Elm və təhsildə İKT-nin tətbiqi imkanları müzakirə olundu

04 İyul 2016 - 16:00 | Konfranslar, İclaslar

İyulun 1-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AR Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev və müdir müavini, həmin şöbənin qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov ilə görüş keçirildi. Məqsəd institutun fəaliyyəti ilə yaxından tanışlıq və iki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olmuşdur.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev qonaqlara institutda yaradılmış maddi-texniki və innovativ şəraitlə bağlı ətraflı məlumat verdi.

Son dövrlər Azərbaycan Milli Elmlər Akademiyasında İKT sahəsində genişmiqyaslı islahatların aparıldığını söyləyən alim bununla əlaqədar AMEA İnformasiya Texnologiyaları İnstitutu qarşısında müəyyən vəzifələrin qoyulduğunu, AzScienceNet elm-kompüter şəbəkəsinin (EKŞ) AMEA-nın institut və təşkilatlarını zəruri olan müasir şəbəkə xidmətləri ilə təmin etdiyini vurğuladı.

“Əsas məqsədimiz Azərbaycan elm və təhsil mühitini Avropanın elm, təhsil fəzasına inteqrasiya etdirərək ölkəmizdə dünya standartlarına uyğun texnologiya və xidmətlərin istifadə edilməsinə, tədqiqatçılarımızın bu mühitdə daha səmərəli fəaliyyət göstərməsinə şərait yaratmaqdır”, – deyə bildirən institut direktoru elektron elmin ölkədaxili və beynəlxalq inteqrasiyasının inkişaf etdirilməsi məqsədilə AzScienceNet EKŞ-nin Avropanın elm və təhsil şəbəkəsinin formalaşdırılmasına məsul olan GEANT Assosiasiyasında milli şəbəkə operatoru kimi qeydiyyatdan keçdiyini diqqətə çatdırdı. Bildirdi ki, İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosiasiyası və onun tərəfdaş olduğu layihələrdə ölkəmizi təmsil edir: “İnformasiya Texnologiyaları İnstitutu GEANT Assosasiyası ilə sıx əməkdaşlıq edərək Azərbaycanın milli elm və təhsil şəbəkəsi olan AzScienceNet-in sürətli inkişafına nail olmuşdur. Şərqi Avropa və Cənubi Qafqazda regional elm və təhsil şəbəkəsinin yaradılması üçün GEANT şəbəkəsi tərəfindən həyata keçirilən “EaPConnect” layihəsi  yerli alim, tələbə və təqdiqatçıların qlobal tədqiqat və təhsil əməkdaşlığında iştirakının asanlaşdırılmasına imkan yaratmışdır”.

Akademik R.Əliquliyev elektron elmin texnoloji platforması olan AzScienceNet EKŞ-nin infrastrukturunun 95 faizinin fiber-optik kabel əsasında qurulduğunu, texniki imkanlarının artırılmasından sonra internetə çıxış sürətinin 410 Mbit/san-ə çatdırıldığını, AMEA-nın institut və təşkilatlarının AzScienceNet şəbəkəsinə qoşularaq genişzolaqlı internet istifadəçisinə çevrildiyini söylədi.

Qeyd olundu ki, AzScienceNet-də AMEA-nın elmi qurumlarının əməkdaşlarına göstərilən Eduroam xidməti ölkənin elm və təhsil müəssisələri əməkdaşlarına Eduroam xidmətinə qoşulan təşkilatların şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə ödənişsiz və sərbəst qoşulmaq imkanı verir. Bu xidmət AzScienceNet istifadəçilərinə dünyanın istənilən yerindən qlobal internet şəbəkəsinə qoşulmağa şərait yaradır.

Qonaqlar, həmçinin AzScienceNet EKŞ-nin Verilənlərin Emalı Mərkəzi (Data Mərkəz) ilə tanış oldular. R.Əliquliyev bildirdi ki, texniki göstəricilərinə görə beynəlxalq standartlara cavab verən Verilənlərin Emalı Mərkəzi AMEA-nın institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası üçün  geniş imkan yaradır, hostinq, bulud servisləri təqdim edir.

Sonra institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) olan qonaqlar müasir kompüter, proyektor və elektron lövhələrlə təchiz olunmuş auditoriyalarla, o cümlədən test texnologiyaları əsasında doktorant və dissertantların informatika fənni üzrə onlayn doktorluq imtahanlarının keçirilməsi prosesi ilə yaxından tanış oldular. R.Əliquliyev TİM-in fəaliyyəti haqqında məlumat verərək AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfə fənni üzrə qəbul və doktorluq imtahanları, institutun doktoranturasına qəbul və ixtisas imtahanları, eləcə də AMEA magistrantları üçün informatika fənni və ümumi fənlər üzrə dərs və imtahanların yüksək səviyyədə təşkil edildiyini qeyd etdi. Dərslərin institutun alim və yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris edildiyini nəzərə çatdırdı.

Sonra Distant Tədris Mərkəzində AMEA Gəncə Bölməsi ilə videokonfrans sistemi vasitəsilə canlı bağlantı yaradıldı, Gəncədə yaşayan doktorant və dissertantlar üçün distant formada keçirilən informatika fənni üzrə doktorluq imtahanları müşahidə olundu. R.Əliquliyev qonaqlara mərkəzin fəaliyyəti barədə məlumat verərək TİM-də 2011-ci ildən distant tədris xidmətlərinin göstərildiyini bildirdi, Naxçıvan və Gəncədə yaşayan doktorant və dissertantların informatika fənni üzrə təşkil edilmiş kursları məsafədən dinlədiklərini və gələcəkdə digər bölgələrdə də distant tədris mərkəzlərinin yaradılmasının planlaşdırıldığını vurğuladı.

Mərkəzdə elm və təhsilin inteqrasiyası istiqamətində bir sıra layihələrin həyata keçirildiyini bildirən akademik burada həmçinin ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası və orta məktəb şagirdləri arasında İnformatika Layihələri Olimpiadasının təşkil olunduğunu, orta məktəb müəllimləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırdı.

İnstitutda Viki-Mərkəzin AMEA Rəyasət Heyətinin Qərarı ilə 2014-cü ildən fəaliyyət göstərdiyini qeyd edən R.Əliquliyev Vikipediya virtual ensiklopediyasının Azərbaycanın dünyada daha geniş təbliği istiqamətində böyük imkanlara malik olduğunu, milli maraqların qorunması,  ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi və müasir həqiqətlərini, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin burada yerləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Mərkəzin vikimetrik tədqiqatların aparılması, ayrı-ayrı sahələrin alim və mütəxəssisləri üçün Vikipediyaya dair nəzəri və praktiki dərslərin tədrisi, vətəndaşlar arasında Vikipediyanın populyarlaşdırılması və onların burada Azərbaycanın maraqlarına uyğun fəaliyyətə cəlb edilməsi üçün təbliğat-təşviqat işlərinin aparılması məqsədilə təşkil olunduğunu bildirdi. Akademik Azərbaycan alimlərinin viki-layihələrdə yaxından iştirakını təmin etmək üçün AMEA-nın bütün institut və təşkilatlarında viki-qrupların formalaşdırıldığını söylədi, akademiya alimləri tərəfindən əldə olunmuş nailiyyətlərin mütəmadi olaraq Vikipediyaya daxil edildiyini diqqətə çatdırdı.

Qeyd etdi ki, Viki-Mərkəzdə AMEA institut və təşkilatlarının əməkdaşlarına Vikipediya və viki-texnologiyaları ilə idarə olunan müvafiq layihələrdə işləmək üçün zəruri biliklərin tədrisi məqsədilə treninqlər keçirilir, burada iştirak edən şəxslərə sertifikatlar təqdim olunur.

Sonra qonaqlar institutun Elektron Kitabxana Mərkəzində əməkdaşlar üçün yaradılmış innovativ şəraitlə tanış oldular. Ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyət istiqamətlərindən söz açan R.Əliquliyev oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyasının quraşdırıldığını nəzərə çatdırdı. Alimin sözlərinə görə, sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur.

Akademik resursların təsnifatı və predmetləşdirilməsinin ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirildiyini vurğuladı. Bildirdi ki, institut Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvü olaraq bir sıra elektron resurs bazalarına giriş imkanına malikdir. İnstitut əməkdaşları nüfuzlu rəqəmsal kitabxanalara (EBSCO, eİFL və s.) çıxış imkanları əldə etmişdir.

Həmçinin qeyd etdi ki, mərkəzdə alim və tədqiqatçıların elmi əsərlərinin, o cümlədən əsərlərə olan istinadların sayının müəyyənləşdirilməsi məqsədilə bir sıra elmmetrik və bibliometrik göstəricilərdən istifadə etməklə elmi tədqiqatlar aparılır.

Sonra qonaqlar institutun “İnfoTV” internet televiziyası, İnternet-kafe, o cümlədən Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatında təklif olunan xidmətlər və məhsullarla tanış oldular, onlara Yaponiya və Almaniya istehsalı olan genişformatlı, yüksəksürətli rəqəmsal çap avadanlıqları, müxtəlif kitab, dərslik və jurnalların nəşri ilə bağlı görülən işlər barədə məlumat verildi.

Görüşdə, həmçinin AMEA İnformasiya Texnologiyaları İnstitutu və AR Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin inkişafı, elm və təhsilin inteqrasiyası nəticəsində əldə olunan nailiyyətlərin, elmi innovasiyaların təhsil mühitinə transferi məsələləri ətrafında müzakirələr aparıldı. Bu sahədə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi və peşəkar kadr hazırlığının həyata keçirilməsinin zəruriliyi vurğulandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.