AMEA İnformasiya Texnologiyaları İnstitutunda 30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününə həsr olunmuş elmi seminar keçirildi. Dünyada ilk dəfə 1988-ci ildə qeyd olunan bu gün ilə bağlı institutda da geniş şəkildə keçirilən tədbirlər artıq ənənə halını alıb. Tədbirdə informasiya təhlükəsizliyinin tədrisi üzrə dünya təcrübəsi, sosial şəbəkələrdə təhlükəsizlik, AzScienceCERT-in hazırki fəaliyyəti və perspektiv inkişaf planları, mobil telefonlarda informasiya təhlükəsizliyi ilə bağlı məruzələr dinlənildi və geniş müzakirələr aparıldı.
AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev artıq 27 ildir ki, dünya miqyasında qeyd edilən Beynəlxalq İnformasiya Təhlükəsizliyi gününün əhəmiyyətindən danışdı. İnformasiya təhlükəsizliyinin təmini məsələlərinin hər bir dövlətin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biri kimi strateji rol oynadığını bildirdi. Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm sənədlərin qəbul edildiyini söylədi. “Elektron hökumət” infrastrukturunun inkişaf etdirilməsi, onun dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə dövlət proqramlarının həyata keçirildiyini dedi. Prezident İlham Əliyevin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya təhlükəsizliyi məsələlərinin geniş şəkildə öz əksini tapdığını qeyd etdi.
Tədbirdə respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə olan AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi Yığıncaqda Prezident İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərdən, alimlərin qarşısına qoyduğu vəzifələrdən də söz açıldı. İnstitut direktoru humanitar və ictimai elmlərlə yanaşı texniki sahə üçün də hədəflərin müəyyən edildiyini qeyd etdi, kosmik elmin inkişafının alimlərdən xüsusi araşdırmalar tələb etdiyini bildirdi.
R.Əliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını və müntəzəm olaraq elmi seminarların keçirildiyini bildirdi. “İnstitutda artıq 20 ilə yaxındır ki, bu sahə üzrə tədqiqatlar aparılır. İnformasiya təhlükəsizliyinin təmini problemlərinin elmi-nəzəri əsasları araşdırılır, yeni metod və alqoritmlər işlənilir, dünyada bu sahədə görülən işlər və təcrübə öyrənilir” – deyən akademik əldə olunmuş mühüm elmi nəticələrin elmi əsərlərdə, nüfuzlu jurnallarda, kitab və monoqrafiyalarda öz əksini tapdığını söylədi. Qeyd etdi ki, milli informasiya təhlükəsizliyinin formalaşmasına elmi-praktiki dəstək vermək, onun nəzəri əsaslarını inkişaf etdirmək, həmçinin dünya elminə töhfə vermək institutun əsas istiqamətlərindən biridir.
İnstitut direktoru informasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi ixtisası üzrə elmi kadrların və yüksəkixtisaslı peşəkar mütəxəssislərin hazırlanması istiqamətində institutda həyata keçirilən işlərdən də danışdı. İnstitutun gənc alim və mütəxəssislərinin ixtisasartırma, təcrübə mübadiləsinin aparılması və treninqlərdə iştirakı ilə bağlı görülən tədbirlərdən söz açdı: “Gənc alim və mütəxəssislər bu məqsədlə Koreya, Türkiyə, Polşa, Çexiya kimi ölkələrə ezam olunurlar. Bu tədbirlər daha dərin nəzəri və praktiki biliklərin əldə olunmasına xidmət edir. Əldə olunan təcrübə Azərbaycan Milli Elmlər Akademiyasının AzScienceNet elm kompüter şəbəkəsində tətbiq olunur ki, bu da şəbəkə resurslarının daha səmərəli idarə və istifadə olunması baxımından vacibdir”. R.Əliquliyev bu sahə üzrə institutda onlarla elmlər doktoru və fəlsəfə doktorlarının hazırlandığını qeyd etdi.
Tədbirdə şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev “İnformasiya təhlükəsizliyi sahəsində təhsil üzrə dünya təcrübəsi” mövzusunda məruzə ilə çıxış etdi. Y.İmamverdiyev informasiya təhlükəsizliyi sahəsində keyfiyyətli təhsilin əhəmiyyətindən danışaraq, dünyada bu istiqamətdə görülən tədbirlər haqqında məlumat verdi. O, peşəkar mütəxəssislərin yetişdirilməsi üçün ixtisasartırma kurslarının, kibertəhlükəsizlik üzrə təlimlərin keçirildiyini, maarifləndirmə işlərinin aparıldığını, informasiya təhlükəsizliyi üzrə müxtəlif yarış və müsabiqələrin təşkil olunduğunu bildirdi. Maarifləndirmənin məktəbəqədər təhsil müəssisələrindən başlanılmasının məqsədəuyğunluğunu ifadə etdi.
