AMEA İnformasiya Texnologiyaları İnstitutunun Qadınlar Şurasının (QŞ) təşkilatçılığı ilə 25 noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi.
İclası institutun QŞ-in sədri, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova açaraq BMT Baş Assambleyasının 1999-cu ildə qəbul etdiyi qərarla 25 noyabr tarixinin dünyada Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü kimiqeyd olunduğunu söylədi. Bildirdi ki, hər il beynəlxalq cəmiyyətin diqqətini bu problemə cəlb etmək üçün hökumətlər, təşkilatlar və QHT-lər tərəfindən genişmiqyaslı tədbirlər keçirilir, layihələr icra edilir və bu il AMEA-da da 25 noyabr–10 dekabr tarixlərində bu günlə bağlı silsilə tədbirlərin keçirilməsinə qərar verilmişdir.
Şura sədri ölkə rəhbərliyi tərəfindən cəmiyyətdə qadınların rolunun yüksəldilməsinə xüsusi önəm verildiyini, gender bərabərliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirdiyini, müasir cəmiyyətdə qadınlara qarşı zorakılığın qəbul olunmaz hal olduğunu bildirdi.
Z.Cəbrayılova institutda çalışan qadınların müasir dövrün çağırışlarına cavab verən prioritet elmi istiqamətlərdə tədqiqatlar apardıqlarını və institutun qarşısında duran vəzifələrin həyata keçirilməsində fəal iştirak etdiklərini bildirdi.
İnstitutun qadın əməkdaşlarının fəaliyyətinin stimullaşdırılması və onlara dəstək göstərilməsinin şuranın əsas hədəflərindən olduğunu vurğulayan Z.Cəbrayılova QŞ-nin yaradıldığı gündən 6 ay ərzində görülmüş işləri diqqətə çatdırdı.
Sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov çıxış edərək müasir dövrdə cəmiyyətdə gender zorakılığı hallarının qarşısının alınmasına nail olunması, kişi və qadınların hüquq bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərdən danışdı.
İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova AMEA-da qadınların elmi fəaliyyəti üçün yaradılan imkanlar haqqında danışdı. Professor öz elmi fəaliyyətində qazandığı təcrübələri tədbir iştirakçıları ilə bölüşdü, 40 ildən çox akademiyada fəaliyyət göstərdiyini deyən M.Məmmədova elmi fəaliyyətinin 31 ilinin İnformasiya Texnologiyaları İnstitutu ilə bağlı olduğunu və bu mühitdə elmi fəaliyyət üçün yaradılan imkanları önə çəkərək bundan gənc tədqiqatçıların yararlanmasını tövsiyə etdi.
Gənc alimlərin elmi-fəaliyyətinin dəstəklənməsi məsələləri ilə bağlı çıxış edən institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva dünyada qadınların elmi tədqiqatçı və ixtiraçı kimi yetişdirilməsi üçün onlara böyük dəstək göstərildiyini, müxtəlif qurumlar tərəfindən qadınlardan ibarət universitetlərin yaradıldığını bildirdi. Məruzəçi İnformasiya Texnologiyaları İnstitutunun rəhbərliyi tərəfindən qadın əməkdaşların əməyinin yüksək qiymətləndirildiyini, institutun AR Prezidenti yanında Elmin İnkişafı Fondu və AR Dövlət Neft Şirkətinin Elm Fondunun təqdim etdiyi müsabiqələrin qalibi olmuş qrant layihələrində qadınların da yaxından iştirak etdiyini və onların işlərinin səmərəli təşkilinə zəmin yaradıldığını bildirdi.
Sonra institutun Gənc alim və Mütəxəssislər Şurasının katibi, doktorant Səbinə Kərimova “Gənclərin elmi-fəaliyyəti və elmi-təşkilatı fəaliyyətinin dəstəklənməsi” mövzusunda çıxış etdi. O, qurumda gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması üçün hər cür şəraitin yaradıldığını bildirdi.
Tədbirdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu tədbirin müasir dövrdə dünya ölkələrində böyük aktuallıq kəsb edən mövzunun müzakirəsinə həsr olunduğunu vurğuladı. Savadsızlığın qadın hüquqlarının tapdalanmasına, qadın zorakılığına səbəb olan başlıca amillərdən olduğunu bildirdi, inkişaf etmiş Avropa ölkələrində belə, qadınlara qarşı ayrıseçkilik faktlarına rast gəlindiyini bildirdi. O, institutumuzda qadınlar üçün yaradılan imkanlar barədə ətraflı məlumat verdi.
Müzakirələrdə iştirak edən 9 saylı şöbənin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, 16 saylı şöbənin baş mütəxəssisi Əfruz Qurbanova və AMEA QŞ-nin sədr müavini, AMEA Dilçilik İnstitutunun şöbə müdiri Sevil Zülfüqarova çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladılar və institutun QŞ-ın fəaliyyətinə uğurlar arzu etdilər.
Sonda şuranın gələcək fəaliyyət istiqamətləri ilə bağlı suallar cavablandırıldı, təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.