İnsan resurslarının intellektual idarə olunması problemləri araşdırılıb

05 Oktyabr 2017 - 17:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarı giriş sözü ilə açan şöbə müdiri AMEA-nın müxbir üzvü, t.e.d., prof. Məsumə Məmmədova artıq uzun illərdir şöbədə “İnsan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi” və “İT-mütəxəssislər əmək bazarında tələb və təklifin intellektual idarə olunması model və metodlarının işlənməsi“ mövzuları üzrə tədqiqat işlərinin aparıldığını bildirdi. Hazırda bu tədqiqatların sona çatdırıldığını və müvafiq elmi-nəzəri və praktiki nəticələrin əldə olunduğunu söyləyən şöbə müdiri bugünkü seminarın həmin mövzularda hazırlanmış dissertasiya işlərinin ilkin müzakirəsinə həsr olunduğunu qeyd etdi.

Sonra çıxış edən şöbənin baş elmi işçisi, tex.f.d., dos. Zərifə Cəbrayılova texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün hazırlanmış “İnsan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi” adlı dissertasiya işini təqdim etdi. Bildirdi ki, işin əsas məqsədi makro, mezo və mikro səviyyələrdə insan resurslarının idarə olunmasında elmi əsaslandırılmış və praktiki əhəmiyyətli qərarların qəbulunu dəstəkləmək üçün model, metod və sistemlərin işlənilməsindən ibarətdir. O, məqsədə nail olmaq üçün qoyulmuş məsələlər, işin strukturu və əldə edilmiş elmi-nəzəri, praktiki nəticələr barədə məlumatı təqdim etdi.

Z.Cəbrayılova dissertasiya işi üzrə alınmış nəticələrin aprobasiyası və nəşr edilmiş məqalələr haqqında məlumat verdi, onların Ali Attestasiya Komissiyasının doktorluq dissertasiyasına dair irəli sürdüyü tələblərə uyğun mənbələrdə nəşr olduğunu diqqətə çatdırdı.

Daha sonra şöbənin dissertantı Faiq Məmmədzadə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün hazırlanmış “İT-mütəxəssislər əmək bazarında tələb və təklifin intellektual idarə olunması model və metodlarının işlənməsi“ adlı dissertasiya işi haqqında məlumat verdi. Bildirdi ki, işin əsas məqsədi əmək bazarının İT seqmentinin intellektual idarə edilməsinin konseptual əsaslarının, model və metodlarının işlənməsindən ibarətdir. Məruzəçi, həmçinin məqsədə nail olmaq üçün qoyulmuş məsələlər, işin strukturu və əldə edilmiş elmi-nəzəri, praktiki nəticələr, dissertasiya işi üzrə alınmış nəticələrin aprobasiyası və nəşr edilmiş məqalələr haqqında məlumatları diqqətə çatdırdı.

Sonda prof. M.Məmmədova çıxış edərək dissertasiya işlərinin strukturu və qoyulmuş məsələlərlə bağlı öz irad və təkliflərini səsləndirdi, qeyd olunanları nəzərə almaqla hər iki işin tez bir zamanda növbəti müzakirəyə hazırlanmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.