“Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya müdafiə olundu Dekabr 14, 2018 | 09:15 / Konfranslar, iclaslar

Dekabrın 13-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.

Öncə İnstitutun Dissertasiya şurasının üzvü, texnika elmləri doktoru, professor Vidadi Musayevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Alim iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Rəhilə Həsənovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Sonra Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Rəhilə Həsənova dissertasiyanı təqdim edərək işin aktuallığı, elmi yeniliyi, məqsədi, müdafiəyə çıxarılan əsas müddəaları, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı. Tədqiqat işinin giriş, 4 fəsil, nəticə, 167 adda ədəbiyyat siyahısı və əlavədən ibarət olduğunu bildirdi.

R.Həsənova bildirdi ki, son illər elmi əsərlərin, jurnalların sayca artması onların keyfiyyət baxımından qiymətləndirilməsi üçün yeni mexanizmin işlənməsi ehtiyacını yaradır. Bu qiymətləndirmənin elmşünaslığın bir sahəsi hesab olunan elmmetriyada öz əksini tapdığını qeyd edən məruzəçi, elmmetriyanın elmi informasiyanın ölçülməsi və analizi ilə məşğul olan elm sahəsi olduğunu vurğuladı.

Onun sözlərinə görə, işin məqsədi tədqiqatçının elmi fəaliyyətinin və elmi əsərlərin qiymətləndirilməsi üçün mövcud sistemlərin analizi, yeni metod və alqoritmlərin işlənilməsidir.

Məruzəçi dissertasiya işində elmmetriya, o cümlədən bibliometriya və vebometriyanın  müasir vəziyyətinin öyrənildiyini və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslərin analiz edildiyini, tədqiqatçının elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni indekslərin işlənildiyini, dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlərin təklif edildiyini qeyd etdi.

R.Həsənova dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni çəkili konsensus indeksin, elmi jurnalların qiymətləndirilməsi üçün ArticleRank alqoritmin, eləcə də elmi məqalələrin qiymətləndirilməsi üçün yeni hibrid alqoritmin işlənildiyini söylədi.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Dissertasiya işinə dair çıxış edən elmi rəhbər AMEA-nın müxbir üzvü, texnika elmlər doktoru Ramiz Alıquliyev mövzunun aktual məsələlərə həsr olunduğunu bildirdi. Elmi rəhbər tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi ilə əlaqədar tədqiqatın elm sahəsi üçün yenilik olduğunu, təklif olunan yanaşmaların praktiki əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Müasir dövrdə tədqiqatçıların və elmi əsərlərin qiymətləndirilməsi zamanı təklif olunan indekslərdən, metod və alqoritmlərdən istifadənin zəruriliyini vurğuladı.

R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər­ ­– texnika üzrə elmlər doktoru, professor Nadir Ağayev, texnika üzrə fəlsəfə doktoru, dosent Nazlı Həsənova çıxış edərək dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər. Alimlər tədqiqatın Ali Attestasiya Komissiyası tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, təklif və iradlarını səsləndirdilər.

Müzakirələrdə akademik Rasim Əliquliyev, Dissertasiya Şurasının sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını bildirdilər, sual və təkliflərini diqqətə çatdırdılar.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və R.Həsənovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı