Regionlarda yaşayan elmi tədqiqatçılar üçün informatika fənni üzrə doktorluq imtahanları distant formada keçirilir

01 İyul 2016 - 16:00 | Mühüm hadisələr

AMEA prezidenti, akademik Akif Əlizadənin Sərəncamına əsasən, cari ildən regional ali təhsil və elmi-tədqiqat müəssisələrinin doktorant və dissertantlarının informatika fənni üzrə doktorluq imtahanları test texnologiyaları əsasında internet üzərindən distant formada keçirilir.

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi ilə AMEA Gəncə Bölməsi arasında Gəncədə yaşayan elmi tədqiqatçılar üçün doktorluq imtahanlarının distant formada keçirilməsi məqsədilə canlı bağlantı yaradıldı. İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz AlıquliyevTədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova imtahan iştirakçılarına uğurlar arzuladılar.

İmtahanlarda 72 doktorant və dissertant iştirak etdi. İmtahan prosesinə İnformasiya Texnologiyaları İnstitutunun Distant Tədris Mərkəzi tərəfindən onlayn rejimdə məsafədən nəzarət edilirdi.

İyulun 4-də isə Naxçıvanda yaşayan elmi tədqiqatçılar üçün distant formada informatika fənni üzrə doktorluq imtahanlarının təşkil olunacağı qeyd edildi.

Xatırladaq ki, 2003-cü ildən etibarən respublikanın bütün doktorant və dissertantlarına informatika fənninin tədrisi və doktorluq imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilir. 2011-ci ildən Gəncə və Naxçıvanda yaşayan doktorant və dissertantlar institutun Tədris-İnnovasiya Mərkəzində tədris olunan dərsləri məsafədən dinləyirlər. AMEA rəhbərliyinin təşəbbüsü ilə doktorant və dissertantlar üçün informatika fənni üzrə doktorluq imtahanları 2013-cü ilin iyun ayından başlayaraq elektron test üsulu ilə aparılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.