İnstitutun əməkdaşları Romada keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

06 Noyabr 2018 - 16:20 | Mühüm hadisələr

30-31 oktyabr 2018-ci il tarixlərində Roma şəhərində Şərq tərəfdaşlığı (EaPConnect) və İtaliya Elm və təhsil şəbəkəsi konsorsiumunun (Consortium GARR – the Italian Research & Education Network) birgə təşkilatçılığı ilə “EaPConnect e-Health Workshop 2018 – Milli tədqiqatlar və təhsil şəbəkəsi çərçivəsində biotibbi əməkdaşlıq: nailiyyətlər və ən yaxşı təcrübələr” mövzusunda seminar keçirilmişdir. Tədbir müvafiq istiqamətdə mövcud işlərin müzakirəsi və qabaqcıl təcrübənin öyrənilməsinə həsr edilmişdir.

İtaliya Milli Səhiyyə İnstitutunda (İstituto Superiore di Sanita) təşkil edilmiş seminarda altı Şərq Tərəfdaşlığı ölkəsinin (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) milli elm və təhsil şəbəkələrinin rəhbərləri və mütəxəssisləri, müvafiq istiqamətlər üzrə alimlər və tədqiqatçılar iştirak etmişlər. Tədbirdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və baş elmi işçisi tex.f.d., dosent Zərifə Cəbrayılova iştirak etmişlər.

Avropanın Milli Tədqiqatlar və Təhsil Şəbəkəsi (National Research and Education Network, NREN) biotibb üzrə tədqiqat aparan cəmiyyətlərin dəstəklənməsini həyata keçirir. Seminarda bu sahədə ən qabaqcıl təşkilatların tematik tədqiqatları və qabaqcıl təcrübəsi, müxtəlif maliyyə və təşkilat modelləri təqdim edilmiş, ən yaxşı nəticələr nümayiş etdirilmişdir.

Tədbir Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində təşkil olunmuşdur. EaPConnect-in məqsədi Avropa İttifaqının altı Şərq Tərəfdaşlığı ölkəsində elm və təhsil üçün İnternet üzərindən genişzolaqlı şəbəkənin yaradılması və istismarı, bu ölkələrdə yaradılmış şəbəkələrin ümümavropa GEANT şəbəkəsinə inteqrasiya olunması, alim, tələbə və mütəxəssislərin əməkdaşlıq əlaqələrinin yaradılması və birgə fəaliyyətinin təşkilidir.

Seminarın ilk günündə GARR-ın prezidenti Federiko Rugieri və İtaliya Milli Səhiyyə İnstitutunun prezidenti professor Qualtiero Rikkiardi iştirakçıları salamlayaraq tədbirin məqsədi və proqramı haqqında məlumat vermiş, seminarın işinə uğurlar arzulamışlar. Sonra İtaliya Səhiyyə Nazirliyinin “Səhiyyə və İnnovativ Tədqiqatlar” departamentinin baş direktoru professor G.Quqlielmi “GARR şəbəkəsi ilə IRCCS/IZS cəmiyyətlərinin yüksəksürətli qarşılıqlı əlaqəsi: strategiya, nəticələr və perspektivlər. Nailiyyətlərin tarixi” mövzusunda çıxış edərək İtaliya Səhiyyə Nazirliyində aparılan biotibbi tədqiqatlar, elektron tibbin formalaşması üzrə əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat vermişdir.

Seminarda tibbi cəmiyyətlərin dəstəklənməsində NREN-in formalaşması  və arxitektur prinsipləri, teletibb, fərdyönümlü tibb, aktiv və sağlam qocalma, tibbi teleidarəetmə ilə bağlı əldə olunan təcrübələr, Polşa, Danimarka və İsraildə biotibbi fəaliyyətlə məşğul olan cəmiyyətlərin təcrübəsi, bu ölkələrdə yaradılan NREN-lərin təşkilat və maliyyə modelləri müzakirə olunmuş, bu seqmentdə toplanmış təcrübə və nailiyyətlər təqdim olunmuş, perspektivlər göstərilmişdir.

İkinci gündə müxtəlif istifadəçilərin tələbatlarının ödənilməsinə yönəlmiş praktiki işlər və xidmətlər ilə bağlı məruzələr edilmiş, istifadə olunan elektron biotibbi tətbiq nümunələri nümayiş etdirilmişdir.

Tədbirdə aparılan müzakirələrdə çıxış edən institut əməkdaşları təqdim edilən mövzuların böyük maraq kəsb etdiyini, burada əldə etdikləri məlumatların ölkəmizdə elektron tibbin formalaşması istiqamətində aparılan tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından faydalı olacağını bildirmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.