AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2017-ci il üçün fəaliyyət planı müzakirə olunub. Planı təqdim edən texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev şöbənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti kimi “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə xarici ölkələrin aparıcı universitetlərində elektron tədris texnologiyalarının tətbiqi məsələlərinin araşdırılması, elektron təhsilin idarə edilməsi modellərinin təhlili və bulud texnologiyasının tətbiqi vasitəsi ilə təhsil kontentlərinin formalaşması istiqamətində araşdırmaların aparılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, elektron tədris mühitində sosial şəbəkələrin tətbiqi, Big Data analiz metodlarının elektron tədrisə tətbiqi, elektron təhsil mühitinin intelektuallaşdırması üzrə metodların işlənməsi də bu istiqamətdə yerinə yetiriləcək işlər sırasındadır.
“Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda aparılacaq araşdırmalar barədə məlumat verən şöbə müdiri İKT ixtisaslarının istiqamətləri üzrə tədris proqramının optimal seçilməsində data mining metodlarının tətbiqinin nəzərdə tutulduğunu söyləyib.
Elmi-innovasiya fəaliyyəti çərçivəsində görüləcək işlərdən danışan məruzəçi yeni qrant layihələri və müsabiqələrdə iştirak ediləcəyini, o cümlədən “Horizon 2020” elmi-tədqiqat və innovasiya proqramına təkliflərin işləniləcəyini diqqətə çatdırıb.
F.Ağayev, həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görüləcək tədbirləri nəzərə çatdırıb.
AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim elektron təhsil mühitinin formalaşma mərhələlərinin dərindən araşdırılması, dünyada bu sahə üzrə müşahidə olunan tendensiyalar və beynəlxalq təcrübənin, yeni yanaşmaların tədqiqi, o cümlədən mövcud vəziyyətin öyrənilməsinin vacibliyini qeyd edib.
Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Fəaliyyət planının institutun Elmi Şurasının iclasının müzakirəsinə təqdim olunması qərara alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.