AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal irs: Problemlər və Perspektivlər” mövzusunda araşdırmalar aparılır.
Bu barədə institutun 1 saylı şöbəsinin sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova elmi seminarda çıxışı zamanı məlumat verdi. Rəqəmsal irs haqqında söhbət açan məruzəçi, onun rəqəmsal formada yaradılmış və ya mövcud analoq resurslardan rəqəmsal formaya çevrilmiş mədəniyyət, təhsil, elmi və inzibati, həmçinin texniki, hüquqi, tibbi və digər informasiya növlərini əhatə edən anlayış olduğunu diqqətə çatdırdı.
Sektor müdiri bu sahədə mövcud olan rəqəmsal irsin itmə təhlükəsi, texnoloji infrastruktur, saxlanma, rəqəmsal daşıyıcıların köhnəlməsi və məhv olması, əlçatanlıq, təhlükəsizlik və s. problemlərdən söz açdı. Bildirdi ki, müasir dövrdə rəqəmsal irsin gələcək nəsillərin maraqları üçün qorunub saxlanması məsələsi aktual və ümumdünya əhəmiyyətli məsələlərdəndir.
R.Qasımova bu problemlərin araşdırılması və tədqiq olunmasının zəruriliyini diqqət önünə çəkərək rəqəmsal irsin itmə təhlükələrindən söz açdı. Qeyd etdi ki, buraya rəqəmsal informasiya resurslarının dəstəyinə ayrılmış maliyyə vəsaitinin kəsilməsi, lokal fəlakətlərin, daşıyıcıların fiziki köhnəlməsi, yeni texniki və texnoloji platformaların kəşfi ilə bağlı texnologiyaların köhnəlməsi və s. səbəblər daxildir. Proqram və aparat təminatının köhnəlməsi informasiya və ya faylların orijinal formatının itkisinə, rəqəmsal materialların bütövlüyünə, proqram təminatının üzunmüddətli olmamasına gətirib çıxarır.
Məruzəçi son onillikdə beynəlxalq aləmdə rəqəmsal irsin üzunmüddətli saxlanması və ona əlçatanlığın təmin olunması məsələsinə böyük diqqət verildiyini qeyd etdi. Həm beynəlxalq, həm də ayrı-ayrı ölkələr səviyyəsində çox sayda proqram və layihələrin reallaşdırıldığını, rəqəmsal irsin qorunması məsələlərinin bir çox beynəlxalq hökumətlərarası və ictimai təşkilatların, ilk növbədə YUNESKO-nun diqqət mərkəzində olduğunu dedi, bu sahədə qəbul edilən bir sıra sənədlər barədə məlumat verdi.
Azərbaycanda da bu sahədə mövcud vəziyyəti təhlil edən R.Qasımova milli irsin qorunması, saxlanması və rəqəmsallaşdırılması üzrə proqram və layihələr barədə məlumat verdi. O, rəqəmsal irsin qorunub saxlanmasında elektron arxivlərin və elektron kitabxanaların rolunun böyük olduğunu, lakin bu sahədə müəyyən problemlərin mövcudluğunu vurğuladı.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, rəy və təkliflər bildirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.