AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 9 və 5 saylı şöbələrlə birgə “Yaşıl innovativ iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsaslarının işlənilməsi”mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Əvvəlcə seminar mövzusunun şöbənin illik fəaliyyət planına daxil olduğunu bildirən şöbə müdiri iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev mövzu barədə ümumi məlumat verdi. Şöbə müdirləri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və Səyyar Abdullayev mövzunun əhəmiyyətini və birgə müzakirələrin aparılmasının zəruriliyini qeyd etdilər.
Məruzəni təqdim edən Ə.Əliyev yaşıl iqtisadiyyatın formalaşması sahəsində vəziyyətin təhlili, yaşıl iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin qiymətləndirilməsi, yaşıl iqtisadiyyatda müasir informasiya texnologiyalarının tətbiqi, informasiya iqtisadiyyatının yaşıllaşdırılmasında İKT problemləri və s. haqqında ətraflı məlumat verdi.
Ə.Əliyev yaşıl iqtisadiyyatın formalaşması sahəsində BMT-nin Ətraf Mühit Proqramı, yaşıl iqtisadiyyat təşəbbüsləri üzrə prinsiplər, yaşıl iqtisadiyyata keçid siyasəti və şərtləri ilə bağlı tövsiyələr, BMT-nin iqlim dəyişikliyi haqqında konvensiyasının mövcud olduğunu və yaşıl iqtisadiyyatın inkişafı üçün ekoloji islahatların həyata keçirildiyini diqqətə çatdırdı.
Yaşıl iqtisadiyyatda müasir informasiya texnologiyalarının geniş tətbiq olunduğunu söyləyən məruzəçi İKT-nin tətbiqi ilə yaşıl iqtisadiyyatın səmərəli formalaşma və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, böyük həcmli informasiya resurslarının emalı, Big Data texnologiyalarından istifadənin və s. mümkün olduğunu söylədi.
Şöbə müdiri innovativ informasiya iqtisadiyyatının yaşıllaşdırılması istiqamətlərinə e-tullantılar probleminin müasir həll metodlarının işlənməsi, antiradioaktiv texnologiyaların yaradılması, İKT sahəsinin innovativ əsaslarla inkişaf etdirilməsi, informasiya ekologiyası və mədəniyyətinin formalaşması üzrə texnologiyaların işlənməsi və s. aid edildiyini vurğuladı.
“Hazırda dünya İKT sənayesi özünün yaşıl texnologiyalar əsasında yenilənməsinə və istehsalına böyük önəm verir”, – deyə bildirən məruzəçi qeyd etdi ki, bu sahədə müvafiq elmi-tədqiqatlar aparılılır, layihələr icra olunur, yaşıl texnologiyalar işlənilir.
Alim, həmçinin bildirdi ki, yaşıl iqtisadiyyatın informasiyalaşdırılmasına keçidlə bağlı ətraf mühitin çirklənməsindən yaranan zərərlərin iqtisadi-sosial qiymətləndirilməsi, atmosferə atılan zərərli tullantıların qiymətləndirilməsi, regional su hövzələrinə axıdılan çirkab tullantıların qiymətləndirilməsi, ayrı-ayrı region və istehsal sahələrinin ətraf mühitə vurduğu ziyanların qiymətləndirilməsi modellərinin, eləcə də yaşıl iqtisadiyyatın formalaşdırılması faktorlarının ekonometrik modelləri, bilik və İKT əsaslı yaşıl iqtisadiyyata keçilməsinin makro-iqtisadi modelinin işlənilməsi zəruri məsələlərdəndir.
Çıxışın sonunda Ə.Əliyev mövcud problemlərdən danışaraq qeyd etdi ki, uzunmüddətli iqtisadi inkişafın və ekoloji tarazlığın təmin edilməsində İKT-nin, informasiya cəmiyyətinin (İC) qarşısında yaşıl iqtisadiyyat texnologiyalarının işlənilməsi və tətbiqi və s. problemlər durur. Bununla yanaşı, iqtisadiyyatın diversifikasiyalaşması vasitəsilə qeyri-neft sektorunun inkişafına nail olunmalı, yüksək texnologiyalar və İKT-ni geniş tətbiq etməklə İC iqtisadiyyatının özünün də yaşıllaşdırılması həyata keçirilməlidir. Ona görə ki, informasiya iqtisadiyyatıın əsas inkişaf mənbələrindən biri də yaşıl iqtisadi smart texnologiyaların işlənilməsidir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.