16 mart 2018-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan şuranın sədri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev iclasın institutun sektor müdiri İradə Ələkbərovanın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Viki-mühitdə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev iddiaçı İ.Ələkbərovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra İ.Ələkbərova dissertasiya işinin məqsədi, mahiyyəti və əsas müddəalarını şərh edərək, mövzunun müasir dövrdə böyük aktuallıq kəsb etdiyini diqqətə çatdırdı. Vikipediya kimi nəhəng virtual layihədə real vəziyyətin qiymətləndirilməsi, nəzarəti və vəziyyətilə əlaqədar müvafiq qərarların qəbul edilməsi məqsədilə informasiya müharibəsi texnologiyalarının analizi üçün metod və alqoritmlərin işlənməsinə həsr olunmuş işin elmi yeniliyi, qoyulan məsələlərin həllində verilən yanaşmaların yüksək elmi və praktiki əhəmiyyəti haqqında ətraflı məlumat verdi.
Məruzəçi bildirdi ki, dünyada baş verən hadisələr haqqında məlumatlar ilk olaraq Vikipediyada əks olunur və adətən onlar həqiqəti əks etdirmir. Bu halda Vikipediyanın imkanlarından öz məqsədləri üçün istifadə edərək, informasiya müharibəsi texnologiyalarını tətbiq etməklə dövlətlərin informasiya məkanına real təhlükə yaradan gizli qüvvələrin analizinə ehtiyac vardır.
İ.Ələkbərova təklif olunan metod və alqoritmlər haqqında məlumat verdi. Viki-mühitdə konfliktli viki-səhifələrin, informasiya müharibəsi texnologiyalarını reallaşdıran gizli sosial şəbəkələrin müəyyən olunması, həmçinin, informasiya müharibəsində multimedia resurslarından səmərəli istifadə üçün nəzərdə tutulan metod və alqoritmlərin əhəmiyyəti və tətbiq sahələrindən danışdı.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Daha sonra elmi rəhbər, AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək uzun müddətdir AMEA İnformasiya Texnologiyaları İnstitutunda viki-tədqiqatların aparıldığını bildirdi, bu tədqiqatların aparılmasının ölkə miqyasında böyük əhəmiyyətə malik məsələlərdən olduğunu vurğuladı.
Alim mövzunun aktuallığını önə çəkərək dünyanın ən dolğun və nəhəng virtual ensiklopediyası olan Vikipediyanın dünya ictimaiyyətinə informasiya təsirində mühüm alətə çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, müasir dövrdə viki-mühitdə informasiya müharibəsi texnologiyaları ilə əlaqədar problemlərin analizi, vikimetriyanın əsas elmi-nəzəri problemlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.
R.Əliquliyev AMEA rəhbərliyinin Vikipediyanın Azərbaycan seqmentində mövcud problemlərin həlli istiqamətində aparılan tədqiqatlara xüsusi önəm verdiyini söylədi: “Təsadüfi deyil ki, AMEA rəhbərliyi tərəfindən Vikipediya ensiklopediyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərin təsbit olunması, qorunması və inkişafında alimlərin vəzifələri haqqında qərar qəbul edilmiş, həmin vəzifələrin icrası üçün akademiyanın bütün elmi müəssisə və təşkilatlarında Viki-qrupların və İnformasiya Texnologiyaları İnstitutunda Viki Mərkəzin yaradılmasına dair göstəriş verilmişdir”.
Alim bu məqsədlə institutda İ.Ələkbərovanın rəhbərliyi ilə viki-qrupların treninqi, vikimetrik araşdırmaların aparılması, viki-mühitdə Azərbaycanla bağlı kontentlərin monitorinqinin aparılmasına xidmət edən Viki Mərkəzin yaradıldığını diqqətə çatdırdı.
Akademik İ.Ələkbərovanın dissertasiya işinin Vikipediyanın problemlərinin araşdırılması baxımından böyük əhəmiyyət kəsb edən tədqiqat işlərindən olduğunu bildirdi, aparılan araşdırmaların fundamental xarakter daşıdığını önə çəkdi.
Dosent Ramiz Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.
Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru, professor Nadir Ağayev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər, təklif və iradlarını səsləndirdilər.
Müzakirələrdə çıxış edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını, iddiaçının müdafiə etdiyi mövzu üzrə geniş praktiki biliyə malik olduğunu bildirdilər, gələcəkdə bu istiqamətdə araşdırmaların daha da dərinləşdirilməsini, əhəmiyyətli elmi nəticələrin əldə edilməsini tövsiyə etdilər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və İ.Ələkbərovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.