Ən son texnoloji yeniliklər təqdim olunub

18 Dekabr 2015 - 15:00 | Konfranslar, İclaslar

Məlum olduğu kimi, son illər informasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Hazırda elmi-texniki tərəqqi nəticəsində icad edilmiş texnologiyaların sayı durmadan artır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında təqdim edilən məruzələrdən biri də məhz ən son texnoloji yeniliklərə həsr olunmuşdur. Tədbirdə şöbə müdiri Şakir Mehdiyev İKT sahəsində baş verən yeniliklərlə bağlı məruzəni təqdim edib. O, dünyada ilk dəfə olaraq Kolumbiya Universitetinin Mühəndislik məktəbinin (Nyu-York) alimləri tərəfindən yaradılmış bioloji orqanizmlərə oxşar, canlı hüceyrələrdən qidalanan inteqral sxemlər barədə məlumat verib. 

Ş.Mehdiyev qeyd edib ki, “Western Digital” şirkəti dünyada ilk dəfə “HelioSeal” texnologiyasından istifadə etməklə hazırlanmış və informasiya həcmi 10 terabayt olan sərt diski satışa çıxarıb. Onun sözlərinə görə, belə disklər enerjiyə 23 faiz qənaət etməyə kömək edir. Onların yaddaşının 2020-ci ilədək 50 terabayta çatdırılması nəzərdə tutulur.

Şöbə müdiri son dövrlər İKT mütəxəssislərinin diqqət mərkəzində olan Li-Fi simsiz rabitə şəbəkəsi barədə məlumat verib. “Velmenni” şirkətinin bir neçə ofisində bu şəbəkəni sınaqdan keçirildiyini söyləyib. Qeyd edib ki, şirkət yeni texnologiya ilə 1 Gbit/san sürət əldə etməyə müvəffəq olub. Bu da orta statistik Wi-Fi şəbəkəsi ilə müqayisədə 100 dəfə çox sürət deməkdir. Bu şəbəkədə məlumatların nanosaniyələr içində LED işıqlar vasitəsilə ötürüldüyünü diqqətə çatdıran Ş.Mehdiyev texnologiyanın yaxın 3-4 il ərzində istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Şöbə müdiri “Neverware” şirkəti tərəfindən orta məktəblərdə istifadə müddəti başa çatmış kompüter və noutbuklardan yararlanmaq məqsədilə yaradılmış “Chromium”a əsaslanan bulud əməliyyat sistemi – “CloudReady” barədə danışıb. Məruzəçinin bildirdiyinə görə, bu əməliyyat sistemi 8 ildən daha çox istifadə olunmuş istənilən fərdi kompüteri yeni kompüterə çevirmək imkanına malikdir.

Bu yaxınlarda Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən “Eco-Products 2015” adlı beynəlxalq sərgidən söz açan Ş.Mehdiyev burada dünyanın aparıcı şirkətlərindən olan “Epson” tərəfindən kağızları təkrar emal edən “PaperLab” adlı ilk yığcam qurğunun təqdim olunduğunu vurğulayıb. Qeyd edib ki, bu qurğu 8 saata A4 formatında 6720 vərəq emal edir.

Şöbə müdiri, həmçinin yapon şirkəti “Panasonic Corporation” tərəfindən hazırlanmış “Megahonyaku” adlı meqafonun imkanlarından bəhs edib. Real vaxt rejimində müxtəlif dillərdə danışan şəxslərin nitqini tərcümə etmək imkanına malik meqafonun əsasən hava limanı və vağzalda çalışan işçilər üçün nəzərdə tutulduğunu söyləyib. Onun sözlərinə görə, meqafon 3 dildə səsləndirilmiş ifadəni tərcümə edə və bu tərcüməni ardıcıllıqla ucadan səsləndirə bilir. Bundan başqa, “Megahonyaku” fövqəladə hallar baş verərsə, vacib məlumatları ötürmək imkanına malikdir.

Məruzəçi, həmçinin gələcəyin yüksəksürətli naqilsiz şəbəkəsi adlandırılan “pCELL”, o cümlədən CryptoLocker proqramı haqqında da ətraflı məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.