E-elmin formalaşdırılması problemləri araşdırılır

01 Noyabr 2017 - 10:14 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 12 saylı şöbəsinin 2017-ci il üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri Mədinə Səidova öncə elmi-tədqiqat işlərindən söz açdı. Məruzəçi e-elmin formalaşması problemləri üzrə gələcək nəsil e-kitabxanaların formalaşması prinsiplərinin araşdırılması, bibliometrik verilənlərin intellektual analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi, sosial şəbəkələrdə informasiya təsirinin modelləşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənməsi mövzularında araşdırmaların aparıldığını və elmi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırdı.

M.Səidova cari il üzrə şöbə əməkdaşlarının elmi-innovasiya və praktiki fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi və yayılması ilə əlaqədar bir sıra tədbirlərin görüldüyünü bildirdi. Həmçinin E-kitabxana Mərkəzində görülən işləri diqqətə çatdıraraq Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüklə əlaqədar işlərin aparıldığını, kitabların ABŞ Konqres kitabxanasının təsnifat sistemi ilə təsnifatlaşdırıldığını qeyd etdi.

Məruzəçi şöbənin elmi-təşkilati fəaliyyətindən də söz açaraq cari ildə müxtəlif mövzulara həsr olunmuş şöbədaxili iclasların və “Elmmetriya saatı” interaktiv seminarının keçirildiyini, elmi bazalar və elmi sosial şəbəkələrdən istifadə qaydaları haqqında təlimlərin təşkil olunduğunu, institutun nəşrlərinə DOI nömrələrinin alındığını nəzərə çatdırdı.

Şöbənin elmmetrik göstəriciləri barədə məlumat verən məruzəçi 2017-ci il ərzində 2 beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak edildiyini, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş nüfuzlu jurnallarda 2 məqalənin nəşr olunduğunu  qeyd etdi. Həmçinin institut əməkdaşlarının elmi əsərlərinin xülasəsi olan kitabçanın hazırlandığını vurğuladı.

M.Səidova şöbədə beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərdən də söz açdı. İnstitut əməkdaşlarına Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq EBSCO, eİFL və s. kimi informasiya bazalarından istifadə imkanlarının yaradıldığını, “Exlibris” şirkəti ilə Alephino Kitabxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi və müşayiəti ilə əlaqədar əməkdaşlığın davam etdirildiyini bildirdi.

Sonda məruzəçi cari il ərzində elmi-pedaqoji fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işinin təşkili, kadr potensialının gücləndirilməsi və digər cari işlər haqqında məlumat verdi.

Şöbənin fəaliyyəti qənaətbəxş hesab edildi, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.