Proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri tədqiq olunur

22 İyul 2025 - 12:06 | Konfranslar, İclaslar
Proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri tədqiq olunur

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının növbəti iclasında bu elmi qurumda proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri üzrə 2025-ci ilin birinci yarısında aparılmış tədqiqatlar barədə məlumat verilib.

Şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov rəhbərlik etdiyi struktur bölmədə cari ilin yarımillik dövrü ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, keçirilmiş elmi seminarlar və s. haqqında ətraflı danışıb.

Dos. T.Kazımov “Sosial mühəndislikdə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və tövsiyələrin verilməsi” mövzusu üzrə proqram sistemlərinin istismarı prosesində meydana çıxan insidentlərin intellektual analizi və konseptual modelin işlənməsi, eləcə də proqram sistemlərinin istismarı prosesində meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metodun işlənməsi istiqmətində tədqiqatların aparıldığını qeyd edib.

Şöbə rəhbəri “Proqram sistemlərinin dayanıqlılığının artırılması üçün metod və modelin işlənməsi” mövzusunda aparılan tədqiqatlar barədə də məlumat verib. Bildirib ki, proqram sistemlərinin dayanıqlığının artırılması üçün qeyri-səlis neyron şəbəkədən istifadə olunmuş, proqram kodunun obfuskasiyasının elmi-nəzəri problemləri araşdırılmış, proqram təminatı layihələrinin vizuallaşdırılması üçün mövcud model və vasitələrin müqayisəli təhlili aparılmış və məqalələr hazırlanmışdır.

Dos. T. Kazımov hesabat dövründə Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli konfranslarda 4 məqalənin və 5 konfrans materialının çap olunduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı ilə bağlı öz təklif və tövsiyələrini səsləndirib. Alim struktur bölmədə müasir dövrün çağırışlarına cavab verən elmi istiqamətlərdə tədqiqatların aparıldığını qeyd edib, proqram sistemlərinin problemlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Elmi şuranın qərarı ilə şöbənin yarımillik hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.