Elektron dövlət mühitində Azərbaycan dilinin qorunması problemləri araşdırılıb

24 Sentyabr 2018 - 13:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elektron dövlət mühitində Azərbaycan dilinin qorunması problemlərinə həsr olunmuş növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev bu gün ölkəmizdə xalqımızın mənəvi sərvəti və dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biri olan Azərbaycan dilinin istifadəsi və tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəminin yaradıldığını söylədi.

Akademik ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəldilməsinə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət göstərildiyini vurğuladı. Alim bu məqsədlə AR Prezidenti İlham Əliyev tərəfindən 17 iyul 2018-ci il tarixində imzalanmış “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamdan bəhs etdi.  Qeyd etdi ki, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Alim Azərbaycan dilinin qorunmasının çoxsaylı istiqamətləri üzrə institutda aparılan tədqiqatlardan danışdı. Qurumda terminoloji informatika və terminoqrafiya fəaliyyəti, jest dilinin informatikası, onomastik informatika, transliterasiya problemləri, dil sənayesi, mətnlərin analizi və s. üzrə nəzəri və praktiki tədqiqatların aparıldığını söylədi.

Sonra “Elektron dövlət mühitində Azərbaycan dilinin qorunması problemləri” adlı məruzəni təqdim edən institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərli milli dillər üçün qlobal təhdidlərdən söz açdı. Bildirdi ki, milli informasiya məkanı ətrafındakı sərhədlərin ortadan götürülməsi, qlobal iqtisadiyyatın, əmək bazarının dominant dil formalaşdırması, milli və qlobal media resursları, elmi-texnoloji məlumat bazaları arasındakı fərq, təbii dil proseslərinin innovativ inkişafın sürəti ilə uzlaşa bilməməsi, rəqəmsal uçurumdan qorunmaq ehtiyacı və s. amillər milli dillər üçün təhdidlərin meydana çıxmasına səbəb olur. Məruzəçinin sözlərinə görə, dilin texnoloji sistemini yaratmadan və onun innovativ həll yollarını təklif etmədən Azərbaycan dilinin qorunması çətindir.

Y.Cəfərli e-dövlətdə dil müxtəlifliyinin qorunması yolları barədə məlumat verərək qeyd etdi ki, bu məqsədlə çoxdilliliyə əsaslanan kommunikasiya vasitələrindən geniş istifadə, xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması və çoxdilliliyin dəstəklənməsi, elektron xidmətlərin sosial müxtəlifliklərdən asılı olmayaraq bütün vətəndaşlar üçün əlçatanlığının təmin olunması zəruridir.

Məruzəçi sosial şəbəkələrdə dil normalarının qorunması üçün həlli vacib məsələləri də diqqətə çatdırdı. Onun sözlərinə görə, bu problemlərin həllinə şagirdlərə ana dilində mükəmməl yazı vərdişlərini öyrədən xüsusi fənnin tədrisi, elektron kommunikasiya qaydalarının təhsil müəssisələrində ayrıca fənn kimi tədrisi, Azərbaycan dilinin distant tədrisi layihələrinin həyata keçirilməsi, elektron redaktə və korrektə proqramlarının işlənib hazırlanması, mövcud proqramların daha da təkmilləşdirilməsi, bədii ədəbiyyat mütaliəsinin təbliği layihələrinin həyata keçirilməsi ilə nail olmaq mümkündür.

Y.Cəfərli, həmçinin Azərbaycan dilinin dialektoloji bazasının yaradılması məsələsindən danışdı. Onun sözlərinə görə, dialektoloji atlasların yaradılmasında İKT-dən istifadə olunmalı, dialekt materialları linqvistik xəritə üzərində virtuallaşdırılmalı, dialektoloji bazalardan açıq və ödənişsiz istifadə təmin olunmalı, istifadəçilər tərəfindən bazalara yeni dialekt sözləri əlavə edilməli, sözlərə izahların verilməsi imkanları yaradılmalıdır.

Sonda məruzəçi qloballaşma şəraitində Azərbaycan dilinin inkişafının təmin olunması üçün “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqi, vulqarizmlər bazası, adlar və soyadlar sistemi, transliterasiya, Milli Terminoloji İnformasiya Sistemi, marka adlarının analizi sisteminin yaradılmasının əhəmiyyətindən söz açdı.

Məruzə ətrafında gedən müzakirələrdə iştirak edən institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova öz fikir və mülahizələrini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.