Proqram mühəndisliyi: problemlər, perspektivlər, baxışlar, konsepsiyalar

09 İyun 2014 - 16:30 | Müsahibələr, çıxışlar
Proqram mühəndisliyi: problemlər, perspektivlər, baxışlar, konsepsiyalar

Proqram mühəndisliyinin meydana gəlməsi və inkişaf mərhələləri

Müasir dövrdə informasiya cəmiyyətinin inkişafı informasiya-kommunikasiya texnologiyalarına olan tələbatı daha da artırıb, proqramla idarə edilən sistemlər bütün sahələrdə tətbiq edilməyə başlanılıb. 

Proqram komplekslərinin yaradılma texnologiyaları proqram məhsullarının həyat dövründə tətbiq edilən müasir avtomatlaşdırılmış metodlara və texniki vasitələrə əsaslanır. Belə vasitələrin baha olması proqram məhsullarının qiymətinin də artmasına səbəb olur. 

Proqram komplekslərinin tətbiq sahələrinin mürəkkəbliyinin və miqyasının artması bu sahədə metodların dəyişilməsinə gətirib çıxardı. Kiçik proqramların fərdi proqram- laşdırılmasından imtina edildi. Layihələndirmənin müasir metodlarından istifadə etməklə böyük proqram komplekslərinin kollektiv şəkildə hazırlanması texnologiyasına keçildi. Əldə edilmiş biliklər, həddən artıq mürəkkəb proqramların işlənilmə təcrübəsi və s. proqramların yaradılma texnologiya və metodlarının sistemləşdirilməsinə və ümumiləşdirilməsinə gətirib çıxardı. Nəticədə proqram təminatının həyat dövrünün işini təmin edən müasir metodlara əsaslanan proqram mühəndisliyi (PM) yarandı. Proqram mühəndisliyi sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir. 

Mürəkkəb proqram sistemlərinin geniş tətbiqi onların dəqiq təşkil edilməsi, planlaşdırılması, layihələrin konkret müddətinin təyin edilməsi və iqtisadi effektivliyinin təhlil edilməsi tələbatını yaratdı. Bu məsələlərin həlli üçün proqram mühəndisliyinin proqram vasitələrinin həyat dövrünün iqtisadi tərəflərini öyrənən yeni sahəsi yarandı. 

Proqramların tətbiq sahələrinin genişlənməsi və onların yerinə yetirdiyi funksiyaların artması proqram məhsullarının keyfiyyət xarakteristikalarının dəqiq reqlamentləşdirilməsi və proqrama olan tələblərin sənədləşdirilməsi tələbatını yaratdı. Proqram məhsullarının tələb olunan keyfiyyətini, etibarlılığını və təhlükəsizliyini təmin etmək üçün metod və avtomatlaşdırılmış vasitələr tətbiq edilməyə başladı. Proqram məhsullarının keyfiyyətinə olan tələblərin artması mütəxəssislərin təhsilinin, ixtisaslarının artırılması, kollektivdə işləmə qabiliyyətinin olması vacib şərtlərdən biri oldu. Bu da öz növbəsində yüksək korporativ mədəniyyətə malik olan mütəxəssis kollektivlərinin yaranması ilə nəticələndi. 

Azərbaycanda kibernetika elmi və proqramlaşdırma 60-cı illərdən başlayaraq formalaşmağa başlamışdır (müqayisə üçün qeyd edək ki, dünyada proqram məhsullarının eksportu üzrə lider ölkə hesab olunan Hindistanda bu sahə 1985-ci ildən başlayaraq inkişaf etmişdir). SSRİ dövründə digər respublikalarda olduğu kimi Azərbaycanda da kompüter elmləri inkişaf edirdi. Proqramlaşdırma məsələləri üzrə minlərlə mütəxəssis çalışırdı. Bu mütəxəssislər tətbiqi riyaziyyat və kibernetika elmi sahəsində kifayət qədər yüksək biliklərə malik idilər. Sovet hakimiyyəti dövründə dövlət sistemində proqramçı vəzifəsi bir peşə kimi mövcud olsa da, proqram mühəndisliyi təfəkkürü hələ formalaşmamışdı. SSRİ dağıldıqdan sonra mütəxəssislərin əksəriyyəti işsiz qaldı. O zaman çox az sayda proqramçı kollektivləri mövcud idi. Dünyada proqramlaşdırma sahəsində 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində bir “trend”, bir sıçrayış oldu. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan məlum səbəblərdən həmin “trend”i qaçırdığından hazırda bu sahə üzrə aparıcı ölkələrlə rəqabət aparmaq imkanına malik deyil. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra respublikada aparılan uğurlu xarici və daxili siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində iqtisadi və sosial-siyasi sahələrdə dinamik inkişafa nail olunmuşdur. Respublikanın beynəlxalq nüfuzu, müdafiə qüdrəti, iqtisadi potensialının artması və əhalinin rifahının yüksəlməsi Azərbaycan dövlətinin qloballaşan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır. 

