Mayın 27-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələ haqqında məlumat verdi, iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Elçin Məmmədovun 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq” ixtisası üzrə “Müasir elektron kitabxana şəbəkəsinin yaradılması mexanizmlərinin işlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.
Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.
Sonra E.Məmmədov dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.
İnteqral kitabxana sistemlərinin tətbiqində meydana çıxan texniki, lisenziya və dil problemləri, elektron-kitabxana informasiya sistemlərinin yaradılması zamanı standartlar, terminologiyalarda formalaşan fikir ayrılıqları, kontentin düzgün təsvir və təsnif edilməsində müxtəliflik, kompleks yanaşmanın mövcud olmaması, rəqəmsallaşma, arxivləşdirmə və məlumatların qorunma əməliyyatlarının sistemli iş prosesinə, yaradılan resursların menecment məsələlərinin mərkəzləşdirilmiş iş prinsipləri üzrə təkliflərin verilməsi, müəllif hüquqlarının qorunması, informasiya təhlükəsizliyi məsələlərində yaranan problemlər, ölkə üzrə müasir modelli elektron kitabxana informasiya sisteminin yaradılması və s. kimi bir sıra məsələlərin tədqiqat işinin aktuallığını səciyyələndirən amillərdən olduğunu bildirdi.
Qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi ölkədə mərkəzləşdirilmiş və müasir xidmət imkanlarına malik elektron kitabxana şəbəkəsinin yaradılmasının nəzəri perspektivlərinin işlənilməsidir.
Onun sözlərinə görə, dissertasiya işində elektron-kitabxanaların inkişaf mərhələləri, imkanları, strukturu, təsnifatı və mövcud vəziyyəti analiz olunmuş, Viki, CRM və bulud texnologiyaları əsasında elektron kitabxanaların informasiya resurslarının formalaşması, saxlanılması və istifadəsinin təşkilində tətbiq edilən standartlar araşdırılmış, müasir informasiya idarəetmə sistemləri modelində elektron kitabxanaların menecment səmərəliliyinin artırılması üzrə işlər görülmüş, elektron kitabxanalarda istifadəçilərlə iş prinsipinin müəyyənləşdirilməsi, sosial şəbəkə və bloqların yaradılması, müxtəlif növ xidmətlərin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədqiqatlar aparılmış, müasir elektron kitabxana şəbəkələrinin nəzəri modeli işlənilmişdir.
E.Məmmədov, həmçinin qeyd etdi ki, dissertasiya işində təklif edilən nəzəri model milli mərkəzləşdirilmiş kitabxana şəbəkələrinin, onlayn kitabxana sistemlərinin, kommersiya xarakterli elektron kitabxanaların yaradılmasında tətbiq oluna bilər.
Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.
Elmi rəhbər AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya cəmiyyətinin əsas lokomotivi olan elektron kitabxanaların çoxaspektli problemlərinin araşdırılmasının əhəmiyyətli məsələlərdən olduğunu qeyd etdi. Ölkədə elektron kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, müasir tələblərə cavab verən Viki, CRM texnologiyaları və proqram təminatları ilə təmin olunması, milli elektron kitabxana şəbəkəsinin formalaşdırılması məqsədilə tədbirlər görülməsinin vacibliyindən söz açdı. Təqdim olunan dissertasiya işində həll olunan məsələlər və təklif olunan modellərin milli elektron kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində mühüm elmi nəticələr ortaya qoyduğunu diqqətə çatdırdı.
İkinci elmi rəhbər Bakı Dövlət Universitetinin “Kitabxana resursları və informasiya axtarış sistemləri” kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Xəlil İsmayılov mövzunun aktuallığını önə çəkərək bu işin müvafiq elm sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.
Dissertasiya işi üzrə rəsmi opponentlər – texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və tarix üzrə fəlsəfə doktoru Cavid Cəfərov dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirərək tədqiqatın praktiki əhəmiyyətini qeyd etdilər, təklif və iradlarını səsləndirdilər.
Müzakirələrdə çıxış edən tаriх еlmləri dоktоru, prоfеssоr Abuzər Xələfov, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, texnika üzrə elmlər doktoru, professorlar Cavanşir Məmmədov, Vidadi Musayev və Nadir Ağayev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər.
İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və E.Məmmədova texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.