Y.İmamverdiyev Böyük Britaniya və Rusiyada informasiya təhlükəsizliyi sahəsi üzrə ali təhsil sistemində mövcud təcrübədən söz açdı. Kompüter və kompüter şəbəkələrinin, informasiya texnologiyalarının təhlükəsizliyi, kompüter insidentlərinin təhqiqatı, informasiya sistemləri sahəsində qanunvericilik, informasiya təhlükəsizliyinin menecmenti üzrə tədrisin aparıldığını dedi. İnformasiya təhlükəsizliyi üzrə ixtisaslar haqqında məlumat verdi.
Elmi seminarda çıxış edən institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev “Sosial şəbəkələrdə təhlükəsizlik problemləri” mövzusunda məruzə etdi. Hazırda dünyada 200-dən çox sosial şəbəkənin mövcud olduğunu qeyd edən R.Şıxəliyev bu şəbəkələrin insanlar arasında qarşılıqlı əlaqə və kommunikasiya üçün böyük imkanlara malik olduğunu, lakin bununla yanaşı sosial şəbəkələrin istifadəçilərin şəxşi həyatının toxunulmazlığı və təhlükəsizliyi ilə bağlı yeni problemlər də yaratdığını söylədi. “Sosial şəbəkələr yeni təhlükəsizlik risklərinin yaranmasına gətirib çıxarır. Bu risklər zərərli proqramların və spamların yayılması, sosial mühəndislik və sosial şəbəkə hesablarına hücumların həyata keçirilməsi, fərdi məlumatların oğurlanması, izləmə, aldatma və s. kimi təhlükələrlə bağlıdır”.
“Hazırda dünyada sosial şəbəkələrdə 2 milyarddan çox aktiv istifadəçi hesabları vardır və bunlardan 1,6 milyardı mobil qurğular vasitəsi ilə istifadə edilir. Şəbəkə istifadəçilərinin sayı Yer kürəsi əhalisinin 28%-dən, İnternet istifadəçilərinin isə 72%-dən çox hissəsini təşkil edir” – söyləyən məruzəçi sosial şəbəkələrdə mümkün təhlükələrin və onlardan mühafizə tədbirləri və üsullarının analizinin aparılmasının aktual məsələlərdən olduğunu qeyd etdi. Bu cür təhlillərin insanların şəbəkələrdən təhlükəsiz istifadə etməsinə kömək edə biləcəyini vurğuladı. Sosial şəbəkələrdə təhlükələr, ən məşhur zərərli proqramlar, fərdi mühafizə tədbirləri haqqında ətraflı məlumat verdi.
Tədbirdə “AzScienceCERT-in hazırki fəaliyyəti və inkişaf perspektivləri” adlı məruzə ilə institutun sektor müdiri Babək Nəbiyev çıxış etdi. Bildirdi ki, CERT (Computer Emergency Response Team – Kompüter insidentlərini cavablandırma qrupu) qurumlarının vəzifəsi qlobal informasiya təhlükəsizliyi təhdidləri ilə mübarizə aparmaq, onları aşkarlamaq və vaxtında qarşısını almaqdır. B.Nəbiyev AzScienceCERT-in fəaliyyəti haqqında məlumat verərək onun akademiyanın internet şəbəkəsi – AzScienceNet-də informasiya təhlükəsizliyi insidentlərini cavablandırma qrupu olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, AzScienceCERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin idarə edilməsini təmin etməkdir. O, həmçinin AzScienceCERT-in beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq təşkilatlarda üzvlüyü ilə əlaqədar mühüm tədbirlərin həyata keçirildiyini bildirdi.
Elmi seminarda həmçinin mobil telefonlarda informasiya təhlükəsizliyi ilə bağlı məruzə də dinlənildi. İnstitutun böyük elmi işçisi Şüşə Kərimova mobil texnologiyalar, mobil rabitə standartları, mobil telefonlarda zərərli proqramlar, risklərin qiymətləndirilməsinə yanaşmalar haqqında məlumat verdi. Ş.Kərimova dünyada mövcud olan əməliyyat sistemləri üçün xarakterik olan zərərli viruslar barədə danışdı. Bildirdi ki, “Kaspersky Security Bulletin”in məlumatına əsasən, hər ay zərərli proqramların orta hesabla 6300 yeni mobil nümunəsi müəyyən edilir: “Hazırda Android əməliyyat sistemi üçün 35000-dən çox zərərli proqram növü mövcuddur”.
Tədbirin sonunda akademik Rasim Əliquliyev ölkənin informasiya məkanının təhlükəsizliyinin təmini məsələləri ilə məşğul olan, informasiya təhlükəsizliyi mədəniyyətinin yüksəldilməsi sahəsində maarifləndirmə işlərini aparan, bu sahəyə elmi dəstək verən alim və mütəxəssisləri peşə bayramları münasibətilə təbrik etdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.