Müasir mərhələdə Azərbaycanın davamlı və dayanıqlı inkişaf siyasətinin prioritet istiqamətlərindən olan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial-iqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Məlumdur ki, Azərbaycanda iqtisadiyyatın inkişafının əsasında hələ də neft sektoru dayanıb. İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkə prezidentinin İKT sektorunu enerji sektorundan sonra ikinci prioritet sahə elan etməsi heç də təsadüfi deyil. Bu səbəbdən də ölkədə neft sənayesinə alternativ sahə kimi İKT sektorunun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan) qəbul edildi. “Elektron Azərbaycan” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə edirdi. 2013-cü il ölkəmizdə Azərbaycan Prezidentinin sərəncamı ilə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. 2013-cü ildə həm də yeni texnologiyaların inkişafını və onların həyatımızın müxtəlif sahələrində tətbiqini nəzərə alaraq, kadr potensialını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Azərbaycanda İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə qərar qəbul etmişdir. 

Qlobal informasiya cəmiyyətində bilik əmtəəyə çevrilir, nəticə etibarilə biliklər iqtisadiyyatı formalaşır. Savadlı, yüksək motivasiya və peşəkar biliklərə malik olan insanlarsız biliklərə əsaslanan iqtisadiyyatı qurmaq çox çətindir. Ölkəmizdə informasiya texnologiyaları sahəsində tədris və elmi potensial kifayət qədərdir. Yüksək texnologiyalar sahəsində Azərbaycanın da öz məhsullarını ixrac etməsi arzu ediləndir. Neftdən gələn gəliri insan resurslarının inkişafına yönəltməklə Azərbaycan İKT sahəsində inkişaf etmiş ölkələr sırasında layiqli yer tuta bilər. İKT məhsulları dedikdə “hardware” (aparat təminatı), “software” (proqram təminatı) və nisbətən yeni anlayış olan “brainware” (intellektual təminat) məhsulları nəzərdə tutulur. Sistem “software” və “hardware” məhsullarına məşhur və nəhəng şirkətlər nəzarət etdiyindən dövlətimiz ancaq “software”, “brainware” məhsullarını inkişaf etdirərək rəqabətli bazarda mənfəət əldə edə bilər. Qeyd edək ki, Azərbaycanın yüksək texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi üçün bütün əsaslar var. Beynəlxalq Ticarət Mərkəzinin hazırladığı məruzədə (BMT və Beynəlxalq ticarət təşkilatı ilə birgə) Azərbaycanın İKT üzrə Transxəzər kibernetika bazarında lider olması üçün potensialının olduğu qeyd edilmişdir. Kadr potensialı, informasiya texnologiyaları (İT) bazarının perspektivliliyi və uğurlu coğrafi mövqeyi sayəsində Azərbaycan, demək olar ki, bütün regional layihələrin mərkəzində ola bilər. 

