Azərbaycanın terminoloji informasiya sisteminin yaradılması işləri davam edir

19 Noyabr 2015 - 04:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda struktur bölmələrin illik fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclasları davam edir. Növbəti iclasda şöbə müdiri Gülnarə Nəbibəyova təqdimatla çıxış edərək aparılan elmi-tədqiqat işləri ilə bağlı məlumat verib. Məruzəçi e-dövlətin formalaşması problemləri üzrə araşdırmaların əhəmiyyətindən danışaraq, xarici siyasət sahəsində OLAP texnologiyaları əsasında qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sisteminin işlənilməsi istiqamətində işlərin davam etdiyini bildirib.

Terminoloji informatikanın formalaşması problemlərinə də toxunan G.Nəbibəyova terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi, həmçinin virtual məkanda Azərbaycan  dilinin  tətbiqi  problemləri, onomastik informatika, İnternet-medianın formalaşması problemləri, veb-texnologiyalar istiqamətində elmi tədqiqatların aparıldığını qeyd edib. 

G.Nəbibəyova cari ildə AMEA-nın institut və təşkilatlarının veb-saytlarına tələblərin hazırlandığını və bu tələblər üzrə monitorinqin aparıldığını söyləyib. Onun sözlərinə görə, monitorinqin müxtəlif göstəricilər üzrə nəticələrinə dair xüsusi arayışlar hazırlanmışdır. Məruzəçi AMEA institutlarının veb-saytlarının fəaliyyətinin yüksək səviyyədə təşkili üçün yaradılmış veb-qruplar üçün treninqlərin keçirilməsi istiqamətində görülən tədbirlərdən də danışıb. 

Sonra şöbə müdiri institutun www.ict.az veb-saytının illik fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. O, cari il üzrə sayta olan müraciətlərin aylar, illər və ölkələr üzrə statistik göstəricilərini, eləcə də “Xəbərlər” bölməsinin statistikasını iştirakçıların diqqətinə çatdırıb.

Məruzəçi həmçinin hesabat ili ərzində şöbənin mütəxəssisləri tərəfindən müxtəlif təşkilatların veb-saytlarının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işlər, keçirilən şöbədaxili seminarlar, konfrans, seminar və simpoziumlarda iştirak, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, şöbə üzrə elmmetrik göstəricilər, elmi-praktiki nəticələrin KİV-də təbliği və reklam-marketinq işləri, elmi-təşkilati fəaliyyət haqqında məlumat verib.

Hesabat ətrafında müzakirələr aparılıb, rəy və tövsiyələr səsləndirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.