Mədən neftinin PVT xassələrinin proqnozlaşdırılmasına dair mövcud yanaşmalar təhlil olunub

21 Noyabr 2018 - 16:00 | Mühüm hadisələr
Mədən neftinin PVT xassələrinin proqnozlaşdırılmasına dair mövcud yanaşmalar təhlil olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 1 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və institutun böyük elmi işçisi Aybəniz Əliyevanın  həmmüəllifi olduqları məqalə “Review of Information Engineering and Applications (RIEA)” jurnalında nəşr olunmuşdur.

“Mədən neftinin PVT xassələrinin proqnozlaşdırılmasına dair mövcud yanaşmalar” (“Current approaches in prediction of PVT properties of reservoir oils”) adlı məqalədə dünyanın müxtəlif regionlarının xam neftlərinin PVT xassələrinin proqnozlaşdırılması sahəsində geniş yayılmış empirik korrelyasiyalar, onların tətbiq xüsusiyyətləri, dəqiqliyi və məhsuldarlığı təhlil edilmişdir.  Xam neftin tərkibinin, fiziki-kimyəvi xüsusiyyətlərinin fərqliliyi səbəbindən bu korrelyasiyaların universal tətbiq oluna bilməməsi və ya lazımi dəqiqliyə malik olmaması yeni metodların işlənməsini zəruri etmişdir. Məqalədə bu problemlərin aradan qaldırılması istiqamətində son illər geniş tətbiq olunan yeni korrelyasiyalar, maşın təlimi metodları və hibrid modellər tədqiq olunmuşdur. 

Məqalə SOCAR-ın Elm Fondunun maliyyələşdirdiyi “DeepOil-ML: intellektual neft mədənləri üçün Deep Learning əsasında yeni texnologiyaların işlənməsi” qrant layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanmışdır. 

Qeyd edək ki, RIEA jurnalı “CrossRef”, “Google Scholar”, “Microsof Academic Search”, “Ulrichs Web Global Serials Directory”, “CNKI Scholar”,  “Scilit”, “RePEc”  və s. kimi elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.