Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Şöbə müdiri Gülnarə Nəbibəyova tədbirin İnternet-medianın problemlərinə həsr edildiyini bildirdi.
G.Nəbibəyova müasir dövrdə qabaqcıl informasiya texnologiyalarının (İT) cəmiyyətin inkişafında mühüm strateji mövqeyə malik olduğunu qeyd edərək, informasiyanın əldə olunması, emalı, saxlanması və operativ ötürülməsində İT-nin yaratdığı imkanların əhəmiyyətindən söz açdı. İKT-nin KİV-ə təsiri, İnternet-medianın inkişafı sahəsində mövcud problemlər, həlli yollarının araşdırılması və s. bu gün dünyada aktual məsələlərdən olduğunu söylədi.
“İnternet-medianın menecmenti: vəzifələr, problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Ülviyyə Rzayeva rəqəmsal əsrin jurnalistlərin qarşısında yeni vəzifələr qoyduğunu qeyd edərək, çağdaş dövrdə jurnalistikanın təkcə nəzəriyyə ilə deyil, həm də texniki biliklərə yiyələnmək zəruriyyəti ilə şərtlənən sahə olduğunu bildirdi. İT-nin imkanlarından geniş istifadənin jurnalistikada yeni yanaşma və tendensiyaların vüsət almasına səbəb olduğunu söylədi. O, İnternet-medianın inkişaf tarixi, beynəlxalq təcrübə, Azərbaycanda yeni media sahəsində vəziyyət, mövcud problemlər, o cümlədən İnternet-jurnalistin vəzifələri haqqında ətraflı məlumat verdi. Dünyanın informasiya mənzərəsini dəyişən elektron informasiya agentlikləri, e-qəzetlər, e-xəbər saytları, İnternet-TV, İnternet-radionun üstünlükləri, bu informasiya resurslarının müxtəlif hadisələrin, ən yeni xəbərlərin izlənilməsi, o cümlədən informasiyanın əldə olunması, emalı və ötürülməsi prosesində mükəmməl imkanlarından söz açdı. Yeni media vasitələrində informasiyanın keyfiyyəti və etibarlığının təmini, jurnalistlərin İnternet-mühitində müəllif hüquqlarının, informasiya təhlükəsizliyi və fərdi məlumatların qorunması, informasiya mədəniyyətinin formalaşması və s. sahədə mövcud problemlər, dünyada bu istiqamətdə görülən tədbirlər haqqında məlumat verdi.
Azərbaycanda yeni media sahəsində görülən tədbirlərdən danışan məruzəçi hazırda ölkədə müxtəlif sahələri əhatə edən 300-ə yaxın portal, xəbər saytı və İnternet informasiya resursunun fəaliyyət göstərdiyini, təkcə keçən il 70 xəbər portalı və saytın yaradıldığını bildirdi. Azərbaycan Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və digər müvafiq qurumların birgə təşkilatçılığı ilə yeni medianın inkişafına, problemlərinə həsr olunmuş müxtəlif tədbirlər, o cümlədən müsabiqələr haqqında məlumat verdi. Mətbuat Şurasının 2014-cü ili İnformasiya ili elan etdiyini xatırlatdı.
Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı. Müzakirələrdə iştirak edən G.Nəbibəyova, sektor müdirləri Əfruz Qurbanova və Xatirə Cabbarzadə və digərləri onlayn-medianın inkişafi, İnternetdə fikir və söz azadlığı, sosial medianın yaratdığı imkanlar və s. ilə bağlı rəy və təkliflərini səsləndirdilər.