Texnologiyanın kommersiyalaşdırılması sahəsində əməkdaşlıq perspektivləri müzakirə olundu

12 Sentyabr 2017 - 12:26 | Görüşlər

11 sentyabr 2017-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (Korea Advanced Institute of Science and Technology - KAİST) Qlobal Kommersiyalaşdırma Mərkəzinin (The Global Commercialization Center - GCC) direktoru, professor Munki Çoy, GCC-nin baş meneceri, professor YanDuk Park, GCC-nin meneceri Hyuncanq Kvon, eləcə də, Elektronika və Telekommunikasiya Elmi-tədqiqat İnstitutunun (The Electronics and Telecommunications Research Institute) Tədqiqat və İnkişaf Kommersiyalaşdırma Mərkəzinin baş elmi işçisi Su-Yin Yun ilə görüş keçirildi.

Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, elmi katib Mədinə Səidova, şöbə müdirləri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov iştirak edirdilər.

Görüşün keçirilməsində məqsəd texnologiyanın kommersiyalaşdırılması və əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparmaq idi.

Tədbiri giriş nitqi ilə açan R.Ələkbərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verdi. İnstitutda informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlardan görülən işlərdən danışdı.

İnstitutun Tədris-İnnovasiya Mərkəzinin fəaliyyəti haqqında məlumat verən alim bildirdi ki, ölkənin bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu prosesi bu mərkəzdə həyata keçirilir.

Alim qonaqlara institutun AzScienceNet elm kompüter şəbəkəsi barədə də məlumat verdi. AzScienceNet-in akademiyanın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərdiyini, elm və təhsil şəbəkələri üzrə milli operator olaraq Azərbaycan elminin dünya elminə inteqrasiyasında mühüm rol oynadığını qeyd etdi. 

KAİST-in Qlobal Kommersiyalaşdırma Mərkəzinin direktoru Prof. Munki Çoy çıxış edərək bildirdi ki, Azərbaycana səfər etməkdə əsas məqsəd informasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələri qurmaq, kadr və təcrübə mübadiləsi aparmaqdır. M.Çoy qeyd etdi ki, onun təmsil etdiyi elmi qurum təkcə İKT sahəsində deyil, həm də digər sahələrdə araşdırmalar apararaq texnologiyanın kommersiyalaşdırılması istiqamətində layihələr həyata keçirir.

Sonra Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun Qlobal Kommersiyalaşdırma Mərkəzinin baş meneceri Prof. YanDuk Park Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu, Su-Yin Yun isə Elektronika və Telekommunikasiya Elmi-tədqiqat İnstitutunun fəaliyyətinə dair təqdimatla çıxış etdilər.

Görüşdə, həmçinin Milli Elm və Texnologiya İnformasiya xidmətinin yaradılması, Əşyaların İnterneti, Big Data, Kibertəhlükəsizlik texnologiyaları və s. istiqamətlərdə birgə tədqiqatların aparılması məsələsi müzakirə olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.