Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlər işlənilir

13 Fevral 2017 - 12:49 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2017-ci il üçün fəaliyyət planı müzakirə olundu. TİM-in rəhbəri Rəsmiyyə Mahmudova cari ildə mərkəzdə yerinə yetiriləcək elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi üzrə aparılan elmi araşdırmaların yekunlaşdırılmasının nəzərdə tutulduğunu bildirdi.

R.Mahmudova qeyri-verbal kommunikasiya vasitəsi olan jest dilinin eşitmə məhdudiyyətli insanların ünsiyyətində rolu, onun tədrisi problemləri, bu sahədə mövcud beynəlxalq təcrübə və tətbiq olunan yeni texnologiyaların araşdırıldığını diqqətə çatdırdı. “İntellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi”, “Uşaqların İnternet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənilməsi” mövzuları üzrə elmi tədqiqatların davam etdiriləcəyini söylədi.

TİM-in rəhbəri mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və imtahanların qəbulunun mərkəzin əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edərək cari ildə bu istiqamətdə görüləcək işlərdən danışdı. Qeyd etdi ki, Naxçıvan MR-da və Gəncə bölgəsində yaşayan doktorant və dissertantlar üçün distant tədris və imtahanlar təşkil edilir.

R.Mahmudovanın sözlərinə görə, AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfə fənni üzrə qəbul və doktorluq imtahanları, institutun doktoranturasına qəbul və ixtisas imtahanları, eləcə də AMEA magistrantları üçün ümumi fənlər üzrə dərs və imtahanların yüksək səviyyədə təşkili işləri həyata keçirilir.

O, hər il olduğu kimi, cari ildə də ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar görüləcək tədbirlər haqqında məlumat verdi. Müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlərin davam etdirildiyini söylədi.

Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan R.Mahmudova bildirdi ki, “Microsoft Azərbaycan” şirkəti, İT sahəsində müxtəlif beynəlxalq şirkətlər və tədris mərkəzləri ilə əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində işlərin aparılması planlaşdırılır.

Məruzəçi TİM-in fəaliyyəti və burada həyata keçirilən innovativ layihələrin müntəzəm olaraq işıqlandırılmasına xidmət edən mərkəzin veb-saytının təkmilləşdirilməsi istiqamətində görüləcək işlərdən danışdı. Həmçinin şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, müxtəlif təyinatlı elektron nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görüləcək tədbirlər barədə məlumat verdi.

Sonra AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim mərkəzin elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Fəaliyyət planının institutun Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alındı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.