AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə birgə elmi seminarı keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev seminarın “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf perspektivləri” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi, elmi rəhbəri olduğu dissertasiya işi haqqında məlumat verdi.
Sonra İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov dissertasiya mövzusu üzrə məruzəni təqdim edərək işin aktuallığı, qarşıya qoyulan və həll olunan məsələlər, elmi yeniliklər, dissertasiyanın strukturu və həcmi, çap olunmuş elmi əsərlərin sayı və s. haqqında ətraflı məlumat verdi. Dissertasiya işinin məqsədindən danışan məruzəçi qeyd etdi ki, işin məqsədi İnternetin iqtisadi proseslərə təsiri, İnternet mühitində iqtisadi münasibətlərin xüsusiyyətləri və qanunauyğunluqlarının araşdırılması, problemlərinin müəyyən edilməsi, İnternet iqtisadiyyatının tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi üçün təkliflərin işlənməsi, o cümlədən İnternet iqtisadiyyatının dayanıqlı inkişafı üçün konseptual əsasların, genişzolaqlı İnternetin geniş tətbiqi və inkişafı üçün, eləcə də İnternetin perspektiv texnologiyalarının iqtisadi potensialının reallaşdırılması üçün təkliflərin işlənməsidir.
Qeyd edək ki, dissertasiya işinin I fəslində İnternetin müasir iqtisadi münasibətlərə təsirinin analiz edilir və müvafiq problemlər müəyyən edilir. O cümlədən bazarda informasiya assimmetriyasının neqativ təsirləri, bazarın vasitəçilik funksiyasının transformasiyası məsələlərinə baxılır, biliklər iqtisadiyyatı və bazar iqtisadiyyatı prinsiplərinin müqayisəli analizi aparılır, İnternet iqtisadiyyatının mikro və makro xüsusiyyətlərinin şərh olunur, İnternet iqtisadiyyatının əsas problemlərinin müəyyən edilir və təsnifatlandırılır.
“İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi problemləri” adlanan II fəsildə İnternetin tənzimlənməsi problemləri, vəzifələri və üsulları, hüquqi mexanizmləri müəyyən olunur. İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi, təhlükəsizliyinin təmin edilməsi, eləcə də, intellektual mülkiyyət hüququnun qorunması ilə bağlı mexanizmlər təklif edilir.
“İnternet iqtisadiyyatının inkişaf perspektivləri” adlı III fəsildə genişzolaqlı İnternetin inkişafının konseptual modeli işlənmiş, habelə Əşyaların İnterneti, Big Data və bulud texnologiyalarının iqtisadi potensialının reallaşdırılması ilə əlaqədar təkliflər irəli sürülmüşdür.
R.Mahmudov dissertasiya işinin əsas elmi-nəzəri və praktiki nəticələri haqqında məlumat verərək nəticələrin 12 beynəlxalq və respublika səviyyəli elmi konfransda müzakirə olunduğunu, mövzu üzrə 13 elmi məqalənin nüfuzlu jurnallarda nəşr edildiyini dedi.
Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, müəyyən irad və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.