AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “İnternet-reklam marketinq məlumatlarının analizi üçün bəzi proqram təminatları” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun sektor müdiri Kəmalə Haşımova proqram təminatının bir çox sahələrlə yanaşı, İnternet-reklam-marketinqdə də geniş tətbiq olunduğunu bildirdi. İnternet-reklam marketinq məlumatlarının analizi üçün müxtəlif metodlardan istifadə olunduğunu söyləyən məruzəçi respondentlə şəxsi dialoq yolu ilə keçirilən sorğu barədə məlumat verdi. Sorğuların keçirilməsi və planlaşdırılması mərhələsində kompüter texnologiyalarından istifadə olunduğunu diqqətə çatdırdı.
“Veb mühitdə yerləşdirilən interaktiv məhsulu ünvanlı edə bilmək üçün müxtəlif insan qruplarının maraq dairələri və təlabatı analiz edilməlidir”, – deyə bildirən K.Haşımova bu məqsədlə potensial müştərilərin hansı sosial, intellektual və iqtisadi təbəqəyə aid olduğunun araşdırılmasının zəruriliyini vurğuladı. Qeyd etdi ki, sorğuların planlaşdırılması zamanı əsasən “Pulse Train” şirkətinin “Visual QSL” sistemindən istifadə olunur.
Məruzəçi, həmçinin İnternet-reklam marketinqdə istifadəçi sorğularının analizi üçün proqram təminatları barədə məlumat verdi. Reklam müdaxiləsinin dəqiq metodu və proqram vasitələrinin köməyi ilə reklam kampaniyasının effektivliyinin qiymətləndirilməsi üsullarından danışdı.
O, veb-səhifələrin qiymətləndirilməsi üçün “Search Engine Optimization” alətindən istifadə olunduğunu bildirərək bu alətin iki istiqamətdə (səhifənin optimallaşdırılması, dizaynının yaxşılaşdırılması, istifadə imkanlarının genişləndirilməsi və səhifə haqqında məlumatların digər vasitələr daxilində yayılması) təsir göstərdiyini diqqətə çatdırdı.
İnternet-reklam üçün istifadə olunan ödənişsiz proqramlardan söz açan K.Haşımova bu məqsədlə funksional baxımdan məhdudiyyətsiz olan “Adware” lisenziyalı proqramlardan istifadənin mümkün olduğunu bildirdi. Qeyd etdi ki, bu proqramların çatışmazlığı kimi proqram daxilində reklamların yerləşdirilməsini göstərmək olar.
Sonda məruzəçi bildirdi ki, elektron ticarətin müvəffəqiyyətlə həyata keçirilməsi üçün İnternet-reklam işlərinin səmərəli təşkil olunması zəruridir.
Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.