədvəl və qrafiklər şəklidə təqdim olunmuşdur.
Nəşrin müəllifləri AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova və mərkəzin baş mütəxəssisi Kəmalə Qurbanovadır.
“İnformasiya texnologiyaları” nəşriyyatı tərəfindən nəşr olunan statistik icmal 2003-2018-ci illər ərzində institutda “İnformatika” fənnindən imtahan vermiş respublika üzrə elm və təhsil müəssisələrinin doktorant və dissertantları haqqında zəruri məlumatların toplandığı verilənlər bazasının analitik emalı əsasında tərtib edilmişdir.
Qeyd edək ki, məcmuədə təqdim edilmiş məlumatlar elmin təşkili və idarə olunması sahəsində səmərəli qərarların qəbul edilməsi, eləcə də, respublikada elmi kadr hazırlığının vəziyyətini təhlili və qiymətləndirilməsi üçün istifadə edilə bilər.
Kitabın elektron variantını buradan əldə etmək olar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.