Bütün bu faktorları nəzərə alaraq deyə bilərik ki, İKT-nin sürətli inkişafı ilə əlaqədar olaraq yaxın zamanlarda Azərbaycanda “elektron iqtisadiyyat”ın formalaşmasından danışmaq olacaq və proqram mühəndisliyi iqtisadiyyatda xüsusi əhəmiyyət kəsb edəcək. Proqram mühəndisliyi yalnız proqram təminatının yaradılması ilə məşğul olmur. İstənilən bir proqram təminatının yaradılması üçün sifarişçi tərəfindən proqrama qoyulan tələblərin təhlil edilib sənədləşdirilməsi, layihələndirilməsi, proqram kodunun işlənilməsi, sınaq və attestasiya, istismar və müşayiət etmə mərhələlərinin texniki tərəfləri ilə yanaşı, onun iqtisadi aspektlərini də əhatə edir. Proqramların ancaq müəyyən bir hissəsi vaxtında və büdcə vəsaitlərinə uyğun olaraq yerinə yetirilir. Digərlərində büdcədən kənara çıxmalar, vaxtın uzadılması kimi problemlər yaranır. Bəzi proqramlar isə büdcənin vaxtından əvvəl xərclənməsi nəticəsində və ya keyfiyyətsiz olduqlarına görə sona çatdırıla bilmir. Ona görə də proqram təminatının maya dəyərinin düzgün qiymətləndirilməsi, yaradılacaq sistemin keyfiyyətli işinin təmin olunması, proqramı işləyəcək kollektivin düzgün seçilməsi üçün proqram mühəndisi menecment sahəsi üzrə də yaxşı mütəxəssis olmalıdır. İnformasiya təhlükəsizliyi proqram mühəndislərinin üzərinə xüsusi vəzifələr qoyur. Bunlardan ən önəmlisi milli maraqlara xidmət edən informasiya sistemlərində yalnız yerli proqramçılarımız tərəfindən işlənilmiş, sınaqdan keçirilmiş proqram məhsullarının istehsal olunmasıdır. 

Proqram mühəndisliyi üzrə dünya liderləri sırasında olmaq üçün Azərbaycanın qarşısında duran bir sıra əsas problemləri qeyd edək: 

1. Azərbaycanda proqram məhsullarının inkişafına yönəlmiş dövlət proqramının olmaması; 

2. Bu sahə üzrə ingilis dilində sərbəst danışa bilən mütəxəssislərin az olması; 
3. Beynəlxalq sertifikatlar almış müəssisələrin sayının az olması (Azərbaycanda CMM sertifikatı alan müəssisə yoxdur, müqayisə üçün deyək ki, Hindistanda 300-dən çox CMM sertifikatı alan müəssisə var, bunlardan 27-si 5-ci səviyyəli CMM sertifikata malikdir); 
4. Proqramçılar tərəfindən tanınan istehsalın keyfiyyətinin idarə edilməsi sistemlərinin və layihə menecmenti üzrə dünya standartlarına 
uyğun hazırlanmış mütəxəssislərin olmaması; 
5. Ölkədə bu sahədə standartların olmaması. 
Azərbaycanda irimiqyaslı proqram layihələrinin olmaması proqram mühəndisliyinin bir sənaye kimi formalaşmasına imkan vermir. Proqramçı əməyinin ucuz qiymətlə dəyərləndirilməsi, təhsilin keyfiyyətinin aşağı olması, müvafiq İT-mütəxəssislərin hazırlanması üçün tədris ixtisaslarının olmaması nəticəsində kadr axını ilə üzləşməli oluruq. 

Bu gün ən vacib məsələlərdən biri proqram mühəndisliyinin inkişafı üçün məhsuldar mühitin yaradılması, İT mütəxəssislərinin bu sahəyə olan marağının artırılması, İnternet-forumlar, elektron göndərişlər, dövri nəşrlər, sərgi və seminarlar vasitəsilə proqram mühəndisliyi üzrə təcrübə, informasiya və bilik mübadilələrinin aparılmasıdır. Proqram mühəndisliyi üzrə Azərbaycan dilində kitabların və digər nəşrlərin hazırlanması da vacibdir. 

Dünya standartlarına əsaslanaraq, dövlət səviyyəsində proqram mühəndisliyi sahəsində müasir standartların qəbul edilməsi, müvafiq təhsil və elmi ixtisasların təsdiq edilməsi, İT-mütəxəssislərin ixtisaslarının artırılması üçün xarici ölkələrə göndərilməsi vacibdir. 

İnformasiya cəmiyyətinin əsas məqsədi proqram mühəndisliyi üzrə ixtisaslaşmış xarici təşkilatlarla əlaqələrin yaradılması, müasir beynəlxalq sertifikatlaşdırma sistemlərinin yaradılmasında iştirak etmək, Azərbaycanın “software” (proqramlaşdırma sahəsi üzrə) şirkətlərinin “ISO” və “CMM” standartlarına uyğun olaraq sertifikatlaşdırılmasına yardım etməkdən və s. ibarət olmalıdır. Bu məsələlərin müzakirə edilməsi və həlli yollarının araşdırılması məqsədilə İT-mütəxəssislərin, proqramçıların və s. iştirakı ilə “dəyirmi masa”ların keçirilməsi də faydalı olar. Elmi-texniki biliklərin istənilən sahəsi kimi proqram mühəndisliyinin də əsas məqsədi dünya üzrə və ya bir ölkə daxilində iqtisadiyyatın tələblərinə cavab verən proqram məhsulunun istehsalıdır. 

Proqramların işlənməsi və müşayiət edilməsi insanların fəaliyyətində müəyyən bir istiqamət kimi 1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində ilk hesablama maşınlarının yaranması ilə başlamışdır. Elektron Hesablama Maşınlarının (EHM) təkamülü və proqramlaşdırmada birinci mərhələ kimi 1950-ci illər qəbul edilir. Bu illərdə EHM-lərin sayı çox deyildi və onların iqtisadiyyata elə də böyük təsiri yox idi. Tətbiqi məsələləri həll etmək üçün proqramın işlənilməsi yaradıcı proses olub, proqramçıdan EHM-in texniki imkanları və arxitekturasını yaxşı bilməyi tələb edirdi. 

Proqramın yerinə yetirilməsi həddən artıq zəhmət tələb edən proses olub çox vaxt aparırdı. Proqramçı EHM-də işləmək üçün ona verilən real vaxt müddətində səhvləri aşkar edərək aradan qaldırmalı idi. Bu mərhələdə proqramların daha effektiv proqramlaşdırma dillərinə, proqramın yerinə yetirilməsini asanlaşdıran və nəticə etibarilə onlardan səmərəli istifadə edilmə müddətini uzadan vasitələrin yaradılmasına tələbat yaranmışdır. 

1958-ci ildə Priston Universitetinin riyaziyyatçısı Con Tyuki (John W. Tukey) “American Mathematical Monthly” jurnalında dərc etdirdiyi məqaləsində Proqram təminatı (software) anlayışından ilk dəfə istifadə etmişdir. 

1960-cı illərdə ikinci nəsil EHM-lərin yaranmasını proqramlaşdırmada ikinci mərhələ kimi qəbul etmək olar. Bu dövrdə dünyada mövcud olan on minlərlə EHM iqtisadiyyatın ayrı-ayrı sahələrində tətbiq edilməyə başlamışdır. Bu maşınların proqram təminatı da yaxşılaşırdı. Alqoritmik dillərin translyatorları yaradıldı, proqramın icra edilmə vasitələri inkişaf etdirildi. Proqramçılar artıq maşın zalına buraxılmırdı, proqramın müstəqil işləməsinin ilk əlamətləri yaranmağa başladı. Lakin proqramlaşdırma yenə də mürəkkəb bir proses olaraq, proqramçıdan aparat imkanlarını yaxşı bilməyi tələb edirdi. 

60-cı illərin sonu, 70-ci illərin əvvəlində tarixə proqramlaşdırmada birinci böhran kimi düşən hadisə baş verdi. Bu böhran ondan ibarət idi ki, proqram təminatının qiyməti sürətlə avadanlığın qiymətinə yaxınlaşırdı. Bu artımın dinamikası 90-cı illərin ortalarında bütün insanların kompüter üçün proqram təminatı yaratmaqla məşğul olacağını proqnozlaşdırmağa əsas verirdi. Proqramların qiymətinin azaldılması və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə yeni proqram texnologiyasının, yəni proqram mühəndisliyinin yaradılması mütəxəssisləri düşündürməyə başladı. 

1970-ci illər üçüncü nəsil EHM-lərdə əvvəllər proqram vasitəsilə icra edilən bir çox funksiyalar avadanlığa verildi. Bu, onların daha geniş tətbiqinə yol açdı. EHM-lərdən müxtəlif məsələlərin həlli üçün kütləvi şəkildə istifadə edilməsi proqram təminatının işlənilməsində elmi və mühəndis-texniki kollektivlərin yaranmasına səbəb oldu. 

