XƏBƏRLƏR

10996

Dronların əsas vəzifəsi insanlar üçün potensial təhlükəli missiyaları yerinə yetirməkdir

27 Oktyabr 2016 - 11:00 | Konfranslar, İclaslar

Son illərdə texnologiya və idarəetmə sistemlərinin təkamülü nəticəsində pilotsuz uçuş aparatlarına (dron) tələbat artmışdır. Hazırda kənd təssərüfatı, səhiyyə, təhsil, incəsənət, media, tikinti, ekologiya, idman və s. sahələrdə bu aparatlardan geniş istifadə olunur.

Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Şakir Mehdiyev institutun elmi seminarında “Dronlar: müasir vəziyyəti, problemləri və perspektivləri” mövzusunda çıxışı zamanı səsləndirib.

Məruzəni təqdim edən Ş.Mehdiyev pilotsuz uçuş aparatların əsas vəzifəsinin insanlar üçün potensial təhlükəli missiyaları yerinə yetirmək olduğunu vurğulayıb. Dronların yaranma tarixi barədə məlumat verən məruzəçi ilk dəfə məsafədən radiodalğalarla idarə olunan gəmi modelinin 1898-ci ildə nümayiş etdirildiyini, 1933-ci ildə isə Böyük Britaniyada “Queen Bee” tərəfindən pilotsuz uçuş aparatlarından istifadə olunduğunu söyləyib.

Dronların hərbi sənayedə və mülki sahələrdə geniş tətbiq olunduğunu bildirən şöbə müdiri qeyd edib ki, dronlar əsasən kəşfiyyat, itmiş insanlar, təbii fəlakət qurbanları və qaçaq cinayətkarların axtarışı, həmçinin yol qəzaları və ya tıxacların fotoçəkilişi, və s. məqsədlərlə istifadə edilir. Bildirib ki, bu aparatlar nadir və təhlükə yaradan heyvanların müşahidəsi, tibbi ləvazimatların və dərmanların çatdırılması, binaların istilik xəritələrinin yaradılması üçün istifadə oluna bilər.

Şöbə müdiri, həmçinin bu aparatların iş prinsipi, onlardan istifadə qaydaları, “MQ-1 Predator” dronunun kütləsi, uçuş məsafəsi, sürəti, uzunluğu, uçuş müddəti və s. haqqında ətraflı məlumat verib. Qeyd edib ki, dronların uçuşunun təhlükəsizliyini təmin etmək üçün Linux platforması əsasında yaradılmış “Airware” əməliyyat sistemindən və intellektual uçuş sistemlərindən istifadə olunur.

Ş.Mehdiyev casus dron, intellektual uçuş sistemlərini dəstəkləyən “DJI Phantom 4”, Cloud vasitəsilə idarə olunan dron, polis-dron və dron-fotoaparatın istifadə imkanlarından söz açıb, 2020-ci ildə dron bazarının həcminin 2 milyard dollar təşkil edəcəyini diqqətə çatdırıb.

Bir sıra ölkələrdə bu sahədə fəaliyyətin tənzimlənməsi məqsədilə qanunvericilik bazasının formalaşdırıldığını qeyd edərək ölkəmizdə də müxtəlif sənədlərdə pilotsuz uçan aparatlar barədə ümumi müddəaların yer aldığını nəzərə çatdırıb.

Onun sözlərinə görə, dronlar insanların işini xeyli asanlaşdırsa da, cəmiyyətdə bu kimi qurğulardan istifadə vətəndaşların şəxsi həyatının toxunulmazlığı və s. problemlərə yol açır.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.