İnstitutda “Vətən müharibəsində Azərbaycan qadınının rolu” mövzusunda toplantı keçirilib İyun 25, 2021 | 06:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Vətən müharibəsində Azərbaycan qadınının rolu” mövzusunda toplantı keçirilib.

Öncə institututun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək tədbirin 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunduğunu deyib.

Bu günün tarixinə nəzər salan R.Ələkbərov Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il tarixli qərarı ilə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandığını,  ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanına əsasən iyunun 26-nın Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildiyini deyib. Bildirib ki, həmin gündən etibarən müstəqil Azərbaycan dövləti hər il 26 iyunu Silahlı Qüvvələr Günü kimi qeyd edir.

Direktor müavini 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev və müzəffər ordumuzun tarixi qələbəsindən sonra Azərbaycan xalqının Silahlı Qüvvələr Gününü daha böyük sevinc və qürur hissi ilə qeyd etdiyini bildirib: “Azərbaycan xalqı neçə illərdən bəri ilk dəfə olaraq vahid şəkildə birləşdi və zəfər qazandı. II Qarabağ müharibəsində əldə edilən qələbə ilə Azərbaycan xalqı bütün dünyaya mübariz ruhlu bir xalq kimi təqdim olundu”.

Vətən müharibəsində əldə  oluan tarixi zəfərdə qadınların əvəzsiz rolundan söz açan R.Ələkbərov qeyd edib ki, Qarabağ uğrunda canından keçən şəhidlərimizi, vətən uğrunda savaşan qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və Qarabağ sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.

Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş,  könüllü olaraq müharibə zonasına yollanmış, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni etmişlər.

İnstitutun Qadınlar şurasının sədri, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova 26 iyunla bağlı keçirilən tədbirin çox əlamətdar bir ilə - qələbə ilinə təsadüf etdiyini deyib. Qeyd edib ki,  torpaqlarımızın erməni işğalçılarından azad olunması bizə bu il Silahlı Qüvvələr Gününü qalib xalqın nümayəndələri kimi, ruh yüksəkliyi ilə qeyd etməyə imkan verir.

O, “Vətən”, “torpaq” anlayışına Azərbaycan millətinin hər zaman müqəddəs məfhum kimi böyük dəyər verdiyini deyib. “Qəhrəman analarımızın yetişdirdiyi, vətən uğrunda canından keçməyə hazır olan əsgər və zabitlərimizlə fəxr edirik”,  - söyləyən Z.Cəbrayılova Azərbaycan qadınlarının həm müharibə dövründə əsgərlərə dəstək göstərdiklərini, ruh yüksəkliyi aşıladıqlarını, həm də sülhsevərlik kimi nəcib xüsusiyyətə malik olduqlarını vurğulayıb.  

Çıxışının sonunda Z.Cəbrayılova Silahlı Qüvvələr Günü münasibətilə hər kəsi təbrik edib, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova əsgər və zabitlərimizin vətənə olan məhəbbəti, cəsurluğu və şücaəti sayəsində xalqımızın 30 ildən bəri itirilmiş qürurunun bərpa olunduğunu dilə gətirib.

O, sentyabrın 27-nin hər bir azərbaycanlının yaddaşına qələbənin başlanğıc günü kimi həkk olunduğunu deyib. Məhz həmin gün neçə-neçə gəncimizin könüllü olaraq cəbhəyə yollandığını, ərazi bütövlüyümüz uğrunda döyüşlərə qatıldığını söyləyərək, anaların öz övladlarını xeyir-dua ilə cəbhəyə yola salmasını Azərbaycan qadınının məğrurluq göstəricisi kimi qiymətləndirib.

İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova öz çıxışında II dünya müharibəsində böyük qəhrəmanlıq göstərmiş gəmi kapitanı Şövkət Səlimova, pilot Züleyxa Seyidməmmədova, həkim Aliyə Rüstəmbəyova kimi Azərbaycan qadınlarından bəhs edib, onların şərəfli həyat və fəaliyyətinin mühüm məqamlarını tədbir iştirakçılarınnı diqqətinə çatdırıb.

Ş.Mahmudova, həmçinin 44 günlük vətən savaşında iştirak edən və II Qarabağ müharibəsinin yeganə şəhid-qadını olan, hərbi-feldşer Arəstə Baxışova haqqında məlumat verib. Onun Qubadlı istiqamətində gedən döyüşlər zamanı yaralı hərbçilərimizə tibbi yardım göstərərkən şəhidlik zirvəsinə ucaldığını deyib.

Tədbirdə çıxış edən institutun baş müsahibi Xatirə Məmmədova bir qarabağlı kimi 30 il öz torpağına qovuşmaq arzusu ilə yaşadığını, doğma yurd-yuvasına qayıdacağına hər zaman inandığını söyləyib. Bu zəfəri Azərbaycan xalqına yaşatdığına görə Ali Baş Komandana və müzəffər ordumuza təşəkkürünü ifadə edib.

İnstitutun baş mütəxəssisi Əfruz Qurbanova Azərbaycanda qadınların tarixən fəal olduqlarını qeyd edərək, qadın hökmdar Nüşabə, orta əsrlərdə mütərəqqi fikirlərilə cəmiyyətin maariflənməsinə çalışan Məhsəti Gəncəvi, ilk diplomat qadın Sara xatun, Şuşada ilk ədəbi məclisi yaratmış Xurşudbanu Natavan kimi məğrur ziyalı qadınlarımızın fəaliyyətinin hər zaman örnək olduğunu bildirib.

Ə.Qurbanova nitqinin sonunda ulu öndərin Azərbaycan qadınına verdiyi yüksək qiymətin göstəricisi olan ifadəsini səsləndirib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi ilə tanınmışdır. Bütün qadınlar cəmiyyətdə əhəmiyyətli rol oynayırlar ”.

İnstitutun baş mütəxəssisi Kəmalə Haşımova öz çıxışında gənc əsgərlərimizin, mərd oğulların Qarabağ müharibəsində tarixi qələbəyə imza atdıqlarını, bu zəfərin əldə olunmasında Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və onun Azərbaycan dövlətinin haqlı mövqeyini böyük məharətlə ifadə etməsinin əvəzsiz rolu olduğunu söyləyib.

İnstitutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova tədbirin  əlamətdar bir günə həsr olunduğunu deyib, Silahlı Qüvvələr Günündə rəşadətli Azərbaycan ordusuna hər zaman qələbə çalmağı, əsgər və zabitlərimizə mübariz olmağı arzu edib.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev  müasir dövrdə Azərbaycan qadının cəmiyyətin bütün sferalarında fəallıq nümayiş etdirdiklərini, rəhbər vəzifələrdə çalışdıqlarını söyləyib. Həmçinin İnformasiya Texnologiyaları İnstitutunun nailiyyətlərinin əldə olunmasında bu qurumun qadın əməkdaşlarının əvəzsiz rolunu önə çəkib.

Sonra toplantıda institutun əməkdaşı, Vətən müharibəsi iştirakçısı Şahin Rəsulov çıxış edib. O, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə iştirak etdiyinə, bu tarixi qələbənin qazanılmasında payı olduğunu görə fəxr etdiyini söyləyib.

2020-ci ilin sentyabr ayında səfərbərlik üzrə hərbi xidmətə çağırılan Ş.Rəsulov Füzuli, Xocavənd, Cəbrayıl və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etdiyini, oktyabrın 18-də Füzuli cəbhəsində yaralandığını deyib.

Qadın həkimlər, tibb bacıları ordumuza böyük dəstək göstərir, hospitallarda yaralı əsgərlərimizin həyatını xilas etmək üçün yorulmadan çalışırdılar,  -deyə vətən müharibəsi iştirakçısı əlavə edib.

Toplantıda, həmçinin AMEA Qadınlar şurasının sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli və AMEA Biofizika İnstitutunun Qadınlar şurasının sədri Əsmər Məmmədova çıxış edərək təmsil etdikləri təşkilatın Qarabağ müharibəsi dövründəki fəaliyyəti ilə bağlı məlumat veriblər. Qadınların cəmiyyətin bütün sferalarında təmsil olunmalarının müasir dövrün tələbi olduğunu söyləyiblər, onların elm sahəsində iştirak səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı