EaPConnect layihəsinin rəhbəri: “Azərbaycanın Avropa layihələrinə qoşulması üçün geniş imkanlar yaradılıb”

01 İyul 2018 - 10:29 | Mühüm hadisələr

Bu yaxınlarda AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantıda iştirak edən EaPConnect layihəsinin rəhbəri Maria Minarikova və Estoniya Musiqi Akademiyasının şöbə müdiri Paolo Girol www.ict.az saytına müsahibə veriblər.

M.Minarikova institutda yaradılmış innovativ şəraiti, xüsusilə də AzScienceNet şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib. Qonaq bildirib ki, Azərbaycanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün böyük imkanlar yaradılıb. O, birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını deyib, ölkəmizi GEANT-ın layihələrində daha yaxından iştirak etməyə və təşkilatın fəaliyyətinin bir hissəsi olmağa səsləyib: “Biz birgə həyata keçiriləcək gələcək layihələri dəstəkləyirik. Azərbaycan yeni əməkdaşlıqlar qurmaqda və yeni layihələrə qoşulmağa davam etməlidir. Bunun üçün təhsil və elm ictimaiyyətinin qoşulmasının zəruri olduğu yeni kontent və ən müasir texnologiyalar tətbiq olacaq”.

M.Minarikova qeyd edib ki, Azərbaycan GEANT təşkilatının təqdim etdiyi yeni layihələrə qoşulmaq üçün daha çox təşəbbüs göstərməlidir. O, ölkəmizin alim və mütəxəssislərini bu yaxınlarda GEANT tərəfindən təşkil olunan kibertəhlükəsizlik üzrə seminarda iştiraka dəvət edib. Bildirib ki, hazırda Azərbaycan bu kimi tədbirlərdə təmsil olunsa da, gələcəkdə daha çox əməkdaşın yeni layihələrə cəlb edilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, bu kimi tədbirlər biliklərin paylanması və təcrübə mübadiləsinin aparılması baxımından böyük imkanlar açır.

Estoniya Musiqi Akademiyasının şöbə müdiri Paolo Girol ölkəmizdə olmaqdan məmnunluğunu bildirib. Səfər çərçivəsində Bakı Musiqi Akademiyası ilə tanış olmaq imkanı əldə etdiyini vurğulayan qonaq uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan yaradan LOLA (LOw LAtency audio visual streaming system) audiovizual sisteminin bu akademiyada tətbiqinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib. Hazırda dünya üzrə 120-dən çox institutun LOLA texnologiyasından istifadə etdiyini diqqətə çatdıran qonaq Bakı Musiqi Akademiyasının qeyd olunan texnologiya vasitəsilə bu institutlarla əlaqə yaratmaqla birgə musiqi dərsləri, mühazirələr və konsertlər həyata keçirə biləcəyini söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.