İnstitutun 4 magistrantı dissertasiya işini uğurla müdafiə etdi İyun 14, 2020 | 06:32 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş ixtisaslaşdırılmış Müdafiə Şurasının onlayn iclası keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Bildirdi ki, AMEA Prezidentinin 21 may 2020-ci il tarixli “AMEA-nın II kurs magistrantlarının dissertasiya müdafiəsinin təşkili haqqında” sərəncamına uyğun olaraq İnformasiya Texnologiyaları İnstitutunda “Kompüter sistemləri və şəbəkələri”, “Kompüter mühəndisliyi” və “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşmaları üzrə 2019-2020-ci tədris ilində elmi tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsi məqsədilə Müdafiə Şurası təşkil olunmuşdur.

Alim qeyd olunan ixtisaslaşmalar üzrə 4 magistrantın dissertasiya işinin müdafiə olunacağını diqqətə çatdırdı.

İnstitutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov magistrantlar tərəfindən şuraya təqdim olunmuş sənədlər haqqında məlumat verdi.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun magistrantı Xəyalə Əhmədova 249315 ─ “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması metodlarının işlənməsi” mövzusunda dissertasiya işini təqdim etdi. Bildirdi ki, saxta profillərin aşkarlanması metodlarının işlənməsi hazırda aktual məsələlərdən biri hesab olunur. Tədqiqat işinin əsas məqsədi sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üzrə mövcud tədqiqatların analizi, saxta profillərin aşkarlanması əlamətlərinin analizi, eləcə də həmin profillərin aşkarlanması üçün istifadə edilən mövcud bazaların təhlilindən ibarətdir.

O, sosial şəbəkələrdə saxta profillərin növləri, bu profillərin aşkarlanması prosesi, istifadə edilmiş bazalar üzrə əlamətlər, o cümlədən seçilmiş əlamətlər üzrə SML alqoritmlərinin nəticələrinin analizi haqqında ətraflı məlumat verdi.

Dissertasiya işi üzrə eksperimentlərin aparılması və nəticələrin analizindən bəhs edən iddiaçı sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üzrə mövcud tədqiqatların analiz edildiyini, saxta profillərin aşkarlanması üçün istifadə edilən əlamətlərin təhlil olunduğunu, eləcə də maşın təlimi alqoritmlərinin tətbiq edildiyini diqqətə çatdırdı.

249291 – “Kompüter sistemləri və şəbəkələri” ixtisaslaşması üzrə “Vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini institutun magistrantı Aysən Fərəcova təqdim etdi. O, işin əsas məqsədinin e-dövlət portalları tərəfindən göstərilən  xidmətləri vətəndaş məmnunluğu vasitəsilə analiz etmək və çoxmeyarlı qərar qəbuletmə (ÇMQQ) metodları  əsasında qiymətləndirməkdən ibarət olduğunu söylədi.

Tədqiqat işində beynəlxalq təcrübədə e-dövlət quruculuğu və e-xidmətlərin göstərilməsi, e-dövlətdə e-xidmətlərin istifadəsi sahəsində vətəndaş məmnuniyyətinin mövcud vəziyyəti, vətəndaş yönümlü e-xidmətlərin müxtəlif aspektlərdən müqayisəli analizi, e-xidmətlərin qiymətləndirilməsinə təsir edən meyarlar və s. ilə bağlı araşdırmaların aparıldığını qeyd etdi.

Məruzəçi bildirid ki, dissertasiya işində “ən pis hal” yanaşması vasitəsilə vətəndaş rəyi əsasında e-xidmətlərin qiymətləndirilməsi aparılmış, ÇMQQ metodu əsasında e-xidmətlər empirik qiymətləndirilmişdir.

Digər iddiaçı, institutun magistrantı Firəngiz Sadıyeva  249315 – “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə “Kriptovalyuta verilənlərinin intellektual analizi metodları” mövzusunda dissertasiya işi haqqında məlumat verdi. Bildirdi ki, kriptovalyuta verilənlərinin proqnozlaşdırılması üçün tətbiq edilən metodların işlənməsi və onların müqayisəli analizi tədqiqat işinin əsas məqsədidir.

Kriptovalyuta verilənlərinin intellektual analizi üçün kriptovalyutalar və onların komponentlərinin analizi, kriptovalyuta verilənlərini toplamaq və onun ilkin emalı məsələlərinin təhlili, zaman sırası verilənlərinin statistik analizi üçün ümumi metodların müqayisəli analizi və maşın təlimi, o cümlədən dərin təlim metodları haqqında məlumatların əldə edilməsi tədqiqat işində qarşıya qoşulmuş məsələlərdəndir.

Dissertasiya işində alınmış əsas nəticələrdən söz açan məruzəçi kriptovalyuta verilənlərinin proqnozlaşdırılması üçün ARIMA və dərin təlim metodları olan LSTM və GRU modellərinin tətbiqi ilə müxtəlif eksperimentlərin aparıldığını nəzərə çatdırdı.

İnstitutun digər magistrantı Əzizxan Sadıyev 249283 – “Kompüter mühəndisliyi” ixtisaslaşması üzrə “Veb-sayt analitikası alətlərinin analizi və effektivliyinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini təqdim etdi. O, veb-saytların funksionallığının artırılması və keyfiyyətinin yüksəldilməsi üçün veb-analitikanın aparılmasının zəruriliyini önə çəkdi, bu proseslərin həyata keçirilməsi və veb-saytın məqsədlərinə uyğun veb-sayt analitikası alətlərinin seçilməsinin aktual məsələlərdən olduğunu vurğuladı. Əlavə etdi ki, veb-saytların effektivliyinin qiymətləndirilməsi üçün istifadə olunan veb-sayt analitikası alətlərinin müqayisəli analizi tədqiqat işinin əsas məqsədidir.

Ə.Sadıyev bildirdi ki, beynəlxalq təcrübədə veb-sayt analitikasının tətbiqi istiqamətində görülən işlərin araşdırılması, veb-analitika metodlarının müqayisəli analizinin aparılması, veb-sayt analitikası alətlərinin seçilmiş meyarlar üzrə qiymətləndirilməsi qarşıya qoyulmuş əsas məsələlərdir.

Məruzəçi, həmçinin dissertasiya işində veb-sayt analitikasına dair beynəlxalq təcrübənin araşdırıldığını, məlumatların toplanması üçün istifadə edilən metodların analiz edildiyini, veb-sayt analitikası alətlərinin reytinqinin təqdim olunduğunu, bu alətlərin üstünlükləri və çatışmazlıqlarının göstərildiyini qeyd etdi.

Magistrantlar dissertasiya işlərini təqdim etdikdən sonra hər bir dissertasiya mövzusu ilə bağlı müzakirələr aparıldı. Müzakirələrdə akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, institutun elmi katibi Mədinə Səidovaşöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov çıxış edərək rəy və təkliflərini səsləndirdilər.

Təhsil şöbəsinin müdiri Fərhad Yusifov prosedura uyğun hər bir dissertasiya işi üzrə daxil olan rəyləri diqqətə çatdırdı.

Dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlər çıxış edərək hər bir dissertasiya mövzusunun aktuallıq kəsb etdiyini, magistrlik dissertasiyalarına qoyulan tələblərə cavab verdiyini və müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırdılar.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirildi, müəyyən olunmuş meyarlara əsasən müdafiə olunan dissertasiya işləri qiymətləndirildi. Magistrlik dissertasiyalarının Müdafiəsi Şurası qiymətləndirmənin nəticələri əsasında 4 magistrantın hər birinə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi. 

Sonda çıxış edən akademik Rasim Əliquliyev gənclərin elmə olan marağını təqdirəlayiq hal kimi qiymətləndirərək onlara bu fəaliyyəti davam etdirməyi, riyazi bilikləri daha da dərinləşdirməyi və institutun elmi potensialından yararlanmağı tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı