“İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusu üzrə alınmış elmi-nəzəri nəticələr müzakirə olundu Dekabr 04, 2018 | 11:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirildi. AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyevin sədrliyi ilə keçirilən seminarda institutun dissertantı, şöbə müdiri Rasim Mahmudov “İnternet iqtisadiyyatının tənzimlənməsi və inkişaf mexanizmlərinin işlənməsi” mövzusunda apardığı tədqiqatların elmi-nəzəri nəticələri haqqında danışdı.

R.Mahmudov elmi-nəzəri nəticələri təqdim edərək işin məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, mövzu üzrə 16-ı məqalə, 12-i tezis olmaqla 28 elmi iş çap edilmişdir.  

R.Mahmudov qeyd etdi ki, mövzunun məqsədi İnternet iqtisadiyyatının tənzimlənməsi, təhlükəsizliyinin təmin edilməsi və inkişaf etdirilməsi problemlərinin müəyyən edilməsi və onların həlli üçün təkliflərin işlənməsidir.

Məruzəçi tədqiqatda İnternetin mahiyyəti, xüsusiyyətləri, funksiyaları, imkanları, cəmiyyətin müxtəlif sahələrinə təsiri, perspektivləri və təhlükələrinin analizi, İnternetin təsiri ilə mövcud iqtisadi sistemdə baş verən transformasiya proseslərinin araşdırılması, İnternet iqtisadiyyatının xüsusiyyətlərinın araşdırılması, bu sahədəki elmi-nəzəri baxışların analizi və klassifikasiyası, İnternetin tənzimlənməsinin elmi-metodoloji problemlərinin araşdırılması, İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi ilə bağlı mövcud problemlərin, eləcə də intellektual mülkiyyət hüquqlarının qorunması problemlərinin müəyyən edilməsi, İnternetin perspektiv texnologiyalarının inkişaf problemlərinin müəyyən edilməsi və onların həlli mexanizmlərinin işlənməsi ilə bağlı görülmüş işləri diqqətə çatdırdı.

R.Mahmudov əldə olunmuş nəticələri təqdim etdi. Qeyd etdi ki, işdə İnternet iqtisadiyyatının əsas qanunauyğunluqları, üstünlükləri və problemləri müəyyən edilmiş, İnternet-yurisdiksiya, İnternet mühitində iqtisadi münasibətlərin tənzimlənməsi, intellektual mülkiyyət hüquqlarının qorunması, İnternetin perspektiv texnologiyaları ilə bağlı inkişaf problemləri müəyyən edilmiş, onların həlli mexanizmləri işlənmişdir.

Sonra R.Mahmudov tədqiqatla bağlı çoxsaylı sualları cavablandırdı. 

Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev tədqiqatla, alınan elmi-nəzəri nəticələrlə bağlı rəy və təkliflərini səsləndirdilər, mövzu üzrə dissertasiya işinin tərtib olunmasını dəstəklədilər.

Akademik Rasim Əliquliyev çıxış edərək mövzunun aktuallığını önə çəkdi. Qeyd etdi ki, İnternetin təsiri ilə ənənəvi iqtisadi sistemin köklü dəyişikliklərə məruz qalması, İnternet mühitində yeni iqtisadi münasibətlərin formalaşması, iqtisadi təhlükəsizliyin təmin olunmaması, intellektual mülkiyyət hüquqlarının qorunmaması, Əşyaların İnterneti, Big Data, bulud texnologiyaları və s. ilə bağlı iqtisadi münasibətlərin tənzimlənməsi zərurəti mövzunun aktuallığını xarakterizə edən əsas məsələlərdəndir. Alim alınan elmi-nəzəri nəticələrin sistemləşdirilərək müvafiq mövzuda dissertasiya işinin hazırlanmasını dəstəklədiyini bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı