“Elm günü” çərçivəsində institutda gənclərlə görüş keçirildi Mart 27, 2019 | 03:42 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 27 mart – “Elm günü” çərçivəsində Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin SABAH qruplarında “Kompüter elmləri” ixtisası üzrə təhsil alan və hazırda institutda elmi-tədqiqat təcrübəsi keçən III kurs tələbələri və 225 nömrəli tam orta məktəbin şagirdləri ilə görüş keçirildi.  

Tədbiri giriş nitqi ilə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev açaraq son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində bir sıra dövlət əhəmiyyətli tədbirlərin həyata keçirildiyini dedi. İnstitut direktoru Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm Günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladaraq bu əlamətdar günü müxtəlif qurumların öz fəaliyyət istiqamətinə uyğun olaraq qeyd etdiyini diqqətə çatdırdı. Akademik AMEA-nın elmi müəssisə və təşkilatlarında ali və ümumtəhsil məktəblərinin tələbə və şagirdləri üçün “Açıq qapı” gününün təşkilinin də bu gün münasibətilə keçirilməsi nəzərdə tutulan tədbirlərdən olduğunu diqqətə çatdırdı. Alim institutda tələbə və şagirdlərlə keçirilən görüşün məqsədinin onlarda elmə marağın artırılması, bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olduğunu bildirdi.

R.Əliquliyev AMEA-nın ölkəmizdə ziyalı potensialının artırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə mühüm töhfələr verdiyini qeyd etdi, Azərbaycanın inkişafına dair həyata keçirilən bütün dövlət proqramlarının icrasında akademiyanın mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etdiyini vurğuladı.

Akademik elmə marağı olan gənclərin yetişdirilməsində AMEA-nın geniş imkanlara malik olduğunu  söylədi, rəhbərlik etdiyi institutda gənc tədqiqatçıların hər biri ilə fərdi qaydada iş aparıldığını, onların beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.

Daha sonra institutun gənc alim və mütəxəssisləri arasında 27 mart – “Elm günü” ilə əlaqədar elan edilmiş müsabiqə üzrə mükafatlandırma mərasimi keçirildi.

Elmi fəaliyyətində xüsusi fərqləndiyinə görə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və böyük elmi işçisi Rəhilə Həsənova “İlin gənc alimi”, yüksək akademik göstəricilərinə əsasən fərqləndiyinə görə institutun magistrantları Arzu HəsənliAysən Fərəcova “İlin gənc mütəxəssisi”, nüfuzlu elmi bazalarda dərc olunmuş elmi əsərlərinə görə institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və institutun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “İlin tədqiqatçısı”, xüsusi xidmətlərinə və aktiv fəaliyyətinə görə institutun elmi işçisi Günay İskəndərli “İlin nailiyyəti”, respublika səviyyəli elmi toplantıda məruzəyə görə institutun laborantı Adilə İmamverdiyeva və institutun elmi işçisi Səadət Abdullayeva “İlin gənci” nominasiyalarının qalibi oldular. Həmçinin institutun laborantı Aydın Qurbanlı beynəlxalq səviyyəli toplantıda layihə təqdimatına görə “İlin gənci”, beynəlxalq səviyyəli toplantıda iştirakına görə institutun böyük elmi işçisi Məmməd Həşimov “Ən yaxşı məruzə”, institutun 4 saylı şöbəsinin baş mütəxəssisi Tural Mustafayev praktiki fəaliyyətinə görə “İlin gənc mühəndisi”, institutun böyük laborantı Nərgiz Abdullayeva isə idman yarışında qazandığı nailiyyətinə görə “İlin idman uğuru” nominasiyaları üzrə mükafatlandırıldılar.

Sonra institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova “Süni intellekt və perspektivləri” mövzusunda təqdimatla çıxış etdi. Süni intellektin insana xas olan yaradıcılıq fəaliyyətini yerinə yetirən intellektual sistemlərin modelləşdirilməsi və yeni metodların işlənilməsinə yönəlmiş fundamental elmi istiqamət olduğunu bildirən məruzəçi onun yaranma tarixindən danışdı. Süni intellektin inkişafında keyfiyyətcə yeni dövrün keçən əsrin 60-70-ci illərindən başladığını qeyd edən məruzəçi süni intellekt texnologiyasının ilk istiqamətlərinin intellektual oyunlar və tərcümə sistemləri olduğunu diqqətə çatdırdı.

Z.Cəbrayılova təbii və süni intellekti fərqləndirən cəhətlərdən bəhs etdi. Subyektin (insanın) ağlı və psixikası ilə yerinə yetirilən davranış hərəkətləri kompleksi olan təbii intellektdən fərqli olaraq süni intellektin süni ağıl və psixika texnologiyasına əsaslandığını vurğuladı.

“Süni intellektin inkişafı robot texnikası və intellektual informasiya sistemlərinin inkişafı ilə müəyyən olunur”, – deyən məruzəçi intellektual robotlar, intellektual informasiya sistemləri və ya biliklərə əsaslanan sistemlər, bu sistemlərin növlərindən olan oyunlar və maşın yaradıcılığı, təbii dil interfeysləri və maşın tərcüməsi, ekspert sistemlər, nitqin generasiyası və tanınması, öyrədici sistemlər, obrazların tanınması haqqında ətraflı məlumat verdi.

Z.Cəbrayılova süni intelllektin perspektivlərindən danışaraq robot texnikasının inkişafı, onun cəmiyyətə gətirdiyi yeniliklər və üstünlüklərlə bağlı gözlənilən nəticələrdən söz açdı. Əşyaların İnterneti və Big Data texnologiyalarının imkanlarından bəhs edərək onların süni intellekt texnologiyaları ilə inteqrasiyası nəticəsində gələcəkdə super intellektual sistemlərin meydana çıxacağını bildirdi, bu kimi sistemlərin imkanlarını diqqətə çatdırdı.

İnstitutun 16 saylı şöbəsinin baş mütəxəssisi Əfruz Qurbanova Azərbaycan Alimləri Diasporu informasiya sistemi ilə bağlı çıxış edərək bu sistemin institutun mütəxəssisləri tərəfindən hazırlandığını diqqətə çatdırdı. Bildirdi ki, veb-saytın yaradılmasında əsas məqsəd xarici ölkələrdə yaşayan Azərbaycan alimləri haqqında vahid informasiya mənbəyinin yaradılması, onların əldə etdiyi elmi nailiyyətlərin ölkə və dünya ictimaiyyətində tanıdılması, həmçinin birgə əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 500 azərbaycanlı alim haqqında məlumatların yer aldığı sistemdə xaricdə fəaliyyət göstərən alimlərin elm sahələri üzrə paylanmasına və cinsi mənsubiyyətinə dair statistik göstəricilər də təqdim olunmuşdur.

Məruzəçi veb-saytın Azərbaycan elminə böyük töhfə olduğunu bildirərək saytın mütəmadi olaraq təkmilləşdirilməsi, müvafiq dəyişikliklərin həyata keçirilməsi və buraya xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında yeni məlumatların əlavə edilməsi istiqamətində işlərin görüldüyünü də nəzərə çatdırdı.

O, həmçinin informasiya sistemində həyat və fəaliyyətləri haqqında məlumatların əks olunduğu alimlər, o cümlədən Lütfi Zadə, Əli Cavan, Lev Davidoviç Landau, Kərim Kərimov, Adil Bağırov, Pərvanə Hacıyevanın elmi yaradıcılığı barədə geniş məlumat verdi.

Məruzələr ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

Tədbirdə, həmçinin süni intellekt sahəsində əldə olunmuş ən son yeniliklərə dair videoçarx nümayiş olundu.

Daha sonra şagirdlər institutun AzScienceNet elm kompüter şəbəkəsi, şəbəkənin Data Mərkəzi, Tədris-İnnovasiya Mərkəzi, Distant Tədris Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə yaxından tanış oldular, onlara bu bölmələrin imkanları, görülən işlər haqqında məlumat verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı