“Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənməsi” adlı dissertasiya işi müzakirə olunub Aprel 28, 2021 | 12:32 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun dissertantı Hüseyn Qasımovun texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə  təqdim etdiyi “Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənməsi” adlı dissertasiya işinin ilkin müzakirəsinə həsr olunduğunu söyləyib.

Sonra H.Qasımov çıxış edərək bildirib ki, dissertasiya işi Giriş, 4 Fəsil, Nəticə, Ədəbiyyat siyahısı və Əlavələrdən ibarətdir. Dissertasiya işi çərçivəsində 9 məqalə, 10 konfrans materialı, 1 metodik vəsait hazırlanmışdır. Məqalələrdən 1-i nüfuzlu beynəlxalq “Scopus” bazasına daxil olan jurnalda çap olunmuşdur.

Sonra o, tədqiqatın aktuallığından söz açaraq qeyd edib ki, tədris prosesinin professor-müəllim heyətinin öyrənənlərlə onlayn qarşılıqlı əlaqəsi əsasında  təşkilinin mümkünlüyü, təhsil sistemində qlobal dəyişikliklər və ilk növbədə klassik universitetin elektron universitetə keçirilməsinin vacibliyi və s. dissertasiya işinin aktuallığını şərtləndirən amillərdir. Virtual təhsil mühitində  e-universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənməsi işin əsas məqsədidir.

O, bildirib ki, qloballaşma şəraitində e-universitetlərə konseptual yanaşmalar və Azərbaycan təhsil mühiti üçün e-universitetin konseptual modelinin işlənməsi,  e-universitetdə intellektual idarə olunmanı tələb edən arxitektur komponentlərin müəyyənləşdirilməsi və onlar arasındakı qarşılıqlı münasibətlərin aşkarlanması, dəyişən əmək bazarında ixtisasların perspektivlik dərəcəsinin təyin olunmasına konseptual yanaşmanın və abituriyentlərə dəstək sisteminin işlənməsi, dəyişən əmək bazarında ixtisasların perspektivlik dərəcəsinin təyin olunmasına konseptual yanaşmanın və abituriyentlərə dəstək sisteminin işlənməsi və s. məqsədə çatmaq üçün qarşıya qoyulmuş əsas məsələlərdir.

Müdafiəyə çıxarılan əsas müddəalar haqqında məlumat verən məruzəçi diqqətə çatdırıb ki, buraya Azərbaycan təhsil mühiti üçün e-universitetin konseptual modeli, e-universitetdə intellektual idarə olunmanı tələb edən arxitektur komponentlər və onlar arasındakı qarşılıqlı münasibətləri, dəyişən əmək bazarında ixtisasların perspektivlik dərəcəsinin təyin olunmasına konseptual yanaşma və abituriyentlərə dəstək sistemi, dəyişən əmək bazarında ixtisasların perspektivlik dərəcəsinin təyin olunmasına konseptual yanaşma və abituriyentlərə dəstək sistemi və s. aiddir.

H.Qasımov dissertasiya işinin elmi yeniliklərini seminar iştirakçılarının nəzərinə çatdıraraq söyləyib ki, qloballaşma şəraitində mövcud e-universitet modelləri araşdırılmış və Azərbaycan təhsil mühitinə uyğun e-universitetin konseptual modeli təklif edilmişdir, e-universitetdə Fərdi Təhsil Trayektoriyasının intellektual idarə olunmasını təmin edən arxitektur komponentlər müəyyənləşdirilmiş və onların idarə edilməsi sisteminin arxitektur-texnoloji modeli təklif olunmuşdur. Həmçinin qeyri-səlis çoxluqlar nəzəriyyəsinə və neyron şəbəkələrə istinad edilərək təhsilin personalizasiyası konteksində öyrənənin ”start” biliklərinin qiymətləndirilməsi model və metodu işlənilmişdir.

İddiaçının sözlərinə görə, dissertasiya işində əldə olunmuş nəzəri və praktiki nəticələr əsasında Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələrinin bilik səviyyələri elektron qaydada yoxlanılmış, onların qrup üzrə reytinqləri müəyyən edilmişdir.

Dissertasiya işinin əsas nəticələrindən bəhs edən iddiaçı qloballaşma şəraitində mövcud e-universitet modelləri araşdırıldığını, Azərbaycan təhsil mühitinə uyğun e-universitetin konseptual modeli təklif edildiyini, e-universitetdə Fərdi Təhsil Trayektoriyasının intellektual idarə olunmasını təmin edən arxitektur komponentlərin müəyyənləşdirilərək onların idarə edilməsi sisteminin arxitektur-texnoloji modelinin təklif olunduğunu, qeyri-səlis çoxluqlar nəzəriyyəsinə və neyron şəbəkələrə istinad edilərək təhsilin personalizasiyası konteksində öyrənənin “start” biliklərinin qiymətləndirilməsi model və metodunun işlənildiyini qeyd edib.

Dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova və texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev işi yüksək qiymətləndirərək tədqiqatlar zamanı qarşıya qoyulmuş məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini bildiriblər. Dissertasiyanın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd ediblər, eləcə də irad və təkliflərini səsləndiriblər.

Daha sonra dissertasiya işi üzrə elmi rəhbər, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Məsumə Məmmədova çıxış edib. Alim işin aktuallığını önə çəkərək qeyd edib ki, informasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyalarının, dünya təhsil sisteminin və metodoloji mühitin inkişafı şəraitində təhsilin virtualizasiyası prosesinin qaçılmazlığı belə bir dissertasiya işinin işlənilməsini zəruri etmişdir. Elmi rəhbər iddiaçının tədqiqat zamanı qarşıya qoyulan məsələləri uğurla həll etdiyini, işin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu, elmi yeniliyə malik olduğunu bildirib. 

İddiaçı şoxsaylı sualları cavablandırıb.

Müzakirələrdə texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent  Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktorları, dosentlər Şəfəqət MahmudovaFərqanə Abdullayeva çıxış edərək çox vacib və aktual məsələyə həsr olunmuş doktorluq dissertasiyasının yüksək səviyyədə işlənildiyini qeyd ediblər, əldə olunan nəticələrin müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Akademik Rasim Əliquliyev öz çıxışında Azərbaycanda elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənməsinin ölkəmizdə təhsilin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, həmçinin müvafiq istiqamətdə tədqiqatların gələcəkdə də davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini irəli sürüb.

Sonda açıq səsvermə keçirilib. Dissertasiya işinin yekdilliklə növbəti mərhələyə təqdim olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı