İnstitutda beynəlxalq elmi jurnallarda məqalələrin yazılması qaydalarına dair seminar keçirildi Oktyabr 03, 2019 | 03:58 / Konfranslar, iclaslar

“Clarivate Analytics” agentliyi tərəfindən AMEA İnformasiya Texnologiyaları İnstitutunda bu qurumun əməkdaşları üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Yırtıcı jurnallarla mübarizə” mövzularında seminar keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi, bu kimi seminarların keçirilməsinin institut əməkdaşlarının beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair məlumatlandırılması baxımından əhəmiyyətini vurğuladı.

Sonra agentliyin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina çıxış edərək AMEA ilə “Clarivate Analytics” arasında əməkdaşlıq müqaviləsinə əsasən, AMEA-nın elmi müəssisə və təşkilatlarının agentliyin bibliometrik şəbəkəsi olan “Web of Science” bazasından istifadə imkanı əldə etdiklərini qeyd etdi.

O, öncə beynəlxalq elmi jurnallarda məqalələrin yazılması qaydalarına dair məruzə ilə çıxış edərək məqalənin təqdim olunması prosesi, məqalənin yüklənməsi üçün lazım olan əlavə fayllar, məqalənin yazılma qaydaları və onun rəyə verilmə prosesi, məqalənin strukturu haqqında məlumat verdi, müasir ingilis dilinin qəbul edilmiş qaydaları üzrə ümumi məsləhətləri diqqətə çatdırdı.

Məruzəçi impakt faktorlu jurnallarda məqalələrin nəşri prosesindən danışaraq bildirdi ki, bu proses zamanı öncə uyğun jurnal seçilir, jurnalın tələblərinə müvafiq olaraq məqalə rəsmiləşdirilir, rəyə göndərilir, sonra isə nəşrə qəbul olunur.

İ.Kenjina Web of Science” platformasından istifadə qaydaları və bura daxil olan jurnallarda məqalələrin nəşrinə dair tələblər haqqında məlumat verdi.

Daha sonra məruzəçi yırtıcı” jurnallarla mübarizə üsullarından danışdı, beynəlxalq elmi jurnallarda məqalə çapı ilə bağlı mövcud problemlərdən söz açdı. Qeyd etdi ki, dünyada “yırtıcı” jurnalların sayının artdığı bir zamanda onların müəyyənləşdirilməsi də çətinləşib. O, “Global Impact Factor”, “International Impact Factor”, “General Impact Factor”, “Cosmos Impact Factor”, International Journal Impact Factor” və digər bu kimi “yırtıcı” metrikalara diqqət edilməsinin zəruriliyini vurğuladı.

İ.Kenjina “yırtıcı” jurnallardan qorunma üsullarını nəzərə çatdıraraq bildirdi ki, jurnalın saytında əlaqə məlumatlarının və redaksiya ünvanın mövcud olmaması, onun akademik bazada əks olunmaması, eləcə də redaksiya heyəti barədə məlumatın olmaması bu jurnalın “yırtıcı” olması ehtimalını artırır. Daha sonra məruzəçi müxtəlif “yırtıcı” jurnalların saytlarını nümunələr əsasında təqdim etdi.

Şirkət nümayəndəsi Kolorado Universitetinin mütəxəssisi Cefri Bilin (Jeffrey Beall) təqdim etdiyi “yırtıcı” jurnal və nəşriyyatların “qara siyahı”sını əks etdirən “Bilin siyahısı” (Beall’s list) haqqında məlumatı, eləcə də saxta qiymətləndirmə indekslərini və “yırtıcı” konfransları diqqətə çatdırdı.

O, həmçinin “Web of Science Core Collection”da Azərbaycanın jurnallarının siyahısını təqdim etdi, məqalələrə baxış sayının artırılması yollarından bəhs etdi, eləcə də “Publons” veb-saytında alimlərin qeydiyyatdan keçməsinin zəruriliyindən danışdı. Qeyd etdi ki, “Publons” alimlərin beynəlxalq arenada tanınmasına, onların bütün məqalələrinin bir səhifədə cəmlənməsinə, məqalələrə istinad sayının artmasına və qrantlara müraciət zamanı bir sıra üstünlüklərə imkan verir.

Məruzəçi h-indeksi barədə məlumat verərək bildirdi ki, bu indeks tədqiqatçıların elmi nüfuzunun göstəricisi hesab olunur və müəyyən müəllifin, təşkilatın və ya nəşrin əhatə dairəsinə görə əhəmiyyətli fəaliyyətini göstərir.

İ.Kenjina, həmçinin 2013-2018-ci illərdə normallaşdırılmış orta istinad göstəricilərinin müxtəlif ölkələr üzrə müqayisəli analizini təqdim etdi.

Məruzələr ətrafında gedən müzakirələrdə institutun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, eləcə də institutun elmi katibi Mədinə Səidova və institutun əməkdaşı Firudin Əsgərov iştirak etdilər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı