Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsasları araşdırılır

22 İyul 2025 - 13:48 | Konfranslar, İclaslar
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsasları araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə yarımillik hesabatı müzakirə olunub.

İclasda şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək 6 ay ərzində rəhbərlik etdiyi struktur bölmədə aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib: “Rəqəmsal  dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda kibersuverenlik sahəsində beynəlxalq təcrübə analiz olunmuş, eləcə də dövlətin kibersuverenliyi problemləri, konseptual yanaşmalar və perspektivlərinə dair tədqiqatlar aparılmışdır”.

Dos. F.Yusifov “Rəqəmsal dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda vətəndaşyönümlü yanaşma əsasında rəqəmsal dövlətin konseptual modelinin işlənməsi, eləcə də Qrant layihəsi çərçivəsində Sənaye 4.0 platformasında neft və qaz sektorunun inkişaf modellərinin analizi istiqamətində tədqiqatların aparıldığını, məqalələrin hazırlandığını qeyd edib.    

“Süni intellektin təsiri ilə iqtisadiyyatın transformasiyasının analizi və qiymətləndirilməsi” mövzusunda 6 ay ərzində aparılan tədqiqatlar haqqında məlumat verən şöbə müdiri, süni intellektin inkişafına dair qlobal tendensiyaların araşdırılması, qabaqcıl ölkələrin süni intellekt strategiyalarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqatlardan bəhs edib.

Dos. F.Yusifov bildirib ki, şöbədə e-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti ilə bağlı məsələlər də diqqət mərkəzində olmuş, e-demoqrafiya 4.0 platformasında fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsinə dair məqalə işlənilmişdir. “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda milli mental dəyərlər və stereotip düşüncənin fərdi tibbi məlumatların qorunmasına təsirinin analizi, folklordan qaynaqlanan kollektiv biliklə süni intellekt modellərinin müqayisəli analizi məsələlərinə baxılmışdır.

Şöbə müdiri yarım il ərzində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, Azərbaycanda elm tarixinin yaranması və inkişafı tarixinin araşdırılması kimi aktual istiqamətlərdə aparılan tədqiqatların nəticələri haqqında da məlumat verib.

Həmçinin e-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi mövzusunda araşdırlmaların aparılığını söyləyib.

Sonra məruzəçi Web of Science, Scopus və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi jurnallarda nəşr olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər haqqında məlumat verib.

Həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlərdən bəhs edib, şöbənin elmmetrik göstəricilərini nəzərə çatdırıb.

Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatına münasibətini bildirib. Alim institutda dövlətin kibersuverenliyinin təmin olunması, eləcə də rəqəmsal dövlət problemlərinə dair tədqiqatların dərinləşdirilməsinin müasir dövrün tələbi olduğunu deyib. Gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi, aktual elmi problemlərə həsr olunmuş məqalələrin işlənilməsi və mütəmadi olaraq şöbəlrəarası seminarların keçirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə yarımillik hesabatı qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.