Şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilib

30 İyun 2016 - 09:05 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2016-ci il üçün yarımillik hesabatı müzakirə olundu. TİM-in rəhbəri Rəsmiyyə Mahmudova cari ildə mərkəzdə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verərək şəxsiyyətin informasiya mədəniyyətinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənildiyini söylədi. Bildirdi ki, mərkəzdə intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının analizi, təhsil proseslərinin informasiyalaşdırılması problemləri istiqamətində uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması metod və alqoritmlərinin işlənməsi və “Testologiya: müasir vəziyyəti, problemləri və perspektivləri” mövzularında elmi-tədqiqatlar aparılır.

R.Mahmudova respublika üzrə doktorant və dissertantlara informatika fənninin tədrisi və imtahanların qəbulunun mərkəzin əsas fəaliyyət istiqamətlərindən olduğunu qeyd edərək cari ildə bu istiqamətdə görülmüş işlərdən danışdı. Qeyd etdi ki, AMEA-nın institut və təşkilatlarının doktoranturasına fəlsəfə fənni üzrə qəbul və doktorluq imtahanları, institutun doktoranturasına qəbul və ixtisas imtahanları, eləcə də AMEA magistrantları üçün informatika fənni və ümumi fənlər üzrə dərs və imtahanların yüksək səviyyədə təşkili işləri həyata keçirilir.

Onun sözlərinə görə, AMEA Naxçıvan Bölməsi, AMEA Gəncə Bölməsi və Naxçıvan Dövlət Universitetinin doktorant və dissertantları üçün distant dərslər və imtahanlar təşkil edilir. Müəssisə və təşkilatların əməkdaşları və sıravi vətəndaşlar üçün İT-kursların təşkili və sertifikatlaşdırma ilə bağlı işlər davam etdirilir.

TİM-in rəhbəri mərkəzin elmi-innovasiya və praktiki fəaliyyətindən bəhs edərək hər il olduğu kimi, cari ildə də orta məktəb şagirdləri arasında İnformatika Layihələri Olimpiadası və ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasının keçirilməsi ilə əlaqədar görülmüş tədbirlər haqqında məlumat verdi.

Müxtəlif təyinatlı elmi nəşrlərin hazırlanması istiqamətində yerinə yetirilmiş işləri diqqətə çatdıran məruzəçi bu il “Uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi problemləri” adlı ekspress-informasiyanın nəşr olunduğunu qeyd etdi.

R.Mahmudova TİM-in fəaliyyəti və burada həyata keçirilən innovativ layihələrin müntəzəm olaraq işıqlandırılması üçün mərkəzin veb-saytının yaradılması istiqamətində görülən işlərdən danışdı. Həmçinin mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlər barədə məlumat verdi.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonra institutun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev mərkəzin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Alim TİM-in fəaliyyətinin AMEA rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Testologiyanın elmi-nəzəri problemlərinin dərindən araşdırılması və “Jestlər kommunikasiya vasitəsi kimi” mövzusu üzrə fundamental tədqiqatların aparılmasının vacibliyini qeyd etdi. R.Əliquliyev həmçinin şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, əldə olunmuş elmi nəticələrin yüksək impakt faktorlu jurnallarda əksini tapmasının zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.