Məlum olduğu kimi, AMEA İnformasiya Texnologiyaları İnstitutunda institut şöbələrinin illik hesabat iclasları keçirilir. Rəhbərlik etdiyi şöbənin cari il üzrə hesabatını təqdim edən Mədinə Səidova elmi-tədqiqat, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, elmi-praktiki nəticələrin KİV-də təbliği və s. ilə bağlı görülmüş işlərdən danışıb.
Məruzəçi elmi-tədqiqat işləri çərçivəsində bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanlarının araşdırıldığını bildirib. Bibliometriyanın müasir vəziyyəti, problemləri və həlli perspektivlərinin tədqiq olunduğunu, elmi istiqamətlərin bibliometrik analizinin aparıldığını söyləyib.
O, həmçinin gələcək nəsil elektron kitabxanaların formalaşması problemləri, elmi fəaliyyətin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi istiqamətində də araşdırmaların aparıldığını diqqətə çatdırıb. E-dövlətin formalaşması istiqamətində müasir elektron kitabxana şəbəkəsinin yaradılması metodlarının işlənildiyini qeyd edib.
İnstitutda ən müasir texnologiyalarla təchiz edilmiş E-Kitabxana Mərkəzinin fəaliyyəti haqqında məlumat verən şöbə müdiri kitabxanada təhlükəsizliyin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyasından istifadə olunduğunu bildirib. Onun sözlərinə görə, resursların meta-verilənlərinin hazırlanması, sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. O, resursların təsnifatı və predmetləşdirilməsinin ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirildiyini vurğulayıb. Bildirib ki, institut Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun üzvü kimi EBSCO, IOP kimi bir sıra elektron resurs bazalarına giriş imkanına malikdir. İnstitut əməkdaşlarının elektron elmi bazalardan istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlərin həyata keçirildiyini qeyd edib.
M.Səidova elmi-innovasiya fəaliyyəti çərçivəsində Azərbaycanda elmin cari vəziyyəti haqqında hesabatların hazırlandığını, AR Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi” qrant layihəsində iştirak, elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi, yayılması, o cümlədən resursların fiziki işlənməsi və s. həyata keçirildiyini vurğulayıb.
Məruzəçi, həmçinin cari il ərzində şöbə əməkdaşlarının elmi-texniki konfrans və simpoziumlarda iştirak etdiyini, müxtəlif problemlərə həsr olunmuş şöbədaxili seminarların keçirildiyini və məqalələrin tanınmış elmi jurnallarda nəşr olunduğunu diqqətə çatdırıb.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər səsləndirilib. Elmi şuranın qərarı ilə hesabat qənaətbəxş hesab olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.