İnstitutda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi

01 Mart 2018 - 14:00 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun Ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev 1 mart tarixinin 1972-ci ildən etibarən Beynəlxalq Mülkü Müdafiə təşkilatının qərarı ilə bütün ölkələrdə Ümumdünya Mülkü Müdafiə günü kimi qeyd edildiyini bildirdi. Azərbaycanın bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildən üzv olduğunu söyləyən Ş.Mehdiyev Mülkü Müdafiə (MM) orqanları qarşısında duran əsas vəzifənin əhalinin mühafizəsini təşkil etmək, onların fövqəladə hallardan mühafizə sahəsində hazırlığını təmin etməkdən ibarət olduğunu nəzərə çatdırdı.

Direktor müavini bu məqsədlə qurumda bütün lazımı tədbirlərin görüldüyünü, institut əməkdaşlarına təxliyyə planlarının təqdim olunduğunu, bütün mərtəbələrdə odsöndürən balonların yerləşdirildiyini, yeni təmirdən çıxmış MM anbarında əleyhiqaz və səs gücləndiricilərinin mövcud olduğunu qeyd etdi. Ş.Mehdiyev, həmçinin institutun yanğından mühafizə sistemləri ilə təchiz edildiyini diqqətə çatdırdı.

Sonra institutun Mülki Müdafiə qərargahının rəisi Xalıq Həsənov çıxış edərək MM-in əsas məqsədinin fövqəladə hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlər planının hazırlanması, maariflənmə yolu ilə bir çox fövqəladə hallarda, istehsalat qəzaları və digər hadisələrin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi olduğunu vurğuladı.

O, həmçinin təbii fəlakətlər, istehsalat qəzaları və fövqəladə hallar zamanı davranış qaydalarını əyani olaraq nümayiş etdirdi.

Sonda bir sıra təklif və tövsiyələr səsləndirildi, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.