“Uşaqların zərərli informasiyadan qorunması üzrə qanun layihəsi” mövzusunda seminar keçirildi

25 Aprel 2018 - 16:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva “Uşaqların zərərli informasiyadan qorunması” üzrə qanun layihəsinin müzakirəsinə həsr olunmuş məruzəsini təqdim etdi. Öncə məruzəçi işin aktuallığından söz açaraq bildirdi ki, İnternetin sürətli inkişafı və bütün sahələrə tətbiqi onun istifadəçilərinin sayının artmasına, informasiya bolluğunun yaranmasına səbəb olmuşdur.

S.Ocaqverdiyeva işin məqsədi barədə məlumat verərək bildirdi ki, uşaqları İnternetin zərərlərindən qorumaq üçün maarifləndirici, təşkilati və proqram-texniki tədbirlərin həyata keçirilməsi ilə yanaşı, uşaq psixologiyasına, sağlamlığına təsir edən ziyanlı kontentin qaşısının alınmasının qanunla tənzimlənməsi də mühüm məsələdir.

Məruzəçi uşaqların qarşılaşdığı təhlükələrdən söz açdı, onların İnternetdə aldadıldıqlarını, zorakılığa məruz qaldıqlarını və sosial-psixoloji təhdidlərlə üzləşdiklərini qeyd etdi. Bildirdi ki, uşaqların təhlükələrlə qarşılaşdığı virtual məkanlara sosial şəbəkələr, forum, oyun otaqları və s. aiddir.

O, İnternetdə uşaqların qarşılaşdığı təhlükələrin bir neçə qrupa bölündüyünü dedi. Buraya məzmun, elektron təhlükəsizlik, ünsiyyət və davranışla bağlı risklərin daxil olduğunu qeyd etdi. Bildirdi ki, məzmun ilə bağlı risklər İnternetdə yayımlanan və uşaqlar üçün qeyri-qanuni məzmun hesab edilən  məlumatların istifadəsidir. Elektron təhlükəsizliklə bağlı risklərə fərdi məlumatların açıqlanması, aşağı səviyyədə müdafiə (virus hücumuna məruz qalma riski) olunan fərdi kompüterdən şəbəkəyə çıxış, onlayn fırıldaqçılıq və spam, ünsiyyətlə bağlı risklərə İnternetdə uşaqların kibercinayətkarların qurbanına çevrilməsi və s. aiddir.

S.Ocaqverdiyeva kiberöküzlükdən (cyberbullying) söz açaraq onun e-mail, ani yazışma, çat otaqları, sosial şəbəkələr, veb-saytlar, eləcə də mobil telefonlar vasitəsilə həyata keçirilən və insana  psixoloji zərər vuran virtual terror olduğunu diqqətə çatdırdı. Həmçinin kiberzorakılığın komponentlərini qeyd edərək buraya təcavüzkar və mənfi davranış, iştirakçılar arasında müxtəlif qüvvələrə  malik münasibətlərin olması və s. aid olduğunu vurğuladı.

O, İnternet asılılığın yaratdığı problemlərdən danışdı. Qeyd etdi ki, uşaqların və yeniyetmələrin hər şeyi öyrənmək istəyi onların internetdə saatlarla vaxt keçirməsinə səbəb olur. Bu uşaqlarda real ünsiyyətdən daha çox virtual münasibətə üstünlük verməsi, cəmiyyətdən uzaqlaşması, sağlamlığı ilə bağlı problemlərin yaranması və s. ilə nəticələnir. Həmçinin bildirdi ki, İnternetdən asılılıq bəzi ölkələrdə psixoloji xəstəlik kimi qəbul olunub.

Məruzəçi İnternetdə uşaq və yeniyetmələrin təhlükəsizliyinin təmin edilməsi üçün profilaktika işləri, valideynlərlə iş, texniki nəzarətin olmasının zəruriliyini diqqətə çatdırdı. Həmçinin ölkə və təşkilatların təcrübəsi, “Təhlükəsiz İnternet proqramı” haqqında məlumat verdi.

Sonra S.Ocaqverdiyeva Almaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Çin Xalq Respublikası, Qazaxıstan, Rusiya və digər ölkələrdə uşaqların və yeniyetmələrin təhlükəsizliyinin qorunması məqsədilə qəbul edilmiş qanunlar haqqında geniş məlumat verdi. Bildirdi ki, Avropa Şurasının qərarına əsasən Avropa Birliyinə üzv olan dövlətlər öz ərazilərində yerləşdirilən hər hansı bir uşaq pornoqrafiyasını aradan qaldırmağa, eləcə də belə məzmunun yerləşdirildiyi digər dövlətlərlə beynəlxalq səviyyədə əməkdaşlıq etməyə borcludurlar.

O, həmçinin bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında İC-nin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq olunmuşdur. Sərəncama əsasən, “Uşaqların qanunazidd və təhlükəli kontentdən qorunması üçün “təhlükəsiz İnternet” mexanizminin işlənilməsi və tətbiqi” bəndi işlənmişdir. “Uşaqların zərərli informasiyadan qorunması” qanun layihəsinə əsasən uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarının yaş təsnifatı, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyən edilmişdir. 

Məruzəçi Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri, müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan məlumatlar, informasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı qiymətləndirmələr haqqında məlumat verdi.

S.Ocaqverdiyeva uşaqların İnternetdə qarşılaşdığı zərərli informasiyaların aradan qaldırılması yaxud azaldılmasına nail olmaq üçün bir sıra təkliflər səsləndirdi. Qeyd etdi ki, istifadəçilərin təhlükəsizliyi dövlət qurumları, İnternet xidmətlərinin əməkdaşları, şəbəkə administratorları, moderatorlar tərəfindən nəzarət olunmalıdır. O, həmçinin Azərbaycan dilli uşaqlar üçün domen zonasının əldə olunması, təhlükəsiz İnternet mərkəzinin və İNSAFE təşkilatı ilə əməkdaşlığın yaradılması, KİV vasitəsi ilə İnternetdəki təhlükələrin gənc nəslin nümayəndələrinə psixoloji zərərləri ilə bağlı təbliğatın aparılması və s. kimi işlərin görülməsinin zəruriliyini diqqətə çatdırdı.

“Kibercinayətkarların cəzalandırılmasının qanunla tənzimlənməsi uşaq və yeniyetmələri İnternet təhlükələrindən müəyyən qədər uzaqlaşdırır”, – deyə bildirən məruzəçi qanunda yer alan ifadə və terminlərin dəqiqləşdirilməsinin, aydın şəkildə təqdim olunmasının vacibliyini önə çəkdi.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev mövzu ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim uşaqların zərərli informasiyadan qorunması sahəsində elmi-nəzəri problemlərin araşdırılması və bu sahədə dünya təcrübəsinin öyrənilməsinin vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.