AMEA İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə təqdim edilmiş “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunmuş növbəti elmi seminar keçirildi.
Dissertasiya işini təqdim edən institutun böyük elmi işçisi Rəhilə Həsənova işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Tədqiqat işinin giriş, 4 fəsil, nəticə, 223 adda ədəbiyyat siyahısı və bir əlavədən ibarət olduğunu bildirdi.
Məruzəçi elmi informasiyanın sürətlə artdığı bir dövrdə tədqiqatçının elmi əsərlərinin qiymətləndirilməsi, onların müxtəlif mükafatlarla təltif edilməsinin vacib məsələlərdən olduğunu bildirərək hər 10-15 ildən bir tədqiqatçıların və elmi məqalələrin sayının ikiqat artdığını, 1967-ci ildən etibarən elmin vəziyyətinin qiymətləndirilməsi üçün statistik göstəricilərlə yanaşı, bibliometrik göstəricilərdən də istifadə olunmağa başlandığını söylədi. Qeyd etdi ki, bibliometriyada mövcud qanunlar vasitəsilə verilmiş elm sahəsinə aid elmi jurnalların əsas hissəsinin təyin edilməsi (Bredford qanunu), istənilən elm sahəsində məqalələrin yayılma qanunauyğunluğunun öyrənilməsi (Lotka qanunu), axtarış sistemlərinin alqoritmlərinin hazırlanması, saytın axtarışının optimallaşdırılması (Zipf qanunu) və s. mümkündür. O, həmçinin müasir dövrdə konkret elm sahəsinin müxtəlif regionlarda inkişafını qiymətləndirmək, elmi cəmiyyətlərin (ali təhsil müəssisələrinin) reytinqini təyin etmək üçün elmmetrik göstəricilərdən istifadə olunduğunu diqqətə çatdırdı.
Bildirdi ki, işin məqsədi tədqiqatçının elmi fəaliyyətinin və elmi əsərlərin qiymətləndirilməsi üçün mövcud sistemlərin analizi, yeni metod və alqoritmlərin işlənilməsidir.
R.Həsənova dissertasiya işində əldə olunan nəticələri təqdim etdi. Məruzəçinin sözlərinə görə, işdə elmmetriya, o cümlədən bibliometriya və vebometriyanın müasir vəziyyəti öyrənilmiş və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilmiş, tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslər işlənilmiş, dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlər təklif edilmiş, elmi jurnalların qiymətləndirilməsi üçün yeni indekslər və elmi məqalələrin qiymətləndirilməsi üçün yeni metod işlənilmişdir.
Sonra R.Həsənova dissertasiya işinə dair çoxsaylı sualları cavablandırdı. Müzakirələrdə iştirak edən akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov dissertasiya işinə dair sual və təkliflərini səsləndirdilər.
Daha sonra elmi rəhbər AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru Ramiz Alıquliyev çıxış edərək mövzunun aktual məsələlərə həsr olunduğunu bildirdi. Elmi rəhbər tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi ilə əlaqədar tədqiqatın elm sahəsi üçün yenilik olduğunu, təklif olunan yanaşmaların praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Müasir dövrdə ölkəmizdə milli antiplagiat sisteminin yaradılması və tətbiqinin vacibliyini qeyd edən alim tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi zamanı bu sistemlərin tətbiqinin və indikatorların müəyyən olunmasının zəruriliyini vurğuladı.
Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılovanın rəyləri səsləndirildi. Bildirildi ki, dissertasiya işində əsaslı tədqiqatlar aparılmış, qarşıya qoyulmuş məsələlər həll olunmuşdur. Rəyçilər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Sonda dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi qərara alındı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.