AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev öncə Azərbaycan Respublikası Prezidentinin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq hər il martın 27-sinin “Elm günü” kimi qeyd edilməsinə dair Sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, 1945-ci il 27 mart tarixində Azərbaycan tarixində əlamətdar bir hadisə baş vermiş, Azərbaycan Milli Elmlər Akademiyası təsis olunmuşdur. Alimin sözlərinə görə, “Elm günü”nün təsis edilməsi ölkə rəhbərliyinin Azərbaycan elmi və onun intellektual dəyərlərini milli sərvət kimi qəbul etdiyinin göstəricisidir.
Sonra akademik gündəlikdə duran məsələlər haqqında məlumat verərək tədbirin 16 saylı şöbənin 2018-ci il üzrə fəaliyyət planının müzakirəsinə həsr olunduğunu bildirdi.
16 saylı şöbənin fəaliyyət planını təqdim edən şöbə müdiri Gülnarə Nəbibəyova cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri barədə məlumat verdi. O, e-dövlətin formalaşması problemləri üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodların işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsinin, o cümlədən e-demoqrafiya mühitində araşdırılmaların aparılmasının və e-dövlət mühitində Azərbaycan dilinin tətbiqi və inkişafına dair bəzi xidmətlərin yaradılması konsepsiyasının işlənilməsinin nəzərdə tutulduğunu söylədi.
Terminoloji informatikanın formalaşması üzrə aparılacaq tədqiqatlardan danışan G.Nəbibəyova bu məqsədlə Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işləniləcəyini vurğuladı. Şöbə müdiri veb-texnologiyaları problemləri üzrə elektron dövlət mühitində veb-resursların göstəricilərinin qiymətləndirilməsi və intellektual analizinin aparılacağını, veb-spamlarla mübarizə texnologiyalarının və veb-analitika problemlərinin araşdırılacağını qeyd etdi. Bildirdi ki, qeyri-müəyyənlik şəraitində veb-saytların multikriterial qiymətləndirilməsi və Azərbaycan dilinin qrafikasının ingilis dilinin qrafikası ilə transliterasiyası istiqamətlərində tədqiqatların aparılması da cari ildə görüləcək işlər sırasındadır.
G.Nəbibəyova şöbənin elmi-innovasiya fəaliyyəti çərçivəsində müxtəlif qurumların, eləcə də AMEA-nın institut və təşkilatlarının veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində işlərin görüləcəyini nəzərə çatdırdı. AMEA-nın rəsmi www.science.gov.az portalının, institutun www.ikt.az saytının və AzScienceNet elm kompüter şəbəkəsinin Data Mərkəzində yerləşdirilən veb-saytların texnoloji baxımdan mütəmadi olaraq dəstəkləndiyini qeyd etdi. Həmçinin www.transliterasiya.az saytı üzrə fəaliyyət planının hazırlanması və saytın dizaynı və proqram təminatının işlənməsinin nəzərdə tutulduğunu vurğuladı.
G.Nəbibəyova, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, beynəlxalq və respublika səviyyəli elmi-texniki konfranslarda iştirakı, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verdi.
Sonra fəaliyyət planına dair müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.
Sonda akademik Rasim Əliquliyev şöbənin fəaliyyət planı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinin vacibliyini qeyd etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.