AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test üsulu ilə keçirilməsinin təşkilinə dair işlər aparılır. Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov institutun Elmi Şurasının iclasında bildirib.
Şöbə müdiri bildirib ki, AMEA Prezidentinin 9 iyun 2015-ci il tarixli “AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanlarının test texnologiyaları əsasında keçirilməsi haqqında” sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün institutda işçi qrupu yaradılıb: “AMEA-nın institut və təşkilatlarından daxil olan müraciətlər əsasında test sisteminin tətbiqi üçün proqram təminatının yaradılması və yerlərdə istismara verilməsi əsas vəzifə kimi qarşıya qoyulmuşdur”. O, sərəncamın icrası ilə əlaqədar cari ilin iyul ayının 3-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinin birgə təşkilatçılığı ilə seminar-müşavirənin keçirildiyini diqqətə çatdırıb.
F.Yusifov akademiyada bütün fənlər üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının bu ilin dekabr ayında keçiriləcəyini söyləyib.
Şöbə müdiri institutda respublikanın bütün doktorant və dissertantları üçün informatika fənni üzrə doktorluq imtahanlarının 2013-cü ilin iyun ayından etibarən elektron test üsulu ilə keçirildiyini qeyd edib: “Tədris proqramında nəzərdə tutulmuş mövzular üzrə test tapşırıqları hazırlanır, institutun Elmi Şurası tərəfindən təsdiq edildikdən sonra test bazasına daxil edilir. Nəticədə formalaşmış yeni test bazası əsasında elektron test sistemi hazırlanır”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.