1980-ci illərdə dördüncü nəsil EHM-lərin element bazası müxtəlif EHM-ləri şəbəkələrlə birləşdirmək imkanı yaratdı. Dördüncü nəsil EHM-lərin proqram təminatı üçün yüksəksəviyyəli dillərin, həmçinin predmetyönümlü proqramlaşdırma dillərinin tətbiq edilməsi xarakterikdir. Ümumilikdə bu dövrün proqram vasitələri xeyli mürəkkəbləşirdi. Hesablama komplekslərindən uzaq məsafədən idarəetmə rejimində istifadə edilməsi həm qərəzli, həm də qərəzsiz dağıdıcı təsirlərin ehtimalını artırırdı. Belə komplekslərin proqram təminatının yaradılmasına çəkilən xərclər avadanlığın qiymətindən baha başa gəlirdi. Proqram məhsullarına tələblər daha da sərtləşdi və bununla əlaqədar onların standartlaşdırılması sahəsində də işlər davam etdirildi. ABŞ-da bu fəaliyyətə Elektrotexnika və Elektronika üzrə Mühəndislər İnstitutu - IEEE və Proqram Mühəndisliyi İnstitutu - SEI rəhbərlik edirdi. 

Müxtəlif platformalarla işləyən, geniş ərazilərdə paylanmış çoxprosessorlu hesablama komplekslərinin tətbiqinə keçid onlar üçün effektiv proqram təminatının yaradılmasını daha da çətinləşdirdi. Onsuz da mürəkkəb olan paralel proqramlaşdırma texnologiyası proqramçılar qarşısında bir sıra yeni məsələlər qoydu. 

2000-ci illərdə daha effektiv, yüksək məhsuldarlığa malik, qarışıq arxitekturalı proqramlaşdırılan məntiqi qurğulara keçildi. 

XX əsrdə vahid informasiya və təhsil fəzasının yaranması proqramçıların peşəkar fəaliyyətinin hüdudlarını genişləndirdi. 

Proqramçı tərəfindən yaradılan “məhsullar” müxtəlif idi: proqram modulları, proqram kompleks və sistemləri, həmçinin kompüter oyunları və s. 

İnformasiya-kommunikasiya texnikasının və onların əsasında işləyən sistemlərin inkişafı proqram təminatının işlənilməsi, müşayiət edilməsi və təkmilləşdirilməsi prosesində çətinliklərin yaranmasına səbəb oldu. Proqram komplekslərinin kodlarının həcmi, arxitektura və texnoloji həllər baxımından mürəkkəbliyinin artması belə proqramların yaradılması üçün kifayət qədər böyük mütəxəssis kollektivlərinin cəlb edilməsi məcburiyyətini yaratdı (IBM, Microsoft, Sun və s.). Belə firmaların yaratdığı məhsullar informasiya texnologiyaları bazarına təqdim edilir, müəlliflik hüquqları həmin firmalara məxsus olur və proqramın açıq kodu istifadəçiyə verilmirdi. 

1990-cı illərin ortalarından başlayaraq proqram təminatlarının işlənməsinə ayrı-ayrı proqramçılar və kollektivlər də qoşulmağa başladı, onlar interaktiv qarşılıqlı əlaqə texnologiyasından istifadə etməklə öz məhsullarını İnternetdə ödənişsiz (ən azından ilk mərhələdə) yerləşdirirdilər. “Açıq proqram təminatı” (Open source software) - ilkin kodu açıq şəkildə verilən proqram təminatıdır. Belə proqramların ilkin kodu baxılmaq, öyrənilmək və dəyişdirilmək üçün əlyetərlidir, bu da istifadəçiyə ilkin koddan istifadə edərək yeni proqram yaratmağa və ya proqramda düzəlişlər etməyə imkan verir. “Açıq proqram təminatı” rejimində yaradılan proqram məhsullarının üstünlüyü onda idi ki, çoxlu sayda proqramçıların ideya və tövsiyələrindən istifadə etmək mümkün olurdu. Mərkəzləşdirilmiş idarəetmənin olmaması, məhsula dəqiq tələblərin göstərilməməsi, aralıq və son nəticəyə nəzarətin olmaması belə layihələrin mənfi cəhətləri idi. 

Yaradılmış proqram məhsulları istifadəçiyə açıq kodla verilir və bu proqramın təkmilləşdirilməsində problem yaratmırdı, lakin müəlliflərin son nəticəyə görə cavabdehliyini aradan qaldırırdı. 

