AMEA İnformasiya Texnologiyaları İnstitutunda 18 saylı şöbənin “Sosial media və reklam fəaliyyəti” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun sektor müdiri Kəmalə Haşımova sosial şəbəkələrin şirkətlərin məhsul və xidmətlərinin istifadəçilərə təqdim olunmasında xüsusi rola malik olduğunu söylədi.
Sosial şəbəkələrin 3 qrupa (kütləvi istifadəçilər üçün nəzərdə tutulmuş, professional və ümumi maraqlar üzərində qurulan sosial şəbəkələr) ayrıldığını bildirən məruzəçi məhsul və ya xidmətlərin reklam olunması üsulları barədə məlumat verdi. Qeyd etdi ki, bu sahədə ən effektiv üsullardan olan sosial medianın marketinqində (SMM) uğur əldə etmək üçün auditoriyanın dəyişən maraqları nəzərə alınmalı və bu sahədə ən son yeniliklər izlənilməlidir.
“Şirkətin və ya markanın populyarlaşdırılması üçün sosial medianın marketinqi ilə yanaşı, axtarış sistemi optimallaşdırma xidmətindən (SEO) də istifadə edilir”, – deyə bildirən K.Haşımova bu xidmətlərin media resurslarının fəaliyyətinin səmərəli təşkili məqsədilə tətbiq edildiyini diqqətə çatdırdı.
K.Haşımova SMM sahəsində gizli və açıq strategiyaların mövcud olduğunu bildirərək media resurslarının sosial şəbəkələrdəki hesabları vasitəsilə müştərilərin cəlb olunması yolları barədə məlumat verdi. Qeyd etdi ki, marketinq siyasətinin düzgün qurulması üçün sosial medianın axtarış sistemlərində izlənərək qiymətləndirilməsi də vacib məsələlərdəndir.
O, həmçinin saytların SMM siyasətini əks etdirən 2010-2015-ci illər üzrə göstəricilərini təqdim etdi.
Məruzə ətrafında gedən müzakirələrdə bir sıra rəy və təkliflər səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.