Göstərilən amillər tələblərin sistemləşdirilməsi, proqram təminatının işlənilməsi, müşayiət edilməsi və onun istifadəçinin tələblərinə uyğunlaşdırılmasında iştirak edən bütün mütəxəssislərin fəaliyyətinin reqlamentləşdirilməsi tələbatını yaratdı. Proqram mühəndisliyi də məhz bu məsələlərin kompleks həllini nəzərdə tutur. Proqram mühəndisliyinə müxtəlif təriflər verilmişdir: 

- PM real maşınlarda etibarlı işləyən, iqtisadi cəhətdən sərfəli proqram təminatını yaratmaq üçün əsaslandırılmış mühəndis metodlarından istifadə edilməsidir. (Bauer, 1972); 

- PM mühəndisliyin elə formasıdır ki, proqram təminatının problemlərini rentabelli həll etmək üçün informatika (computer science) və riyaziyyatın metodlarını tətbiq edir. (CMU/SEI-90-TR-003); 

- PM proqram təminatının işlənilməsi, istifadə və müşayiət edilməsinə sistematik, intizamlı yanaşmanın tətbiq edilməsidir (IEEE 1990); - PM məqsədi, onun üçün ayrılmış vaxt müddətində sona çatan, ayrılan büdcə vəsaitlərini ötməyən və qarşıya qoyulan tələbləri ödəyən keyfiyyətli proqram təminatının yaradılması olan bir fəndir (Schach, 99). 

Proqram mühəndisliyi - kompüter elmi və texnologiyasının çox böyük və mürəkkəb proqram sistemlərinin yaradılması ilə məşğul olan bir sahəsidir. Bunun üçün də müxtəlif ixtisaslı işçi kollektivinin iştirakı tələb olunur. Adətən belə sistemlər uzun illər tətbiq edilir, versiyaları yenilənir, həyat dövründə çoxsaylı dəyişikliyə uğrayır, yeni mühitə uyğunlaşdırılır. 

İlk dəfə “Software Engineering” termini 1968-ci ildə NATO-nun, üçüncü nəsil hesablama texnikasının tətbiqi nəticəsində “proqram təminatında (PT) yaranmış böhran”a həsr edilmiş konfransında irəli sürülüb. Elə həmin ildə Londonda PT-nin işlənilməsi üzrə 22 layihə rəhbərinin görüşü keçirilib. Görüşdə PT-nin problem və perspektivləri müzakirə edilib və ilk dəfə proqram təminatının həyat dövrü (SLC - Software Lifetime Cycle) konsepsiyası irəli sürülüb. Bu konsepsiya ətrafında müxtəlif mübahisələr yaranmışdır. 1970-ъи ildə U.U.Roys (W.W.Royce) belə bir fikir irəli sürür ki, həyat dövrünün mərhələləri üzərində nəzarətin olması PT-nin keyfiyyətini artırmağa və onun işlənilməsinə çəkilən xərcləri azaltmağa imkan verəcək. 

1972-ci ildə IEEE proqram mühəndisliyinə həsr olunmuş “Transactions on Software Engineering” adlı jurnalın 1-ci nömrəsini buraxdı. “Proqram mühəndisliyi” tədris sahəsinin yaranmasında ABŞ Müdafiə Nazirliyinin təcrübəsi mühüm rol oynadı. Pentaqonun hərbi layihələrində müntəzəm olaraq ciddi problemlər yaranırdı - büdcədən və qrafikdən kənara çıxmalar, proqram məhsullarının səviyyəsinin aşağı olması və s. Bu məqsədlə proqram təminatının yaradılmasının mühəndislik işini təkmilləşdirmək qərara alındı. Bu missiya 1984-cü ildə Karnegi-Mellon Universitetində yaradılan Proqram Mühəndisliyi İnstitutuna (Software Engineering Institute (SEI)) həvalə edildi. “SEİ” təcrübəsi müvəffəqiyyətli oldu və proqram mühəndisliyi sahəsinə digər şirkət və kompaniyaların (Boeing, Motorola və s.) diqqətini cəlb etdi. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru
Şəfəqət Mahmudova

AMEA İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi
Tamilla Bayramova

"Rabitə Dünyası" qəzeti, 6 iyun 2014-cü il